Ana səhifə / Cəbhə Xəbərləri / Aygün Kazımova Əkrəm Əylislidən artıq deyil… Seymur Verdizadə

Aygün Kazımova Əkrəm Əylislidən artıq deyil… Seymur Verdizadə

Cəmiyyətin ziyalı kəsimi sənət adamlarını bir o qədər də sevmir. Ona görə yox ki, şou-biznes əhli ifa etdiyi düşük mahnılarla xalqın mədəni zövqünü korlayır. Ona görə ki, bu adamların keçirdikləri cah-cəlallı həyat tərzi sahib olduqları istedada adekvat deyil.

Azərbaycan şou-biznesində təmsil olunan müğənnilərin sayəsində oxumaq deyəndə insanların ağlına kitabdan əvvəl mikrofon gəlir. İndi elə vəziyyət yaranıb ki, mahnı oxuyanlar kitab oxuyanlardan daha yaxşı yaşayırlar. Amma əsas problem bu deyil. Dərd orasındadır ki, Azərbaycanın dövlət himninin sözlərini bilməyən, Rəsul Rzanın şair, yoxsa yazıçı olduğunu ayırd etməyə çətinklik çəkən, Xəyyam Mirzəzadəni tanımayan bu adamlar öz savadsızlıqları ilə fəxr edirlər. Nadir Qafarzadə bir müddət əvvəl belə demişdi: “Gedin, akademikin də soyuducusuna baxın, mənim də. Görün, hansımız yaxşı yaşayırıq”.

Əgər əvvəllər şou-biznes əhlini ancaq ziyalılar, yazı-pozu adamları tənqid edirdisə, indi onlara qarşı daha böyük cəbhə formalaşıb. Təkcə ona görə yox ki, bu adamlar hamıdan yaxşı yaşayır, sahib olduqları var-dövləti bir tikə çörəyə möhtac olan insanlara nümayiş etdirməklə onları qıcıqlandırırlar. Acınacaqlısı odur ki, bəzi müğənnilər xalqı təhqir etməkdən, aşağılamaqdan belə çəkinmirlər. Məsələn, əməkdar artist Xatirə İslam bir neçə gün əvvəl onu tənqid edən sadə insanları “qaraçı”, “tupoy” adlandırmışdı. Xalq artisti Aygün Kazımovanın isə sosial şəbəkə iştirakçılarını necə təhqir etdiyini burda yazıb, könlünüzü bulandırmaq istəmirəm. Zəhmət çəkib, bunu Əbülfəs Qarayev araşdırsın…

Yeri gəlmişkən, vacib bir məqama da toxunmaq istəyirəm. Sizi bilmirəm, bəzi adamların sosial şəbəkələrdə şou-biznes nümayəndələrini yıxıb-sürüməsi şəxsən mənə səmimi təsir bağışlamır. Əgər bu gün hansısa yelbeyin müğənni sıravi insanları təhqir edir, onlara ayıb yerini göstərirsə, buna görə ilk növbədə həmin adamlar özləri məsuliyyət daşıyırlar. Xalqı təhqir edən bu manısları xalq özü qudurdub. Gəlin, səmimi olaq. Aygünü, Nadiri, Xatirəni, Rəksanəni övladlarının toyuna heç də həmişə imkanlı adamlar dəvət etmirlər. Borc-xərc edib, hətta bankdan kredit götürüb övladının xeyir işinə populyar müğənni çağıran adamlar az deyil. Xatirənin 3-4 saatlıq ifasına 6-7 min manat pul verəndə bilməliydiniz ki, o, bir gün sizi “qaraçı”, “tupoy” adlandıracaq. Bir neçə gün əvvəl isə daha dəhşətli mənzərənin şahidi oldum: tanışlarımdan biri gündüz sosial şəbəkədə söydüyü müğənni ilə axşam toyda şəkil çəkdirirdi…

Bəzi müğənnilərin xalqı təhqir etməsinə görə həm də Mədəniyyət və Turizm Nazirliyi məsuliyyət daşıyır. Bizim kimi yazı-pozu adamlarından fəqli olaraq, bu nazirliyin özünü apara bilməyən sənət adamlarını cəzalandırmaq imkanı var. Məsələn, həmin müğənnilərin dövlət tədbirlərində iştirakına qadağa qoyula bilər. O cümlədən, bu müğənniləri daşıdıqları fəxri adlardan məhrum etmək üçün dövlət başçısına müraciət ünvanlamaq mümkündür. Necə ki, bir neçə il əvvəl əlaqədar qurumların müraciəti əsasında Əli İnsanov akademik, Əkrəm Əylisli isə xalq yazıçısı titulundan məhrum edilib. Aygün nə Əli İnsanovdan, nə də Əkrəm Əylislidən artıqdır…

Həmçinin oxuyun

Paşinyan kəndləri qaytarmağı yubadır, hərbi yola əl atılacaq – “Calber”

“Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yaşayan ermənilərlə görüşündə işğal olunmuş 4 Azərbaycan kəndinin …

Bir cavab yazın