Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Şuşanın işğalının ildönümü ərəfəsində düşmənə lokal zərbə fürsəti – ekspert təklif edir ki…

Şuşanın işğalının ildönümü ərəfəsində düşmənə lokal zərbə fürsəti – ekspert təklif edir ki…

Ekspert: “Azərbaycan maraqlıdır ki, Ermənistanda etiraz dalğası öz məntiqi nəticəsinə çatsın və Qarabağ klanı tamamilə hakimiyyətdən uzaqlaşdırılsın…”

Sabah Azərbaycanın qədim ərazisi olan Şuşanın Ermənistan tərəfindən işğal olunmasından 26 il keçir. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar.

Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 68 nəfər əsir götürülüb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim artıq uzun müddətdir Şuşada qanunsuz məskunlaşdırma həyata keçirir. Hər il mayın 8-də Şuşanın işğalı gününü bayram kimi təntənəli qeyd edirlər. Builki ildönümü isə ermənilər üçün gərginliklərin yaşandığı günlərə təsadüf edir. Mayın 8-də Ermənistan parlamentində müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsi məsələsi səsverməyə çıxarılacaq. Ermənistanda hakimiyyətdən uzaqlaşdırılmaq üzrə olan Qarabağ klanı özünü qorumaq üçün ən müxtəlif variantlara əl atır. Bəs, Qarabağ klanının, hərbi xuntanın seçkiləri pozmaq, proseslərə təsir etmək üçün Qarabağda hərbi təxribatlara əl atması mümkündürmü? Azərbaycan Ermənistandakı vəziyyətdən istifadə edib məhz Şuşanın işğalı günündə lokal hərbi əməliyyatlara başlamalıdırmı?

Politoloq Natiq Miri bildirdi ki, 8 may Ermənistan üçün, təbii ki, həssas bir gündür: “O mənada ki, Ermənistanda uzun müddətdir mövcud olan Qarabağ klanının hakimiyyətinə son veriləcək. Bu da Ermənistanda yeni bir siyasi dönəmin başlanmasıdır. Ancaq təbii ki, bunu istəməyən qüvvələr var və bu qüvvələr hakimiyyətdən düşürülən Serj Sərkisyan rejiminin nümayəndələri, eyni zamanda, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdakı generalitet, bu generalitetin işlədiyi Rusiyanın xüsusi xidmət orqanları cəbhədə ciddi gərginlik yaratmağa cəhd edə bilərlər. Çünki onların bu cür təxribatları nəticəsində əslində Ermənistanı hansı təhlükənin gözləməsi ilə xalqın gözünü qorxutmaq, xof yaratmaq və yenidən Qarabağda müharibə ideyasını ortaya atmaqla ölkənin daxilindəki xalq etirazlarını dayandırmaq məqsədi güdə bilərlər. Lakin bu, yalnız ehtimaldır. Ona görə ki, bu gün Ermənistanda hətta Respublika Partiyasının daxilində ölkədə vəziyyətin tamamilə nəzarətdən çıxmasını istəməyən ağlı başında olan siyasətçilər də mövcuddur. O baxımdan düşünürəm ki, cəbhə xəttində ermənilərin hücuma keçə biləcəyi nəzəri baxımdan ehtimal olsa da, buna real olaraq gediləcəyi ehtimalı çox azdır. Mayın 8-də baş nazir seçkisi Ermənistan parlamentində baş tutacaq və çox böyük ehtimalla Respublika Partiyasından olan biznesmen deputatlar da Nikol Paşinyanın seçilməsinə səs verəcəklər. Paşinyanın baş nazir seçilməsinin qarşısını, məncə, cəbhədə gərginlik yaratmaqla da ala bilməyəcəklərini Qarabağ klanı özü üçün qətiləşdirib”.

Natiq Miri ile ilgili görsel sonucu

O ki qaldı Azərbaycanın Ermənistandakı gərginlikdən istifadə edərək sürətli, lakin lokal hərbi əməliyyatlara başlaması məsələsinə, N.Miri hesab edir ki, Azərbaycanın belə bir addım atması gözlənilmir: “Azərbaycan rəhbərliyi çox gözəl anlayır ki, bu gün dünyanın diqqət mərkəzində olan regionlardan biri də məhz Ermənistandır, ayrıca 8 may Ermənistanda çox həlledici günüdür – Ermənistanda yeni siyasi dönəmin başlanğıcı gündür və belə bir gündə hərbi əməliyyatlara başlasa, həm Rusiya, həm də Qərb tərəfindən çox ciddi təpkilərlə qarşılana bilər. İkincisi, bu gün Azərbaycan maraqlıdır ki, Ermənistanda etiraz dalğası öz məntiqi nəticəsinə çatsın, Serj Sərkisyan rejimi, Qarabağ klanı devrilsin və tamamilə hakimiyyətdən uzaqlaşdırılsın. Məhz bütün bunları nəzərə alaraq, diqqət etdinizsə, Azərbaycan cəbhə xəttində müəyyən hərbi texnika və canlı qüvvə baxımından cəmləşsə də, hər hansı hərbi hərəkətlənməyə yol vermədi. Əslində Azərbaycan bu cür davranmaqla Sərkisyan rejiminin əlinə bəhanə vermədi. Azərbaycan doğru davranış nümayiş etdirdi. Bu cür ağıllı davranış mayın 8-də də davam etdirilməlidir. Azərbaycan Ermənistandakı prosesin öz məntiqi nəticəsinə çatması üçün şərait yaratmalıdır”.

Politoloqun sözlərinə görə, “Nikol Paşinyan Ermənistanın Saakaşvilisi olacaq” kimi şərhlər, iddialar fərziyyədən ibarətdir: “Nikol Paşinyan o qədər sistemli islhatalar apara biləcək bir fiqur deyil. Onun bu gün Qərb tərəfindən ciddi dəstəyi yoxdur. Bu gün ABŞ-da Paşinyana ciddi siyasi fiqur kimi yanaşılmır. Düşünürlər ki, Paşinyanla uzaq perspektivə yönəlik əməkdaşlıq eləmək mümkün deyil. Odur ki, Nikol Paşinyanı Mixail Saakaşvili ilə eyniləşdirmək üçün ciddi əsaslar yoxdur. Qısa müddət ərzində Paşinyan Ermənistanda Saakaşvilinin Gürcüstanda edə bildiklərini edə bilməyəcək və qısa müddətdə erməni ictimaiyyəti arasında nüfuzunu itirəcək. Azərbaycan çox gözəl bilir ki, əgər Nikol Paşinyan həqiqətən də xalqın çiynində hakimiyyətə gəlirsə və Ermənistanın iqtisadiyyatının önünü açmaq istəyirsə, bu yol yalnız regionda mühüm dövlətlər olan Azərbaycan və Türkiyə ilə münasibətlərin düzəlməsindən keçir. Bu olmadan Ermənistanın iqtisadiyyatının inkişafı mümkün deyil. Artıq sübut edilib ki, Rusiya və İranla əlaqələr Ermənistanın iqtisadiyyatını heç də inkişaf etdirə bilməyib. Ermənistan bütün enerji və qlobal layihələrdən məhrum vəziyyətə düşmüş dövlətdir. Bu vəziyyətdən o yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla çıxa bilər. Azərbaycan və Türkiyə ilə anlaşma isə Dağlıq Qarabağ probleminin həllindən keçir. Nikol Paşinyan bu reallığı qəbul edib buna uyğun konstruktiv addımlar atmayacağı halda onun da Ermənistandakı vəziyyəti düzəltməsi mümkün olmayacaq”.

Etibar SEYİDAĞA,

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …