Ana səhifə / Cəbhə Xəbərləri / Seymur Baycan kimin əmisi oğludur?

Seymur Baycan kimin əmisi oğludur?

Müxalifətdə olan dindarı da, sekluyarı da, liberalı da, demokratı da bəyənmirsən, həbs olunanlara görə narahat olmursansa, bu insanlardan istədiyin nədir ?

 
 
 
 
 
Hesab edirəm ki, insanları söylədiyi fikirlərə görə qınamaqdan və ya ittiham etməkdənsə, öz arqumentlərinlə onlara cavab vermək daha səmərəlidir. Mən də buna cəhd edəcəm. Ola bilsin, yazım uzun alınacaq, amma ümid edirəm ki, heç olmasa siyasi prosesləri izləyənlər onu sona qədər oxumağa maraq göstərəcəklər. 
***
 Heç kimin heç kim qarşısında ədalətli, dürüst olmaq öhdəliyi olmadığı kimi, ədəbiyyatçının da siyasətə adekvat münasibət bildirmək kimi öhdəliyi yoxdur. Ədəbiyyat siyasətə münasibətdə hər zaman həqiqəti əks etdirməlidir, deyə, bir qanun da yoxdur. Amma bəzi söz adamlarının, o cümlədən Seymur Baycanın siyasi mübarizə haqqında, siyasilər haqqında yeri gəldi-gəlmədi, təkrar-təkrar tənqidi münasibət bildirməsi bu məsələyə toxunmağı zəruri etdi. Ən azı insanların eşitdikləri ilə gerçəkləri müqayisə etmək baxımından.
Seymur bəyin ittihamlarını oxuyanda mənə elə gəlir ki, yazarımız ya siyasətlə ədəbiyyat arasındakı fərqi bilmir, ya da ədəbiyyatla siyasəti uzlaşdırmaq istəyir. Düşünürəm ki, məhz siyasətə bədii yanaşdığına görə o, yanlış qənaətlər izhar edir. Ədəbiyyatda  hadisələri yaratmaq və idarə etmək asandır. Sən bir əsər yazıb həmin əsərdə hakimiyyət dəyişikliyi də edə bilərsən, ardınca tez bir zamanda azad cəmiyyət də qura bilərsən; Qarabağ problemini həll edib, Qafqazda sülhə nail olub  “Qafqaz Evi” ideyasını da gerçəkləşdirərsən; nüvə silahına sahib ölkələrin bu silahdan imtinasına nail ola bilərsən, dəvənin belini düzəldə bilərsən və s. Təəssüf ki, siyasətdə dağıtmaq və yaratmaq bu qədər asan deyil. Ümumiyyətlə asan deyil.
Uzun illər mübarizə aparan, bütün təhlükələrə və çətinliklərə rəğmən bu mübarizəni davam etdirən, müxtəlif səbəblərdən dolayı qalib gələ bilməyən siyasətçiləri “silib atmaq” lazımdır, deyir, Seymur Baycan. Bu fikrin qarşılığı budur –  Nobel mükafatı bir yana, hər hansı bir ədəbiyyat mükafatı almayan, kitabları xarici dillərə tərcümə olunmayan yazarların kitablarını yandırmaq, yeni yazdıqlarını isə çap eləməmək lazımdır. Normal qarşılayarsızmı bunu, bu normal təfəkkürün məhsuludurmu?
 
 “Azərbaycan müxalifəti niyə 22 ildir hakimiyyətə gələ bilmir” ,-  deyən, sualını verən yazardan bir başqası da bunu soruşar – niyə sən Yazıçılar Birliyinin sədri olmağa çalışmırsan, niyə neçə ildi ancaq Anarın qarasına danışmaqla kifayətlənirsən, nədən doğma-əziz Azərbaycan ədəbiyyatının inkişafına əngəl olaraq gördüyün bir adamın AYB-dəki hakimiyyətinə son vermək üçün qollarını çırmayıb fəaliyyətə başlamırsan? Yoxsa ötüb-yetib ona görə siyasətçiləri topa tutub hay-küy salırsan ki, ölkədəki vəziyyətin dəyişməməsinə görə bütün vətəndaşlar kimi sənin də məsuliyyət daşıdığın yada düşməsin?
Əsassız və qeyri-ciddi arqumentlərlə tənqid etdiyin, Azərbaycan siyasətinin ən demokratik siması, yüksək intellektli, müasir düşüncəli və son dərəcə dürüst bir insan olan  İsa Qəmbər Azərbaycan reallığında nə etmək mümkündürsə, onu da edir, prinsipial mübarizəsindən geri durmur; iştirak etdiyi bütün seçkilərdə qalib gəlib. Arif Hacılı isə demokratiya uğrunda mübarizəsinə görə dünyada ən böyük mükafatlardan olan “vicdan məhbusu” statusuna 2 dəfə layiq görülən yeganə Azərbaycan siyasətçisidir. Dünyanın bütün ölkələrində belə insanları qəhrəman elan edirlər. Belə siyasətçilərin arxasınca gedən xalqlar uğur qazanırlar. Normal ölkələrdə antidemokratik hakimiyyətlə mübarizəsinə görə məhrumiyyətlər, həbslər yaşamış, azadlığını, sağlamlığını itirmiş şəxslərə şər atıb, onları ləkələməyə çalışmırlar. Bizdə isə tam tərsinədir.
 Əgər “balans saxlamaq üçün mütləq hamının adını çəkməliyəm”, –  deyirsənsə, bu, qorxaqlıqdır. Yox, bilərəkdən hər kəsi qaralamaq xətti yürüdürsənsə, bu ədalətsizlikdir. Cavabları hər kəsə bəlli olan sualları illərdir təkrarlamaqdansa, ədalətsizliyi və zorakılığı ərşə dirənmiş hakimiyyətin əməllərindən yaz, bunu eləməyə cəsarətin çatmırsa, kitablarının xarici dillərə tərcüməsiylə məşğul ol, beynəlxalq miqyasda uğur qazanmağa, necə deyərlər, sərhəddən o yanda tanınmağa çalış. Bu həm sənin üçün, həm də Azərbaycan üçün daha faydalı olar.
Özün müxalifət haqqında AzTV ritorikalı ittihamlar səsləndirirsən, amma AzTV düşüncəli olmaqda Tofiq Yaqublunu  ittiham edirsən. Bir insafın olsun. Necə olur  AzTV-nin dediklərinin hər biri yalan, yalnız müxalifət hissəsi doğru olur?
Doğrudur, siyasətçiləri, siyasi partiyaları hər kəs tənqid edə bilər, amma bir yazarın tənqidi ucqar dağ kəndindəki  Məmmədhəsən əminin yanaşmasından fərqlənmirsə düşünmək lazımdır.
Siyasətçi üçün klassikləri oxumaq nə qədər vacibdirsə, siyasi proseslərə qiymət verməyə qalxan yazarın da siyasət, geopolitika, fundamental insan haqları, avtoritar hakimiyyətin tipləri və təbiəti, siyasi partiyalar nəzəriyyəsi, xalqların psixologiyası, dünya güclərinin maraqları və müasir dünyada enerji təhlükəsizliyi haqqında bilgiləri olmalıdır. Çünki əsl tənqidçi peşəkar və məlumatlı olmalıdır. Yazar olmaq “hərşeyşünas” olmaq demək deyil ki. Yeri gəlmişkən, bir dəfə sosial şəbəkədə biri götürüb yazanda ki, filan kitabı oxumayanı mən insan saymıram, gənc dostumuz Hikmət bəy (Hiki “Dədə”) ona belə cavab vermişdi – mən də “Kosinuslar” teoremini bilməyəni insan saymıram…
Necə olur ki, başqalarını 88-ci ildə ilişib qalmaqda ittiham edəsən, özünsə 10 il boyu eyni ittihamları səsləndirməkdən çəkinməyəsən? Necə olur ki, topu topxanası olmayan Anara qalib gəlməyin mümkünsüzlüyü ilə razılaşasan, amma polisi, ordusu, təsəvvür edilməyəcək qədər çox pulu və digər resursları olan hakimiyyəti məğlub edə bilmədiyinə görə müxalifətçiləri qınayasan? Əjdahanın ağzına düşməmək üçün siyasi məhbus haqqında fikir bildirməkdən çəkinəsən, amma, mübarizəsinə görə həbs olunanları qorxaqlıqda günahlandırasan, onların siyasi səhnədən çəkilməli olduğunu söyləyəsən?
Bu da növbəti “lirik” iradın – “Bir zamanlar ölkənin ziyalı partiyası adlandırılan, tərkibində on minlərlə həkimin, müəllimin olduğu Müsavat Partiyasının gününə, dirliyinə baxın”. Bu məsələdə də səmimi olmadığına əminəm. Seçkiləri saxtalaşdıran, saxta resept yazan, rüşvət alan həkim və müəllimləri ağ yuyub qara sərən sən deyilsənmi? İndi nə oldu ki, onların Müsavat Partiyasında olmamasını böyük faciə kimi qələmə verirsən? Halbuki buna görə narahat olmağa dəyməz, ölkədə dəyişiklik ehtimalı yarananda, onların hamısı Müsavata dəstək verəcək, biz artıq bunun şahidi olmuşuq.
