Məhşur xanəndə nazirdən kömək istədi: ”Qardaşım oğlu böyrəyini, dalağını itirib, qarşı tərəf isə dəlilik kağızı alıb”

Əməkdar artist, tanınmış xanəndə Sevinc Sarıyeva daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. O, bu haqda Criminal.Az-saytına açıqlama verib: “2 ay öncə, mart ayının 26-da doğma qardaşım oğlu, Xocavənd rayon sakini Ərşadlı Orxan Vidadi oğlu həmin rayon sakini Quliyev Fəxri Namiq oğlu tərəfindən bıçaqlanıb. Nəticədə qardaşım oğlu böyrəyini və dalağını itirib. İndiyə qədər hələ də düzgün istintaq işi aparılmır. İşi Xocavənd rayon Polis şöbəsi araşdırır. Amma hələ də nəticə yoxdur. Qarşı tərəf özünü müdafiə etmək üçün dəlilik kağızı alıb. İstərdim ki, bizə dəyən ziyan ödənilsin və o pulla mən qardaşım oğlunu müalicə etdirim. Qardaşım oğlu həmin polis idarəsinin polisə ictimai dəstək birliyinin işçisidir. O xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb. O hal-hazırda Daxili İşlər Nazirliyinin hospitalında müalicəsini davam etdirir”.
”Uzun illərdir Azərbaycan incəsənətinə xidmət edirəm, “əməkdar artist” fəxri adına layiq görülmüşəm. Ağdam rayon qaçqınıyam və atam Sarıyev Mərzili 1992-ci ildə kəndimizin müdafiəsi zamanı ermənilər tərəfindən girov götürülüb. 1993-cü ildə o əsirlikdən qayıtsa da cəmi 1 il yaşadı (ağlayır). Mən bu günə qədər bu faktların heç birini deməmişəm, sadəcə məcbur olub dedim. Hətta bu hadisə mənim sənətimə də təsirsiz ötüşməyib. Belə ki, 2 aydır ki, verəcəyim konsertlərimi də təxirə salmışam. Cənab və hörmətli nazir Ramil Usubovdan xahiş edirəm ki, bu işə şəxsən özü baxsın. Ümüdüm Ramil müəllimədir, inanıram ki, bu işin düzgün istintaqının getməsi üçün göstəriş verəcəksiniz”-deyə xanəndə bildirib.