Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Eldar Sabiroğlu, Səfər Əbiyev və balıq ovu – Elşad Məmmədli

Eldar Sabiroğlu, Səfər Əbiyev və balıq ovu – Elşad Məmmədli

Bir Eldar Sabiroğlu vardı. Daha doğrusu, indi də var, Allah uzun ömür versin ona. Sadəcə, daha vəzifəsi yoxdur. Əvvəllər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. Öz işi ilə məşğul olmaqdan – media ilə normal əlaqələr yaratmaqdan, nazirliyin imicini yüksəltməkdən daha çox sabiq müdafiə naziri Səfər Əbiyevin korrupsioner, yarıtmaz fəaliyyətini tənqid edənləri “vətən xaini” elan etməklə məşğul olurdu. O Səfər Əbiyevin ki, Müdafiə Nazirliyinin əmlaklarını talamaqla, ordudakı peşəkar kadrlara torba tikməklə, öz qohum-əqrəbasını yüksək vəzifələrə yerləşdirməklə məşğul olurdu. 
Peşman olurduq dövlətin bel sütunu sayılan ordumuzun halına yanaraq, onu daha güclü görmək istədiyimiz üçün Əbiyevi haqlı olaraq tənqid edək, yaxud bir qanunsuz əməli barədə yazaq. Hörmətli Eldar bəy nazirliyə yaxın saytlara müsahibə verib dərhal həmin jurnalisti şərləyirdi, yəni deyirdi ki, o adam “düşmən dəyirmanına su tökür”. Hansı ki, düşmən dəyirmanına su tökmək ordunu talamaq idi. Əbiyevdən ötrü nələr etmirdi bu adam? Ən vicdanlı medianı, yazarı belə təhqir etməkdən çəkinmirdi. Canını, nüfuzunu fəda edirdi patronuna… Nəsə, mətləbdən uzaqlaşmayaq…
Səfər Əbiyev nazir postundan azad ediləndən dərhal sonra Eldar Sabiroğlu da vəzifəsindən getdi. Dünən isə mediada belə xəbər oxudum ki, S.Əbiyev nazirliyin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun telefon zənglərinə cavab vermir. Bunu E.Sabiroğlu saytlardan birinə müsahibəsində özü deyib. O, “Səfər Əbiyevlə əlaqələriniz varmı?” sualını cavablandırarkən bildirib: “…Məndə olan telefonunu götürmür. Ona görə də əlaqə yarada bilmirəm”.
Eldar bəyin bu açıqlamasını oxuyan andaca yadıma onunla aramızdakı haqq-hesablar düşdü. Ey gidi dünya… Səfər Əbiyevin ordunu talaması barədə 3 il əvvəl dəhşətli faktlarla dolu yazılar yazırdım. Həmin məlumatları məktubla özünü Ali Hərbi Məktəbin zabitləri kimi təqdim edən şəxslər yollayırdılar. Kiçik dəqiqləşdirmə aparırdıq, məlum olurdu ki, deyilənlərin hamısı doğrudur. Həmin məktublarda Səfər Əbiyevin Müdafiə Nazirliyinin balansında olan torpaq sahələrini, mülkləri satıb dağıtması, öz qohum-əqrəbasını konkret hansı vəzifələrə gətirməsi, xoşu gəlməyən peşəkar zabitlərin başına hansı oyunları gətirməsi haqda ilginc faktlar sadalanırdı. Bunları silsilə şəklində dərc edirdik. Düzünü deyim, sırf təhlükəsizliyim üçün yazıların altına şərti imzalar qoyurdum. Hər dəfə yazı dərc ediləndən sonra Eldar Sabiroğlu redaksiyaya zəng edib qışqıra-qışqıra danışırdı. Yazının gerçək müəllifi mən olduğuma görə onu dinləyib mövqeyini dərc etmək də mənə həvalə olunurdu. Bir dəfə yazının müəllifi haqda aşağılayıcı sözlər – “vətən xaini” filan deyəndə, buna sərt cavab qaytardım qeyri-ixtiyari. Ondan tutdu ki, yazıları mən özüm qələmə alıram. Bundan sonra necə deyərlər, “komediya” başladı. Arxamca nazirliyin bir maşınını salıb 3-4 gün hara gedib-gəldiyimi, faktları kimdən aldığımı öyrənmək istəyirdilər… Bilirdilər ki, mənbə elə-belə adam deyil, çünki faktlar tam dəqiq idi. Həmin adamı axtarıb tapmaq istəyirdilər. Mən də bu izləmədən ayıq düşdüyüm üçün nazirliyin güdükcülərini arxamca salıb Sumqayıt, Bakı, Xirdalan, Masazır dolandırırdım, axırda gedib bir fəhlə kafesində tək oturub çay içib çörək yeyib, sonra da gedirdim gecəyarı balıq tutmağa, Binəqədi gölünə. Saat 1-2-dək orada olurdum gecə vaxtı balıq ovu üçün nəzərdə tutulan fosfor-tilovla. Yeri gəlmişkən, həmişə facebookda şəkillər paylaşırdım, hamı da bəxtəvərlik oxuyurdu ki, kefdəsən. Düzdür, balıq tutmaq hobbimdir, amma məhz həmin dönəmdə hər gecə orada nazirliyin güdükçüləri ilə məzələnmək üçün olurdum…
Anonim məktublar isə səhər redaksiyaya poçtla gəlirdi….
Eldar Sabiroğlu bərk qəzəbli idi ki, patronu haqda məlumatları bizə çatdıran adamı tapa bilmir…
Günlərin birində yenə zəng edib qışqırırdı, açıqca deyirdi ki, bizim kəşfiyyatımız səni izləyir, dedim afərin, erməninin qabağında durmalı olan hərbçini mənim arxamca salmışınız və mən bundan xəbərdaram. Həmin söhbətdə Eldar bəylə telefonda bərk dalaşdıq. Onda ona dedim ki, gün gələcək Əbiyev səni adam yerinə qoymayacaq, bir korrupsionerdən ötrü bu canfəşanlığa dəyməz. İnanmamışdı, hətta acı cavab qaytarmışdı. İndi isə Əbiyev onun telefonuna belə cavab vermir. Yan Koroğlu, vur başına gözünə…
Bu illər ərzində biz daha nələrin şahidi olmadıq…

 

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın