Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Cəmiyyət / Qanunsuz tikililər icra başçılarının sonunu gətirir: Razim Məmmədov da hədəfdə

Qanunsuz tikililər icra başçılarının sonunu gətirir: Razim Məmmədov da hədəfdə

Son zamanlar paytaxtdakı qanunsuz tikililərlə bağlı məsələ yenidən müzakirə mövzusuna çevrilib. Dövlət əhəmiyyətli torpaqlarda böyük tikintilərin aparılması narahatlıq yaradır və ciddi narazılığa səbəb olur. Hər kəsi maraqlandıran bir sual da bu tikililərə icazənin kim tərəfindən verilməsidir. Müşahidələr göstərir k, bu cür qanunsuz tikililərə daha çox paytaxtın Yasamal, Xətai rayonlarında, o cümlədən, Abşeronda rast gəlinir. 

Bu günə qədər qanunsuz tikililərə icazə vermiş bir sıra məmurların vəzifəsini itirməsinə şahid olmuşuq. Lakin digər həmkarları bundan nəticə çıxarmır. Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyev də məhz qanunsuz tikiliyə icazə verdiyi üçün vəzifəsindən azad olunmuşdu. Görünən odur ki, hökumət qanunsuz tikililərlə və buna imkan yaradan məmurlarla mübarizəyə start verib. Məlumata görə, bütün rayonlar üzrə bu istiqamətdə yoxlamalar aparılır. Rast gəlinən qanun pozuntuları, qanunsuz tikililərlə icazə verən şəxslərlə bağlı ciddi tədbirlərin görülməsinə start verəcək. Belə görünür ki, artıq xəbərdarlıqdan işə keçməyin zamanı çatıb.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti avqustda qanunsuz tikililərlə bağlı  xəbərdarlıq etmişdi. Yoxlamalara ilk olaraq Xətai rayonu ərazisindən başlanılacağı xüsusi olaraq vurğulanırdı.  Açıqlamada qeyd olunurdu ki, Bakı şəhəri ərazisinin bəzi yerlərində müxtəlif işbazlar, ayrı-ayrı vətəndaşlar, ictimai-iaşə obyektlərinin sahibləri tərəfindən səkinlərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərdə, keçid meydançalarında qeyri-qanuni olaraq müxtəlif təyinatlı tikili və obyektlər inşa olunub.

“Rayonda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb. Belə ki, Məhəmməd Hadi və Neapol küçələrində, Ukrayna dairəsi yaxınlığında yol kənarında zəbt olunmuş torpaq sahələrinin hasarları sökülüb, ərazi tikinti materialları və məişət tullantılarından təmizlənib, ərazidə abadlıq işlərinə başlanılıb. Obyekt və tikililərin səkilərə çıxan, gediş-gəlişə mane olan və sakinlərə təhlükə yaradan hissələrinin sökülməsi işləri aparılır. Bu işlər rayonun digər yerləri və eləcə də paytaxtın bütün rayonlarında aparılacaq”,-deyə BŞİH-nin xəbərdarlığında deyilirdi.

Xəbərdarlıqdan sonra qanunsuz tikililərə icazə vermiş rayon icra hakimiyyəti başçılarının ciddi şəkildə cəza alacağı gözlənilən idi. Bu günlərdə məsələylə bağlı daha bir yüksək vəzifəli şəxs müəyyən edilib. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb. Məlumata görə, onun barəsində Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında qərar verilib. O, rayonda bir sıra qanunsuz tikililərə görə məsuliyyət daşıyır.

Maraqlı məqam ondan ibarətdir ki, Xaliq Məmmədov Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun yaxın qohumudur. Bu isə deməyə əsas verir ki, icra başçısı bu qanunsuz işlərdən xəbərsiz deyil. Əvvəla,  qanunsuz tikililər Razim Məmmədovun rəhbərlik etdiyi rayonda qeydə alınıb. Əgər rayon ərazisində görülən qanunsuzluqlardan icra başçısı xəbərsizdirsə, deməli, o, həm də öz işinin öhdəsindən gələ bilmir.

İkincisi, həbs olunan şəxs icra başçısının yaxın qohumudur. Yəni, Razim Məmmədovun razılığı, icazəsi olmadan Xaliq Məmmədov belə bir qanunsuzluğa qol qoya bilməzdi. Əgər söhbət qanunsuz tikilidən gedirsə, deməli, ona icazə də elə İcra Hakimiyyətindən verilib.

Beləliklə də yaxın zamanlarda Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun da “vurulmuş” həmkarlarının taleyini yaşayacağı istisna olunmur.  Üstəlik, qanunsuz tikililərə görə kreslosunu itirəcək başçıların siyahısına daha yeniləri əlavə edilə bilər, çünki paytaxt bu tikililərlə kifayət qədər “yüklənib”. (Cebhe.info)

VIPedu.BIZ

Həmçinin oxuyun

“Azərbaycan kimi İsveçdə də rəssamlıqla pul qazanmaq çox çətindir”

İsveçin tanınmış gənc rəssamı, 22 yaşlı Simon Arnzın Bakıda sərgisi nümayiş olunub. Simon Arnz və …