Çərşənbə , Noyabr 14 2018
Ana səhifə / Cəmiyyət / Nicat Məmmədov: “Ruslar Aqşini daha rahat çap edərlər, nəinki rusdilli müəllifi” – Müsahibə

Nicat Məmmədov: “Ruslar Aqşini daha rahat çap edərlər, nəinki rusdilli müəllifi” – Müsahibə

 

“Ədəbiyyat düşüncə və həyat tərzi kimi köhnəlib”

AzNews.az-ın “Cümlə axşamı” layihəsinin növbəti qonağı şair və tərcüməçi Nicat Məmmədovdur.

– Nicat bəy, mətbuatda görünmürsüz. Sosial şəbəkədə yoxsuz. Müzakirələrə qatılmırsız. Niyə?

– Sözün açığı, xoşlamıram. Həm də danışılası elə bir şey yoxdur. İldə bir dəfə müsahibə vermək bəs edir. Təkrarçılığa yol vermək istəmirəm. Yaradıcılıqda yenilik olmalıdır ki, müsahibədə danışasan. Mən daha çox işimlə gündəmə gəlməyi xoşlayıram. Şeirlərim ruscadır. Bilmirəm, buna xoşbəxtlikmi deyim, yoxsa bədbəxtlikmi. Azərbaycandilli oxucu məni demək olar, tanımır. Daha çox rus mətbuatında çap olunuran. Bir də ki, tərcümələrim var. Onlar da daha çox “Literaturnıy Azerbaydjan” jurnalında çıxır.

– Hazırda nə işlə məşğulsunuz?

– Yaradıcılığımla məşğulam, daha çox şeir yazıram. Bir də tərcümələr edirəm. Arabir də musiqi improvizasiyaları edib, Youtube-da yerləşdirirəm. Bir də dediyim kimi, artıq iki ildir, “Literaturnıy Azerbaydjan”ın əməkdaşıyam.

– Rusdilli qələm adamı hesab olunsanız da, ədəbi mühitlə kifayət qədər tanışsızınız. Halbuki bizdə sanki rusdilli yazarlarla azərbaycandilli ədəbi mühit arasında böyük uçurum var.

– Təəssüf ki, rusdilli ədəbi mühitlə azərbaycandilli ədəbi mühit arasında dialoq yoxdur. Bir-birlərini tanımır. Bəlkə də mən yeganə adamam ki, o cəbhəni də tanıyram, bu cəbhəni də və bunlar arasında mübadilə yaratmağa çalışıram. Rusdillilər sanki gettodadılar, çəkiliblər qırağa, heç kəsə qarışmırlar. Bu, bir az da rusdillilərin günahıdır. Ana dilini zəif bilirlər. Onlara məsləhət görərdim ki, Azərbaycan dilini öyrənsinlər, Azərbaycan ədəbiyyatını oxusunlar. Maraqlı imzalar var, onlarla tanış olsunlar. Aqşini, başqalarını oxusunlar. Mən tərcüməyə Aqşinin şeirləri ilə başlamışam. Çox maraqlı gəlmişdi.

– Ola bilsin başqaları da var, amma mənim bildiyim qədəri ilə rusdilli yazıçılardan Çingiz Abdullayevdi, Natiq Rəsulzadədir, bir də sizsinizz ki, azərbaycandilli mühitdə tanınırsız. Arabir yeni rusdilli yazarların müsahibələrinə, yazılarına nəzər yetirirəm. Görürəm ki, onların da bizim mühitdən xəbərləri yoxdur.

– Dediyim kimi, buna özləri günahkardırlar. Bir ara şərti olaraq, “Abşeron məktəbi” adlanan antologiya tərtib eləmək istəyirdim. Sonra maddi imkan olmadı deyə, davam etdirmədim. Ora özümdən başqa dörd imza salmışdım. Rusdilli mühitdə ən çox tanınanlar onlar idi. Aydın Əfəndini hamı tanıyır. Həmid Herisçinin dostu olub, Həmidin onun haqqında bir-iki yazısı da var. Amma İbrahim Şükürovu təəssüf ki, az tanıyırlar. Çox yaxşı şair olub. Əlli yaşlarında rəhmətə gedib. Bacısı ilə görüşüb arxivlərinin surətini götürmüşdüm. Bunlardan başqa, Valeh Salehoğlu və Dinara Gərəkməzli adlı şair olub. Özümqarışıq bu beş imzanın şeirlərindən ibarət antalogiya hazırlayıb, rusdilli poeziyanı təqdim etmək istəyirdim, maliyyə problemlərinə görə qaldı.

– Nəsr sahəsində kimlər var?

– Fantast yazarların özlərinin qrupu var, tez-tez yığışırlar. Aleksandr Hakimov var. Başqaları da var.

– Nata Osmanlı da var, Elçin Səfərli də var.

– Nata Osmanlının kitablarını vərəqləmişəm, mənə yad gəlir. Elçin Səfərli Rusiyada yaman poulyardır. Onun üç romanını oxudum, gördüm ki, ciddi ədəbiyyat deyil, belletristikadı. Aqşini oxumaq nə qədər çətin olsa da, Elçin Səfərlidən daha ciddi yazıçıdır. Aqşinin qaldırdığı problemlər daha əsaslıdır, Elçin Səfərli nədən yazır, hansısa bir fahişənin uğursuz həyatından.

Bir də Azərbaycandan çıxmış iki gözəl nasir var. İkisi də yəhudidir, biri bakılı, o biri isə sumqayıtlıdır. Aleksandr Qolşteyn 1957-ci ildə Tallində anadan olsa da, uşaqlığı Bakıda keçib. Bakı Dövlət Univeristetini bitirib, namizədlik dissertasiyasını Axundovun yaradıcılığına həsr edib. 1990-cı ildə Təl-Əvivə köçüb. 2006-cı ildə də rəhmətə gedib. Qırx yaşından yazmağa başlayıb, cəmi beş kitabı var. İlk kitabı həm Buker, həm də Antibuker mükafatı alıb.

– Rus Bukeri, eləmi?

– Bəli. Rusiyada bir romanın Buker və Antibuker alması yeganə hadisədir. Təəssüf ki, nə rusdilli auditoriyamız, nə də azərbaycandilli auditoriya Qolşteyni tanıyır. Mövzuları Bakıdan, Əli-Bayramlıdan, ümumiyyətlə Azərbaycandan bəhs edir. Eksperimental nəsr yazır. Analitik-bədii, essevari üslubu var. Unikal janr yaratmış bir insandır. Hətta 20 Yanvardan yazıları da var.

– 20 Yanvar hadisələrinə baxışı necədir?

– Daha çox obyektiv yanaşır. Yazır ki, biz yəhudilərə Bakıda yaşamaq xoş idi, Moskvanı tənqid edir, baş verənlərdə Moskvanı günahlandırır. Mirzə Cəlil haqqında yazısı var.

– O biri yəhudi müəllif kimdir?

– Adı Aleksandr İleşevskidir, Sumqayıtdandır. Sağdır, hazırda İsraildə yaşayır. Onun əsas romanı “Pers” adlanır. Həmin romanda Həşim adlı bir qəhrəman var, prototipi mənəm. Hətta bir əsərimi də poetikləşdirib romana salıb. Aleksandr roman üçün material toplayanda Bakıya gəlmişdi, görüşdük, şəhəri gəzdirdim. Təəssüf ki, Qolşteyn, nə də İlişevski bizim dildə tərcümə olunub. Mən özüm kiçik əsərləini çevirmişəm. Bu yazıçıları Azərbyacan oxucuları da tanımalıdırlar.

– Rusdilli yazarlarımız Rusiya jurnallarında rahat çap oluna bilirlərmi?

– Çox az çap olunurlar. Mənə az rast gəlir. Rusiyanın ədəbi jurnallarında “planka” var, rusdilli yazarlarımızsa o “planka”nı keçə bilmirlər. Azərbaycandilli müəlliflər çox vaxt keçirlər, amma rusdillilər yox. Baxmayaraq ki, azərbaycandilli yazıçının rusdilli qədər biliyi, dünyagörüşü yoxdur, amma əvəzində passionarlığı var, bu passionerlik sayəsində keçir, rusdilli qalır. Ruslar Aqşini, Mübariz Örəni daha rahat qəbul edib çapa edərlər, nəinki orta statistik rusdilli müəllifi. Onların nəsri ruslar üçün artıq köhnəlmişdi. Bir də öz üzərlərində işləmirlər. Həmid Herisçinin, Rasim Qaracanın şeirlərini oxuyub deyirlər, eksperimental şeirlərdir. Halbuki elə deyil, kifayət qədər müasir, normal, meynstrim poeziyadır.

– Belə çıxır ki, rusdilli yazarlar Azərbaycan ədəbiyyatını bəyənmirlər, özləri isə heç Rusiyaya çıxa bilmirlər.

– Mənim fikrimcə elədir.

– Azərbaycan ədəbiyyatını izləyirsiniz?

– Sözün açığı, mənə o qədər maraqlı gəlmir. İndi heç öz yaradıcılığım özümə maraqlı gəlmir. Ədəbiyyat düşüncə və həyat tərzi kimi köhnəlib. Süni intellektin roman yazdığı dövrdə yaşayırıq.

– Ədəbiyyat öz əhəmiyyətini itirirsə o zaman insan mənəvi qida kimi nədən faydalanmalıdır?

– Bilmirəm. Səhv etmirəmsə, Kamyunun fikridir ki, əsl insan ya intihar eləməlidir, ya da başqalarına kömək eləməlidir. Axirət var, yoxdur, bunu fikirləşmədən bugünki sosial mühiti düzəltməliyik. Hərə bacardığı qədər öz töhfəsini verməlidir. Elliotun məşhur fikri var: “Patriotizm seçdiyin peşəyə sadiqlikdən başlayır”. Bu gün Azərbaycanda heç kəs öz yerində deyil.

– Sizcə ədəbiyyat cəmiyyəti dəyişə bilməz?

– Məncə, ədəbiyyat birinci növbədə müəllifin özünü dəyişir. Uzaq başı yoldaşını, uşağını dəyişə bilər. Heç valideynlərini dəyişə bilməz. Bilmirəm, buna pessimizm deyim, ya yox, amma öz təcrübəmdən bilirəm ki, belədir. Öz yazılarım hə, məni dəyişib. O qədər də yaxşı insan deyildim. Amma cəmiyyəti dəyişəcəyini düşünmürəm. Adicə növbə mədəniyyətimiz yoxdur.

– Bildiyim qədəri ilə AYO üzvü olmusuz.

– Heç bilmirəm, mən AYO üzvü idim, ya yox. Amma ayoçularla birlikdə günlərim çox keçib, “Alatoran” jurnalında çap olunmuşam.

– Amma AYB üzvüsünüz.

– Bəli.

– AYB-nin fəaliyyəti barədə nə deyirsiniz? Sizi qane edirmi? Gənclərin çoxu AYB-nin fəaliyyətindən narazıdır.

– Mən AYB-nin fəaliyyətinə qarışmıram. Heç maraqlanmıram. Sadəcə, oranın orqanında fəaliyyət göstərirəm, tərcümələr edirəm, vəssəlam. Heç prezident təqaüdü də almıram. İki dəfə sənədlərimi təqdim etmişəm, amma almamışam.

– Bəlkə yaşınız 35-i keçib deyə verməyiblər?

– 35-dən əvvəl vermişdim.

– Bu yaxında Mübariz Örənin romanını rus dilinə tərcümə etdiniz, “Literaturnıy Azerbaydjan”da çap olundu. Hazırda isə Aqşinin romanının tərcüməsi üzərində işləyirsinizz. O əsərlər sizə necə təsir bağışladı?

– Mənə elə gəlir ki, Aqşin indi period-keçid yaşayır. Aqşinin romanı bilirsiniz necədir? Mətnin içinə çox şey sıxışdırıb. Məncə, istənilən yaradıcı əsərdə boş məkan da olmalıdır. Hindlilər ehram tikəndə həmişə bir küncünü boş saxlayırdılar. Otaq ağzınacan dolu olsa, otaqda yaşamaq mümkün olmaz. Aqşinin romanı bir az mənə o təəssüratı bağışladı. Mübarizin romanı mənə daha asan gəldi, maraqla da tərcümə elədim.

– Rus dilindən tərcümələrin səviyyəsi sizi qane edir?

– Açığı, tərcümə kitablarını oxumuram. Ona görə də dəqiq söz deyə bilməyəcəm. Bu yaxında Freydin Azərbaycan dilinə tərcüməsini vərəqlədim, bərbad idi, heç nə anlaşılmır. İnanmıram, onu almancadan tərcümə etsinlər. Məncə onu tərcümə edənlər heç rus dilində babat bilmirlər. Ümumiyyətlə, bizdə hər yerindən duran rus dilindən əsər tərcümə eləyir. Rus dilini yaxşı bilmədikləri üçün sintaktik üslubları arasında azıb qalırlar. Uzlaşmanı da yaxşı bilmirlər, çox vaxt səhvən tərcümə edirlər.

– Azərbaycan dilindən rus dilinə tərcümələrin səviyyəsi necədir?

– Bir neçə tərcüməçi var, onların əsərlərinə baxmışam. Kifayət qədər normal tərcümələr edirdir. Siyavuş Məmmədzadə var, yaxşı tərcüməçidir. Bizdə Vladimr Qafarov olub, bayatıları, aşıq poeziyasını çox gözəl tərcümə edib. Sadəcə, tərcüməçilərimizin əlinə çox vaxt yaxşı mətnlər düşmür, çoxumuz sifarişlə tərcümə etməyə məcburuq. Buna görə arada mənasız əsərləri də çeviririk, Mübariz Örən, Aqşin kimi yazıçıların əsərləri düşəndə sevinirik.

– Bəyənmədiyiniz mətni də çevirməyə məcbursunuz.

– Məcburam, görürsünüz, kirayədə qalıram. Evsiz-eşiksizəm.

– Tərcümə qiymətləri tərcüməçiləri qane edir?

– Məni qane eləmir. Ərzağın, başqa məhsulların qiyməti Avropa standartlarına uyğun olduğu halda nədən tərcümənin qiyməti Avropa standartlarına uyğun olmasın?

– Nicat bəy, ədəbi mühitdə görünmürsünüz, tədbirlərdə iştirak etmirsiniz. Qələm adamlarının səviyyəsi sizi qane etmir, yoxsa?

– Azərbaycanda axı nə qədər maraqlı qələm adamı var, onunla görüşüb nəsə öyrənəsən. Biri Həmid, onun kimi neçə nəfər var? O da çökdü. Yəqin həyat onu çökdürdü. Çünki adam özü ağılda birini tapıb söhbət edə bilmirsə, çökməlidir. Ona görə mən də heç kəslə söhbət qurmuram, kitablarla söhbət edirəm. Ən yaxın dostlarım kitablardır. Bir də ədəbiyyatçılardan nə öyrənmək olar? Mənə rəssamlar, musiqiçilər daha maraqlıdırlar. Ədəbiyyatı özüm oxuyuram da, onlar mənə nə verə bilərlər? Rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş Freydi oxuyurlar də, mən özüm elə Freydi almancadan rus dilinə tərcüməsini oxuyuram.

– Belə bir fikir var ki, rus ədəbiyyatı özünün tənəzzül dövrünü yaşayır. Siz necə düşünürsünüz, rus ədəbiyyatında indi kimlər var?

– Pelevini çoxdandır, izləmirəm. Mənə yad gəlir. Vladimir Sorokini çox sevirəm, bu yaxında “Ağ kvadrat” adlı hekayələr kitabı çıxıb. Sorokin gözəl yazıçıdır, sözlə ustad kimi işləyir, bütün açıq-saçıqlığını kənara qoyuram, sözü canlandıra bilir. Rus dilinin zənginliyini duymaq istəyəndə açıb, Sorokini vərəqləyirəm və zövq alıram. Bundan başqa, rus ədəbiyyatından Arkadiy Draqomoşenko var idi, gözəl yazıçıdır. Bir də Fərqanə məktəbinin yaradıcısı Şəmşad Abdullayevi çox sevirəm.

Mirmehdi

image description
image description
VIPedu.BIZ

Həmçinin oxuyun

Uşaqlıqdan cinlə böyüdülənlərin kor inancı

Dünən sosial şəbəkədə həmkarım, keçmiş iş yoldaşım Aynur Elgünəşin olduqca məzəli bir yazı-statusu ilə rastlaşdım. …