Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Boşanmış və dul qadınların qandallanmış özgürlüyü… – Könül Quliyeva 

Boşanmış və dul qadınların qandallanmış özgürlüyü… – Könül Quliyeva 

Qloballaşan dünya müasir dəyərlər üzərində yeni nailiyyətlərə imza atır, insan xoşbəxtliyini təmin etmək üçün zəruri olan münasibətlər sistemi yaradır. Bu gün qərb cəmiyyətləri insan hüquqlarını hamılıqla qorumaq və hörmət etməklə yanaşı, həm də qadınların önündən tarixən mövcud olan bütün süni əngəlləri qaldırıblar. Cəmiyyətin inkişafı naminə qadınlar ən yüksək görəvlərə yiyələnə bilib.
Dünyada ilk dəfə səsvermə hüququ tanınan qadınların sırasında Azərbaycan qadını da olub. Həm milli adət-ənənələrimiz, həm də dinimiz qadına xüsusi dəyər və önəm verib. “Cənnət anaların ayağı altındadır” deyərək müsəlmanlara səslənən sevgili peyğəmbərimiz qadın ucalığını bütün insanlığa nümunə kimi göstərib. Ulu babalarımız ən amansız davalarda belə, bir qadının ortaya atdığı barışıq yaylığını basıb rəqibinin üstünə keçməzmiş. Tarixdən, ağbirçək nənələrimizdən və ağsaqqal babalarımızdan eşitmişik ki, qadın bizim millətin ən ali sülh, gözəllik, mənəviyyat, əxlaq fenomeni olub. Ərdəmli kişilər hansısa səbəbdən tək qalan, himayəyə ehtiyacı olan qadınlara ən müqəddəs əmanət kimi baxıb. Onun ismətini öz ailəsinin qadın üzvləri kimi qoruyub ki, xələl gəlməsin. Qadına münasibətinə görə vaxtilə bütün dünyaya örnək olan Azərbaycan kişiləri təəssüf ki, get-gedə öncəki əzəmətini, zabitəsini itirməkdədir.

Azərbaycan qadınlarının hansı qayğılarla yaşadığını, nə düşündüyünü, tarixən mövcud olan əzəmətinin yavaş-yavaş itirilməsi səbəblərindən hələlik yazmayacam. Bu barədə başqa bir vaxt yazaram. İndi isə…
Boşanmış və dul qadınlara boğazda ilişib qalan artıq tikə kimi baxan, onu cəmiyyətin çıxdaş üzvü sayan bir düşüncənin getdikcə yayıldığını müşahidə edirik. Belə qadınlar yaşamaq və cəmiyyətdə özünə bir balaca yer etmək istəyirsə, mənəvi tarazlığı pozulmuş bu eybəcər cəmiyyətin bütün yazılmamış qanunlarına boyun əyməlidir. Ətrafda dolaşan həris baxışları qəbul etməli, özünü “müasir” göstərərək şit replikalara dözümlü olmalı, açıq-saçıq geyinməli, süni təbəssümlə özünü elə aparmalıdır ki, guya baş verən bütün anormallıqlar onun ürəyincədir.

Bizim çox sürətlə yadlaşan və sözün hər mənasında yoxsullaşan cəmiyyətimizin müasirlik anlayışı da dözülməzdir. Guya müasir qadın olmaq üçün mütləq açiq-saçıq geyinməli, kişilərlə şit zarafatlardan çəkinməməli, kiminlə harada gəldi yersiz söhbətlərə, səfərlərə etiraz etməməlidir. Daha sonra dostluq, yoldaşlıq adlı etimaddan suistifadə edərək maskasını çıxaran, iyrənc təkliflərdə bulunan kəslərin istəklərinə qarşılıq verməlidir. Əks halda “müasir” “kişi”lər belə qadınlar haqqında geridə qalmış, görməmiş, bir sözlə XIX-cu əsr qalıntısi kimi düşünəcəkdir.

Əksər “müasir kişi”lərin yanaşması belədir ki, adət-ənənələr, mənəvi dəyərlər, əxlaq boşanmış və dul qadınlar üçün yox, yalnız onların ailələrinə aiddir. Onlar üçün qorunan dəyər yalnız evdəki xanımı, anası, bacısıdır. Hətta, qohum-qonşuda, çalışdığı kollektivdə, küçədə rastlaşdığı qadınlara da bir əyləncə, zaman keçirmək üçün bir fürsət kimi baxırlar. Çirkin niyyətli bu “mədəni kişilər” özlərini saf qadınlara “avropasayağı” təqdim etdikləri halda, öz ailələrində “kəndsayağı” olub hər şeyə qadağa qoyurlar. Çünki özləri kimi düşünən “kişi”lərdən ehtiyyat etdikləri üçün ailələrini bütün vasitələrlə qorumaq məcburiyyəti hiss edirlər.

Bəzən tək yaşayan qadınlar iş üçün hansısa status sahibi, müdir, iş adamı olan belə “kişi”lərə müraciət edib ehtiyac içində olduğunu bildirdikdə dərhal qadının düşdüyü durumu dəyərləndirib, bəzək-düzəkli sözlərlə “həm ziyarət, həm ticarət” siyasəti aparmağa çalışırlar. Əllərinə tribuna düşəndə isə özlərini milli dəyərlərin daşıyıcısı kimi cəmiyyətə sırıyıb, camaata əxlaq dərsi keçirlər. Təəssüf ki, bu qədər təbii sərvətimiz olsa da günü-gündən yoxsullaşan, əsrlərə söykənən dəyərləri olsa da mənəviyyatsızlaşan bir cəmiyyətə çevrilirik. Bütün mənəvi dəyərləri ayaqlar altına atan insanların əksəriyyətinin daha firavan və rahat yaşadığı bir ölkədə birtəhər üzümüzə salıb yaşayırıq.

Nə qədər çətin olsa belə yaşamaq, yaratmaq, oxumaq, öyrənmək, irəli addımlamaq və paralel olaraq milli dəyərlərimizi, kimliyimizi qorumaq üçün bizlərə stimul verən təmiz qəlbli dostlarımız, nümunə olacaq ərdəmli kişilərimiz var. Cəmiyyətin bel sütunu olan qadınlar məhz onların sayəsində ayaqdadırlar. Yoxsa batdıqca batmağa doğru gedən bu yarıqaranlıq cəmiyyətdə kor kimi qalıb, doğru istiqaməti itirib, relsimizdən çıxardıq.

Sizə müraciət edirəm, boşanmış və dul qadınlar!
Sevin… Sizi sevənləri sevin. Sizi özünüz də bilmədən öz ailələri, ana-bacıları kimi bütün pisliklərdən qoruyanları sevin. Bəzilərinin sizi necə sevməsindən asılı olmayaraq, siz onları bir ata kimi, qardaş kimi, arxa-dayaq kimi sevin. Tanrının yer üzündəki qoruyucu mələkləri kimi sevin.
Oxuyun… İmkanlarınız daxilində təhsilə yiyələnin. Cəmiyyətə faydalı və savadlı övlad bəxş etməniz, eyni zamanda özgüvəninizin yüksəlməsi üçün ilk olaraq özünüz bilgili olun. Təkliyə yenilib tənhalaşmayın.
Sübut edin… Sizi düşdüyünüz cətin durumdan istifadə edərək aşağılamağa çalışan gerizəkalı kəslərə özünüzü sübut edin. Elə bir uğura can atın ki, orada “özgürlük və şəxsiyyət”, “özgürlük və ləyaqət”, “özgürlük və dəyanət” bir arada olsun!
Orada həyatı yarımçıq cümlə kimi vergüldə ilişib qalmış tənha qadının sızıltısı yox, özgür qadının xoş sonluqla tamamlanan xoşbəxtliyinin son noqtəsi olsun!

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …

Bir cavab yazın