Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Cəmiyyət / “Qadına münasibət dəyişməlidir” – Kişinin arvadının başını qırxıb videoya çəkməsinə rəylər birmənalı deyil…

“Qadına münasibət dəyişməlidir” – Kişinin arvadının başını qırxıb videoya çəkməsinə rəylər birmənalı deyil…

Sosial şəbəkələrdə əri tərəfindən saçı qırxılan gənc qadının foto və videosu yayılıb. Videodan görünür ki, kişi həyat yoldaşının saçını qırxıb, sonra isə onu videoya çəkib. Hələlik adı və soyadı məlum olmayan kişi bunu xəyanətə görə etdiyini iddia edir. Foto və videonu həyat yoldaşının saçını qırxan kişinin özünün yaydığı bildirilir.

Məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi münasibət bildirib. Münasibətdə qeyd edilir ki, komitənin hadisədən xəbəri var: “Məsələ nəzarətimizdədir. Həmin məsələ ilə bağlı, yaşayış yeri üzrə Monitorinq Komissiyası tərəfindən iş aparılır”.

Psixoloq Fərqanə Mehmanqızı “Yeni Müsavat”a bildirib ki, hadisə hər kəsdə ikrah hissi oyadıb: “Bu gün insanların mənəviyyatında cılızlaşma gedir. İnsanlar o qədər mənəvi aclıq hissi keçirirlər ki, namus, qeyrət, vicdan və digər bu kimi insani hisslər şablona çevrilib. Hadisə sübut edir ki, bir çox ailələrimizdə insanlar yaşamaq üçün mənəvi dəyərləri unudublar. Bu videoda qadının təhqiri, qadına şiddət də var. Kimsə qadına haqq qazandırmır. Lakin hər şeydən əvvəl, hadisənin nəticəsi yox, əvvəli müzakirə olunmalıdır. O qadını xəyanətə gətirib çıxaran səbəblər də var. Hər bir hadisə, prosesin yaranma səbəbindən çox asılıdır. Videoya baxanda bilinir ki, qadın indiyə qədər nələr çəkib. Videoda bir qadın da görünür və yəqin ki, həmin qadın kişinin anasıdır. Onun başı qırxılan qadına şiddəti, daha da acınacaqlıdır. Çünki bir qadın digərinin mənəvi, maddi ehtiyaclarını bilməlidir. İnsan xəyanət edən zaman qarşı tərəfə sual vermək lazımdır; sən nə vermədin ki, o, xəyanət etdi. Xəyanətə haqq qazandırmıram. Qadın kişiyə xəyanət edirsə, deməli, artıq onu həyatında istəmir. İstəmirsə, boşanardı deyənlər də var. Lakin ailəni tanımadığımız üçün deyə bilmərik ki, həmin qadın buna cəhd edib, yoxsa yox. Hər hansı bir kişi uşağının anasını, həyat yoldaşını xəyanətdə suçlayırsa, başa düşməlidir ki, bu sözün ləkəsi özünə də dəyir. Bu gün ölkədə ailə institutu dağılır. Türklüyümüzə bağlı mənəvi dəyərlərimiz var. Qadının başından yaylığı açılan zaman, müharibələr dayanardı. Artıq bu dəyərləri itirməyə başlayırıq. Vaxtilə bəy öz xanımına ”bəyim”, xan öz xanımına “xanım” deyə müraciət edib. Bunu qorumaq lazımdır”.

Psixoloq Fərqanə Mehmanqızı ile ilgili görsel sonucu

Ekspert belə hadisələrdə uşağın daha çox travma aldığını deyir: “Uşaqlar ailə tərəfindən diqqətsizlik gördükdə, bu cür ”canavarlar” yetişir. Onlar isə gələcəkdə ailələrinə, yaxınlarına şiddət göstərirlər. Bir qadının başını qırxıb, videoya çəkərək yaymaq hansı mənəviyyatdan xəbər verir? Onların körpələri də var. Bəs bu uşağın şəxsiyyəti necə formalaşacaq? Sualın cavabı da özü bir faciədir. Bu gün statistika var ki, nə qədər çox qadınlar intihar ediblər. Cəmiyyət buna “dur” deməlidir. Qadına olan münasibət dəyişməli, qadının haqları qorunmalıdır”.

“Yeni Müsavat”a danışan sosioloq Əhməd Qəşəmoğlu isə fərqli düşüncədədir. O hesab edir ki, əsas məsələ ailənin özünün problemidir: “Azərbaycan ailəsinə tarix boyu heç vaxt bu qədər problem yaranmayıb. Hazırda müşahidə edirik ki, ailələrimizdə çox böyük, arzuolunmaz problem yaşanır. Bəla burasındadır ki, bir çox mərkəzlər birmənalı olaraq hər zaman qadınlara qarşı zorakılıqdan danışırlar. Bura həm yerli, həm də Avropadan olan mərkəzlər daxildir. Mərkəzlər bildirirlər ki, qadınlara hüquq normaları daxilində davranmaq lazımdır. Eləcə də müşahidə edirik ki, sonuncu olayda da qadını müdafiə edənlər az deyil. Bildirirlər ki, məhkəmə var, problemi orada həll etmək lazım idi. Məsələ burasındadır ki, hadisəyə yalnız üzdən yanaşdıqda bu cür fikirləri səsləndirmək olar. Hazırda cəmiyyətimiz elə bir vəziyyətdədir ki, ümumən ailə böhran vəziyyətini yaşayır. Bu isə Azərbaycanda marağı olan düşmən qüvvələrin arzu etdikləri bir haldır. Hər hansı bir cəmiyyətdə ailə institutu zəifləyən zaman bu, ümumən ölkədə arzuolunmaz proseslərin getməsinə şərait yaradır. Ümumən ailə diqqət mərkəzinə gətirilməli olduğu halda, ancaq qadın hüquqlarından danışırlar. Bu, qəti şəkildə yolverilməz bir metoddur. Eyni zamanda tutulan bu yol olduqca dağıdıcıdır. Qloballaşmanın sürətlə getdiyi bir zamanda təbii ki, cəmiyyət dəyişib, mürəkkəbləşir. Belə zamanda kişilərin və qadınların eyni anda məlumatlanmasına, hansı çətinliklərə məruz qalamalarına diqqət etmək lazımdır. Kişilərimiz ənənəvi adət-ənənələri davam etdirmək yolunda görünürlər. Qadınları isə müəyyən mərkəzlər sanki aldadıblar ki, siz azadsınız və ürəyiniz nə istəsə edə bilərsiniz. Əslində  azadlıq o demək deyil ki, ürəyin nə istəsə onu da edəsən. Azadlıq o zaman olar ki, insan öz təyinatını yerinə yetirmək üçün daha çox imkanlara malik olar”.

“Yeni Müsavat”a danışan sosioloq Əhməd Qəşəmoğlu ile ilgili görsel sonucu

Sosioloq söyləyib ki, bu gün Azərbaycan mühitində nə siyasətçilər, nə filosoflar tamamilə aydınlıq gətirən söhbətlər etmirlər: “Bir tərəfdə kişilər diqqətdən kənarda qalır, o biri tərəfdən də qadınlara tez-tez deyirlər ki, hüququnuz tapdanır, sizə qarşı təzyiq var, azadsınız və ürəyiniz istədiyini edə bilərsiniz. Nəticədə ailə yaddan çıxır, diqqət qadınları fəallaşdırmağa yönəlir və ailə dağılır. Ailənin özü diqqət mərkəzində olmalıdır. Qadınları yaddan çıxarıb, ancaq kişilərdə günah axtarsaq bu da dağıdıcı model olar. Dünyada belə təsəvvür yaranır ki, Azərbaycan kişiləri çox qəddardır. Halbuki, söhbət  Azərbaycan ailəsindəki problemdən getməli və hər iki tərəf də maarifləndirilməli idi. Ulu babalarımızın, nənələrimizin qəbul etdikləri tabular avamlıqdan qəbul olunmayıb. Onlar da sərbəst sərgüzəştlər etdikləri üçün daha çox fiziki enerjiyə malik idi. O zaman insanlar fiziki cəhətdən indikindən daha da güclü idilər və onlar da bu cür hərəkətlər edə bilərdilər. Tabular ona görə qəbul olunub ki, cəmiyyətdə ahəngdar inkişaf yaransın, ailə institutu möhkəm olsun. Ailə hər bir insanın ilk olaraq istirahət yeridir, ilham mənbəyidir. Ailə hər bir körpəni cəmiyyətə hazırlayan məktəbdir. Bu qədər gözəl neməti ”azadsan” deyib dağıtmaq düşmənçilikdir. Bu cür sərbəstliklə evə nə qədər “xəstəlik”, gərginlik gəlir. Baş verən hadisələr ailədə gedən gərginliyin göstəricisidir. Müvafiq mərkəzlər, şəxslər Azərbaycan ailəsini xilas etmək yönündə düşünməlidirlər. Yalnız bir tərəfin hüquqlarını müdafiə edəcək addım atmaq fəlakətə səbəb olar”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Arif Əsgərovu ayağından asmaq ÇAĞIRIŞI…

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun yaxın qohumları dövlət …