Vicdanlı həkim və müəllimlərə gəlincə, siyasi təşkilatlar üzrə proporsiyaya görə onların çoxunun məhz Müsavat Partiyasının üzvü, ya da təəssübkeşi olduğunu çox insan bilir. Ümumilikdə isə cəmiyyətin kimin tərəfində olduğunu yalnız azad, demokratik seçki göstərə bilər. Bu olmadığı müddətcə hansı partiyanı nə qədər adamın dəstəklədiyi haqda fikir bildirmək mümkün deyil.
Nəzərə almaq lazımdır ki, zor hakimiyyətinin səyləri nəticəsində istənilən cəmiyyətdə ziyalı insanların sayı azalır, onlar ya sındırılır, ya öz qınlarına çəkilirlər. Bərbad təhsil “sayəsində” onların yerinə yeniləri yetişmir və ya az yetişir. Bəli, bu gün Azərbaycanda ziyalı, savadlı insanlar aktiv ictimai-siyasi fəaliyyətə meyl göstərmirlər və bu hal Müsavat Partiyasında da hiss olunmaya bilməz. Hesab edirsənsə ki, illər öncə partiyadan getmiş Nizami Cəfərov, Rasim Musabəyov, Musa Qasımlı və o qəbildən olanlara görə Müsavat ziyalılar partiyası hesab olunurdu, yenə düz demirsən. Bu gün də Müsavat Partiyası həqiqi ziyalılarla, alimlərlə, professorlarla, elmlər namizədləri ilə ölkədə olan ən böyük siyasi təşkilatdır. Yox, hakimiyyətin qrantlarına, verdiyi imtiyazlara, digər şirnikləşdirici vədlərə görə Müsavatdan uzaqlaşanları partiya üçün ziyalı itkisi hesab edirsənsə, o zaman hakimiyyətə yarınan yazarları bəyənməməyinin adı nədir? Onlar da dünya malına, vəzifəyə, şöhrətə görə bu hakimiyyəti tərifləyir, sənin “ziyalı” dediklərin də vəzifəyə, mandata, şöhrətə, şəxsi rifaha görə Müsavatdan gedir və ya çıxarılırsa, aradakı fərq nədir?
Səmimi olan, həqiqəti deyən tənqidçi, şəxsi rifahına və ya qorxduğu üçün mübarizədən uzaqlaşanları və ya əks düşərgəyə keçənləri qınamalı, mübarizəsini vicdanla davam etdirənləri isə təqdir etməlidir, onları cəmiyyətə nümunə kimi göstərməlidir. Müsavatçı ola-ola rüşvət almağın, xəstəyə lüzumsuz reseptlər yazmağın mümkün olmadığını başa düşüb utana-utana partiyanı tərk edənlərə görə partiyada qalıb demokratiya uğrunda vuruşanları qınamaq nə qədər ədalətlidir?
Partiya şəxsiyyət ətrafında formalaşıb, ideologiyası yoxdur deyəndə də haqsız danışırsan. Müsavatın son qurultayından sonra baş verənlərə görə gerçəkdən üzülən biri mütləq görməliydi ki, bu dönəmdə partiyadan gedənlər təşkilatda ya şəxsiyyətə görə, ya da şəxsi maraq naminə gəliblərmiş. Partiyaya ideoloji olaraq bağlı olanları belələrinə görə qınamağın, aşağılamağın da anlamı yoxdur.
Müxalifətdə olan dindarı da, sekluyarı da, liberalı da, demokratı da bəyənmirsən, həbs olunanlara görə narahat olmursansa, bu insanlardan istədiyin nədi?
Günahsız həbs olunmuş vicdanlı insanlar haqqında fikir bildirmə, bunlar haqqında vətəndaş mövqeyi sərgiləmə, “əjdahanın ağzına düşmək” istəmə, “qorxuludur” deyib qorxu xofu yarat, sonra da həmin həbs olunanların, həbs olunmaq təhlükəsi olanların və onları müdafiə edənlərin əleyhinə təbliğat apar.
Daha Anardan nə fərqin oldu –  o, repressiv hakimiyyəti dəstəkləyirsə, sən də repressiv hakimiyyəti tənqid eləməyi qorxulu hesab edirsən, repressiyaya məruz qalanları müdafiə eləmək əvəzinə onlara qarşı təbliğat aparırsan. Zoru dəstəkləməklə zora qarşı mübarizə aparan vicdanlı insanları söymək arasında fərq nə qədərdir? Fərq demişkən mənim üçün “Tofiq Yaqublu kimiləri həbsdə olsa, nə olacaq, azadlıqda olsa nə?” deyən biri ilə saxta istintaq işi açan müstəntiqin, saxta hökm oxuyan hakimin elə bir fərqi yoxdur. Hər ikisi şərə xidmət etmək deyilmi?
Təbii ki, biz Müsavat Partiyası haqqında obyektiv tənqidlərə çox normal yanaşırıq. Amma bir ədəbiyyat adamının cəmiyyətə olan bütün qəzəbini, taleyindən olan bütün narazılıqlarını və bu ikisinin cəmindən yaranmış bütün aqressiyasını bir partiyaya yönəltməsi tənqid çərçivəsini aşan həyat hadisəsidir.
Dünyada əsrlərlə, onilliklərlə azadlıq və demokratiya uğurunda mübarizə aparan insanlar olub. Mənsub olduqları xalqlar da, dünyaca məşhur yazarlar da onları qəhrəman hesab ediblər. Niyə bizim ölkəmizdə  həmin insanların əksinə təbliğat aparılır? Niyə onların arasında sən də varsan, Seymur Baycan? Bəlkə nəhayət dəqiqləşdirəsən – “sən kimin əmisi oğlusan?” 
P.S. Azərbaycanda beynəlxalq ədəbiyyat mükafatı alan neçə yazıçı var, biləniniz varmı?

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın