Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Cəmiyyət / “Nuru Paşa Odası”ndan REPORTAJ

“Nuru Paşa Odası”ndan REPORTAJ

AzVision.az-ın əməkdaşları “Şərq” qəzetinin redaksiyasında yaradılan Milli Mətbuat Tarixi Muzeyinə baş çəkib, yenicə açılışı olan “Nuru Paşa Odası”ndan reportaj hazırlayıblar.
Qəzetin baş redaktoru Akif Aşırlı muzeylə bağlı məlumat verib. Bildirib ki, şöbədəki eksponatlar və tarixi materiallar Nuru Paşa və Qafqaz İslam Ordusu ilə bağlıdır. Şöbəyə baş çəkən insanlar Qafqaz İslam Ordusu, Nuru Paşanın Azərbaycana gəlişi, həmin dövrü əks etdirən mətbu nümunələrlə tanış ola bilərlər.

Baş redaktor “Nuru Paşa Odası”na daxil olarkən girişdə portreti asılan ilk müsəlman ziyalılarından biri İsmayıl Qaspıralı haqqında söz açıb.

“Şöbəmizdə “Tərcüman” qəzetinin orjinal versiyasını və qəzetin naşiri İsmayıl Qapıralının portretini də sərgiləmişik. Çünki qəzetin fəlsəfi mahiyyəti dildə, işdə, fikirdə birlik düsturuna uyğun idi. Yəni türklərin birləşməsi, yardımlaşması və köməyini nəzərdə tuturdu. Qafqaz İslam Ordusu Azərbaycanda məhz bu məqsədlə qurulmuşdu. Azərbaycanlıları qırğınlardan qurtarmaq və ona ərazi bütövlüyü vermək məqsədi daşıyırdı”.

Daha sonra azərbaycanlıların soyqırımı barədə ilk nəşr olunan kitablarla, Türkiyədə çap olunan, Qafqaz İslam Ordusuna, Azərbaycana həsr edilən şeirlər və Əliağa Şıxlinskinin hərb lüğətindən ibarət kitablarla tanış olduk.

Azərbaycanın İstiqlal bəyannaməsinin şərhi xüsusi diqqət çəkir. Müəllif Mirzə Bala
Məmmədzadədir.

Reportaj əsnasında Məhməd Əmin Yurdaqulun kitabını da gözdən keçirdik. A.Aşırlının sözlərinə görə, Tofiq Fikrət və Məhməd Əmin Yurdaqul Azərbaycanda, 19-cu əsrin əvəllərində məşhur şairlər olublar. Xalqa yaxın, sadə dildə yazıblar.

Baş redaktor söhbətə davam edir: “Gördüyünüz Xəlil İbrahimlə bağlı orjinal şəkillərdir. O, Qafqaz İslam Ordusununun Qarabağ əməliyyatlarından reportaj yazan jurnalistimizdir. Həmçinin Üzeyir Hacıbəyli xəstə olanda 1918-ci ildə “Azərbaycan” qəzetinə 4 ay redaktorluq edib. Bizdə həmçinin “İstiqlal” qəzetində Rəsulzadənin çap olunmuş bir məqaləsini də görə bilərsiniz. Eyni zamanda “Yeni Qafqasiya“ jurnalının 1923-1925-ci illərə aid bütün komplekti var. Bu isə mənə məxsus, 2007-ci ildə çap olunmuş Qafqaz İslamOrdusu ilə bağlı kitabdır”.

“Nuru Paşa Odası”nın bir küncündə çərçivədən asılmış “Znamya truda” qəzetində Andranikin etiraf dolu bir məktubu yer alır. O, məqaləsində bildirir ki, məğlub olub, buna görə də Qafqaz İslam Ordusununun qarşısında geri çəkilib. Bakının işğaldan azad olunması və ingilislərin Bakıya daxil olması ilə bağlı məqalələrdən ibarət türkiyədə çap olunan qəzetlər də nəzərimizdən qaçmadı.

A.Aşırlı söhbət əsnasında odada rəsmi asılmış şair və nasir Cəfər Cabbarlının Nuru Paşa ilə dostluğundan danışıb.

“Paşa ilə Cəfər Cabbbarlı çox yaxın dost olublar. Nuru Paşa ona saat və güzgü hədiyyə edib. Həmin saat onun ev muzeyindədir. C.Cababrlı “Ədirnə fəthi” əsərində Ənvər Paşanın apardığı müharibələrdən yazıb. “Bakı müharibəsi” isə məhz Nuru Paşaya və Qafqaz İslamOrudusuna həsr olunub. Əsər tamaşaya da qoyulub. Sadəcə əlimizdə ssenari yoxdur. Nuru Paşaya Salman Mümtaz da şeir həsr edib. Muzeyimizdə onu da yayımlamışıq. “ Öyün millət belə övladın var” başlıqlı şeirdir. Azərbaycan qəzetində dərc olunub.

15 sentyabra həsr olunmuş məqalələrdən birini də burada görmək imkanınız oldu. O Rəsulzadənin “Haqq yerini tutan gün“ yazısıdır. Dəyərli yazılardan biri də Nuru Paşanın xalqa müraciətidir ki, bizdə var. Rəsmini gördüyünüz Seyidağa Axundzadə əslən Maştağadandır. Qafqaz İslam Ordusu və Mart soyqırımı ilə bağlı 4 kitab yazıb. Onun iki cildi var”.

Daha sonra öyrənirik ki, Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana şairlər də gəlibmiş. Və onların şeirləri Azərbaycan qəzetində çap olunubmuş.

Muzeydə Nuru Paşanın qarşılanması və yola salınması mərasimini əks etdirən fotolar, 1919-cu ildə Azərbaycan qəzetində dərc olunan Bakı zəfərinin şəhidlərinin şərəfinə ucaldılacaq abidənin eskizini görmək mümkündür.

“Nuri Paşa dəfn olunarkən onun cənazə namazı qılınmamışdı. 67 ildən sonra qılındı. Keçən il millət vəkili Qənirə Paşayeva ilə birlikdə onun qəbri üstünə getdik, məzarı üzərinə Azərbaycan bayrağı çəkdik. Özümüzlə Şəhidlər Xiyabanından torpaq aparmışdıq”.

Orada olarkən Əhməd Cavadın yazdığı Azərbaycan ordusunun ilk marşı haqqında məlumatla tanış olduq. “Gənclər yurdu” qəzetinin 1918-ci il 29 iyul tarixində çap olunan məqalədə deyilir ki, marş Nuru Paşa həzrətlərinin arzusuna müvafiq Azərbaycan-Türk ordusu üçün yazılıb.

Burada Gəncədə Milli Hərb Məktəbinin açılış mərasimindən fotolar da görə bilərsiniz. Nuru Paşanın atası Əhməd Paşa da həmin mərasimdə iştirak edib.

Odada maraqlı və dəyərli materiallar çoxdur. Bunu eşitmək deyil, mütləq görmək lazımdır ki, tariximizə bir az da yaxın olaq.

Sonda Abddula Şaiqin Nuru Paşaya həsr olunmuş “Neyçün böylə gecikdin” şeirini oxuyub, söhbətimizi yekunlaşdırdıq.

Həmçinin oxuyun

Arvadını başqa kişi ilə tutdu videoya çəkdi – Azərbaycanda şok video

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” verilişində inanılmaz anlar qeydə alınıb. AZXEBER.COM …