Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ölkəni fındıqburun qızlar bürüyüb

Ölkəni fındıqburun qızlar bürüyüb

 

Bu hadisəni mənə bir həkim danışdı. Lap əvvəldən danışım. Eybəcər qız banklardan birinə gedərək kreditə 1000 manat pul götürüb. Onu xərcləməyib. Biznes qurmaq üçün də bu məbləğ azdır deyə ilk ideyasınının üstündə dayanıb. İdeya belə olub: “Mən gözəlləşməsəm, bu həyatda heç nəyə nail ola bilməyəcəyəm”. Və ilkin addımlarını atıb.

“Şindlerin siyahısı” filmini yada salaq. Alman biznesmeni Oskar Şindler kostyumunu geyinir, güzgü qarşısına keçib üst-başına əl gəzdirir. Çünki nəzərində tutduğu iş üçün səliqəli görünməli idi. İlahi ədaləti bərpa etməyə söz verib evdən çıxır. Bakıda yaşayan eybəcər qız da gecədən ütülədiyi platarı əyninə keçirib güzgü qarşısına keçir, sir-sifətinə ənlik-kirşan yaxıb gülümsəyir. Çünki qarşıda onu yaxşı günlər gözləyirdi.

Eybəcər qız plastik cərrahın yanına gələrək xahiş edib ki, iri burnuna əl gəzdirib gözəlləşdirsin. Yeri gəlmişkən, indi burnunu plastik cərrahiyyəyə məruz qoyanların əksəriyyəti fındıqburun olub. Ölkəni fındıqburunlar bürüyüb. Qız xahiş edib ki, onun burnunu başqa cür düzəltsin. Hətta jurnalların birindəki model şəklini də həkimə göstərib. Jurnalın üz qabığındakı məşhur model Naomi Kempellin fotosu imiş. Həkim belə quruluşlu burunun əmələ gəlməsi üçün 1 500 manat istəyib. Eybəcər qız ağlayıb ki, cəmi-cümlətanı 1 000 manatı var. Həkimin ürəyi pis olub və qızın burnunu o qiymətə düzəldib. Əməliyyat başa çatıb, qızın sarğısı açılıb, gözünün altındakı qaraltılar çəkilib və qəhrəmanımız güzgünün qarşısına keçib görüb ki, burun nə burun… Beş göz istəyir ki, belə şedevr əsərə baxsın. Evdəkilər, qohum-əqraba, dost-tanış qızın ünvanına o qədər tərifli sözlər yağdırıblar ki, yazığın başı gicəllənib.

Eybəcər qız nəzərində tutduğu murdar işə start verib. Həkimin yanına gəlib qışqırıb ki, onun burnunu lazımi görkəmdə yerinə yetirməyib. Bəs, Naomi Kempellin burnu kimi çıxmayıb. Tibb işçisi jurnaldakı foto ilə onun burnunu tutuşdurub və tam oxşarlıqla düzəltdiyini desə də, “kor-kor gör-gör” sübut etməyə çalışsa da, xeyri olmayıb. Eybəcər qız onu Səhiyyə Nazirliyinin qaynar xətti və prokurorluq ilə qorxudub. Həkim kor-peşman pulu geri qaytarıb.

Elə həmin gecə qız qərara alıb ki, yanağını alma formasına saldırsın. Yəni, güləndə almacıq sümüyü qabarsın, qızın camalına lətafət bəxş edilsin. Elə lətafət ki, onu görənlər gecəni yatmasınlar, gündüzlər eyvanının altına gəlib yanğıdan ulasınlar, dəli kimi bağırsınlar. Əlbəttə, bu məqamda romantika yerinə düşmür. Çünki qızın növbəti murdar əməlindən başqa plastik cərrahın xəbəri yox idi. Zibilə düşən birinci cərrah isə bu barədə heç kimə danışmadığından Əsgər adlı ikinci cərrah qızı adam bilib xoş qarşılayıb. Həkim 3 000 manata bunu edəcəyinə söz verib. Qız 2 000 manat verəcəyini deyib və qəmli görkəm alıb. Deməyi də unutdum. Soruşa bilərsiniz ki, qız bankdan 1 000 manat götürmüşdü, əlavə pul hardan çıxdı? Məsələ burasındadır ki, eybəcər qız burnunu düzəldən həkimi qorxudub 1 000 manat da almışdı.

İkinci cərrah əməliyyata başlayıb, onun almacıq sümüyünü qabardıb. Eybəcər qızı bu dəfə görənlərin pişvazına qohum-əqraba çıxıb, dost-tanışlar qibtə edib, paxıl rəfiqələr zəncir çeynəyib. Başgicəllənləndiriən təriflərdən sonra qız ikinci cərrahın yanına gedib və onu elə qorxudub ki, nəinki pulu qaytarılıb, hələ 1 000 manat da qoparıb. Kim istəyər ki, işi prokurorluğa düşsün, qaynar xətdən yoxlama göndərilsin.

Üçüncü dəfə qız 3 000 manat pulla həm dodağını silikon etdirib, həm də 35 yaşdan sonrakı qırışlarını hamarlatdırıb. Ya botoks, ya süni dartdırma. Bir aydan sonra həmin cərrah da əsəb yaşayıb. Pulu qaytarmaqdan əlavə 1 000 manat da verib ki, qız ağzını bağlasın. Dördüncü cərraha isə şəlpə qulağını düzəltdirib, daha doğrusu kiçik əməliyyatla qulağını düzləşdirib. Gözlərin korreksiyası isə ayrıca əhvalatdır. Bu barədə yazmayaq. Ancaq gözün korreksuyası zamanı eybəcər qız su sonasına çevrilib.

Bu hadisə 4 il əvvəl baş verib. Həkimdən o qadının sonrakı taleyi barədə soruşdum. Dedi ki, indi Belçikadadır. Xarici biznesmenlə ailə qurub. Həyat yoldaşı bəzi şirkətləri onun adına keçirib. İndi o qadın xeyriyyə marafonlarında iştirak edir. Bax belə. Eybəcər qız şahzadə Dianaya çevrilib.

Bunun əsas səbəbi odur ki, o qız 35 yaşa qədər oturub insanlardan ədalət gözləyib. Düşünüb ki, bəlkə kimsə zahiri yox, daxili gözəlliyə fikir verər. Ona elçi gəlib ailə qurar. Nəhayət, kimsə ictimai nəqliyyatda, yolda söz atmaz, pıqqıldamaz, toy-düyündə oğullarına evləndirməyə qız axtaranlar ona da nəzər salarlar. Şirkətlərə gedəndə “xanım, özümüz sizinlə əlaqə saxlayacağıq” deyib başdan eləməzlər. O qız taleyinin gərdişini dəyişdirib. Nağıllardan oxuyub ki, mənfi qəhrəmanlar eybəcələrdən seçilir. Tarix kitablarından oxuyub ki, indi dünyaya ağalıq edən super güclər öz ilkin mənşəyini işğalla, müstəmləkə altında əzilən ölkələrin qız-qadınlarının qulağının sırğasına qədər dartıb qoparmaqla, muzeylərini koloniyaların incəsənət numunələri ilə doldurmaqla başlayıblar. O qız anlayıb ki, hər şeyin əvvəli pislik və murdarlıqla başlayır. Taleyin ikinci dönəmində göstərdiyi iltifat həyatının birinci dövrdəkini unutdurur.

Azər Qismət

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın