Ana səhifə / Cəbhə Xəbərləri / Nərgizlər solmasın – Elşən Musayev

Nərgizlər solmasın – Elşən Musayev

Bizim insaf və mürvət sarıdan kasad olduğumuzu düşünməyin. Lütfən! Kiminsə insanlıq üzüntüsünə biganə qalacaq halımız da yoxdur. Siyasət başqa, həyat başqa. Gerçəkdən! Üzdə çox şey olar, amma içdə bir qəribəliklər yaşanar bəzən. Durub dalarsan, dalıb gedərsən, gedib qayıtmarsan…

Elçibəy vəfat etdiyində atam rektor idi. Xəbəri mən verdim. Telefonla.Tutuldu. Dedim, ata olar dəfnə gedim? Qayıtdı ki, mütləq get.“Bəs sən?”– daha bir sual verdim. Cavabsız qaldı. Hiss elədim getmək istəyir. Amma…

Düz yarım saatdan sonra mövzunun amması qalmadı. Hövlanək halda özü yığdı məni:

“Elşən, Heydər Əliyev tapşırıq verib. Deyib özüm də daxil bütün rəhbərlik orda olacaq. Azərbaycan fədaisinə son borcu verməyə hamı tələssin…”

Atam elə sevinirdi ki…

Ölkə Prezidenti Elçibəyin “Elmlər Akademiyası” binasında təşkil olunan vida mərasiminə yoxlanışsız – filan getmişdi. Üstəgəl, hər cür söz təxribatını nəzərə alaraq. Ümumən hər şeyi nəzərə alaraq. Amma getdi. Elçibəyə ən böyük ehtiramı sərgilədi. Hətta nitq söylədi.

Bunu başa düşən düşdü, düşməyən yenə öz “hava”sında qaldı…

***

Bir də Ayaz Mütəllibovun Bakıya qəfil dönüşünü xatırladım. Oğlu son olaraq atasını görmək arzusunu dilə gətirincə adam dərhal təyyarə bileti alıbmiş. Deyibmiş ki, bütün ömrüm boyu həbsxanalarda çürüyəcək olsam belə qayıtmalıyam. Çünki övlad və ailədən böyük dəyər yoxdur.

Mütəllibov təyyarədə ikən hakimiyyət ona öz jestini etdi. Kişilik kişiliklə qiymətləndirildi. Hər şey unuduldu. Hətta nəinki unuduldu, Mütəllibov bir ömür boyunca qürbət həyatdan qurtuldu və bu gün də ailəsinin, balalarının, nəvələrinin başındadır…

***

Və nəhayət, Nərgizin ölümü…

Tofiq bəyin rəsminə baxdım. Barmaqlarını yumruq şəklinə salıb, sıxıb, ağlayaraq yeriyir…

Biz onunla heç vaxt eyni siyasi yolun yolçusu, eyni ideyaların daşıyıcısı olmadıq. Amma Mili Məclisdə otaq qonşusu olduq. Arzu Səmədbəylinin köməkçisi idi. Tez – tez rastlaşardıq. Və mən müxalifətin parlamentdə təmsilçisi olaraq bir tək Tofiq Yaqublunu gördüm ki, siyasəti məişət, iş münasibətlərinə qatmadı. Təsadüfi qarşılaşmalarımızda, salam əleykümümüzdə belə bir dəfə də olsun nə mənim radikal iqtidarçılığımı nə də özünün barışmaz müxalifətçiliyini xatırlatmadı…

İndi bəy həbsdədir. Allah qapısını açsın. Amma inanın motiv bu deyil. Bir ataya övladının ölüm xəbərini yuxusuna da girib versələr yenə eyni hissləri keçirər. Dəyişən bir şey olmaz. Çün, ağırdan da ağır dərddir. Sözün bitdiyi yerdir. İqtidarçılığın da, müxalifətçiliyin də dar küncə sıxılıb insanlığa, düşüncələrə meydan verdiyi məqamdır…

Tanrı hətta düşmənimə belə eyni adlı məşəqqəti yaşatmasın…

Kimsə bu duruma düşməsin…

Övladlar, xanımlar, cavanlar ölməsin…

Nərgizlər solmasın…

Hətta bizi sevməyənlər, bəyənməyənlər belə öz mübarizələrni sağlam halları ilə aparsın…

Tanıdığım, bildiyim, gördüyüm heç bir ata övladının nəşinə doğru bu qədər əlacsız, bu qədər çarəsiz yürüməsin…

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın