Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Prezident 2016-cı ilin aprel və 2018-ci ilin may hadisələrinin ardınca yeni uğurlu hərbi əməliyyatın nəticələrini açdı…

Prezident 2016-cı ilin aprel və 2018-ci ilin may hadisələrinin ardınca yeni uğurlu hərbi əməliyyatın nəticələrini açdı…

Prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Azərbaycan Ordusunun yeni zəfərə imza atdığını bəyan edib: “Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olub və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər”.

Qeyd edək ki, son iki il ərzində Azərbaycan Ordusunun belə uğurlu əməliyyatları davamlı olub.

2016-cı ilin aprel döyüşləri və bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazinin nəzarətimizə keçməsini xüsusilə qeyd edə bilərik. Ölkə başçısının ətraflı şərh vermədiyi, lakin bu günlərdə düşmənin yerində oturdulduğuna dair şərhini 3-cü böyük qələbə əməliyyatı kimi şərtləndirmək olarmı?
Hərbi ekspert, polkovnik-leytenant İbrahim Rüstəmli qəzetimizə bildirdi ki, ümumiyyətlə, son vaxtlar Ermənistanın baş naziri tərəfindən səsləndirilən sərsəm bəyanatların ümumi fonunda Azərbaycanın çevik və məzmunlu hərəkət qrafiki, planlaşdırdığı və həyata keçirdiyi tədbirlər planı daha real təsir bağışlayır: “Hadisələrin dinamikası nəinki Cənubi Qafqazda, o cümlədən beynəlxalq arenada ciddi rezonans doğurur. Bildiyiniz kimi, ötən günlərdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sahədə yeni saziş müzakirə edilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin son iclasında isə Azərbaycan, Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumunun təsdiq edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Bütün bunlar ilk növbədə Azərbaycanın hücum mövqeyində dayanmasını, təşəbbüsü öz əlində saxlamasını şərtləndirirsə, digər tərəfdən də Ermənistanın küncə sıxışdırılması anlamına gəlir. Yəni Ermənistan bütün hallarda bu və digər şəkildə ancaq və ancaq müdafiə olunan tərəf kimi yadda qalır.

2016-cı ilin aprel düyüşləri və bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində düşmən tərəfindən zəbt olunmuş böyük ərazilərimizin yenidən nəzarətimizə keçməsi gələcəkdə qazanılacaq uğurların hələ ilk simptomlarıdır. Böyük qələbəyə aparan yolun başlanğıcıdır. Bu mənada ölkə başçısının ətraflı şərh vermədiyi, lakin bu günlərdə düşmənin yerində oturdulduğuna dair şərhini, əlbəttə, növbəti qələbə kimi dəyərləndirmək mümkündür. Düşmənin davamlı təxribatlarına ləyaqətlə cavab verən Azərbaycan Ordusu lokal döyüşlərdə qazandığı uğurlarla son və qəti döyüşün nəticələri haqqında dolğun təəssürat yaradır. Bunu düşməmim özü, xüsusilə baş nazir Paşinyan da yaxşı anlayır. Ona görə də indi daha çox peşəkar siyasətçiyə yaraşmayan, emosional, isterik reaksiyaları ilə gündəmə gəlir. Sanki Azərbaycan dövlətinin Qarabağ məsələsilə bağlı sərgilədiyi sərt və prinsipial mövqe ona manipulyasiya üçün heç bir şans vermir. Elə Azərbaycanın özünün də bundan başqa yolu yoxdur. İşğal olunmuş torpaqlarımızın düşməndən təmizlənməsi yürüdülən dövlət siyasətilə ordumuzun monolit birliyindən – gücünün vəhdətindən keçir. Biz bu gücə inanırıq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …