Şənbə , Oktyabr 20 2018
Ana səhifə / Cəmiyyət / Məcnunu oynayan aktyor: “Dedilər ki, “Biz sənə göstərərik, Allah var, ya yox!”

Məcnunu oynayan aktyor: “Dedilər ki, “Biz sənə göstərərik, Allah var, ya yox!”

Müsahibimiz Gənc Tamaşaçılar Teatrının aktyoru, daha çox “Leyli və Məcnun” tamaşasındakı Məcnun obrazı ilə tanınan istedadlı gənc Bəhram Əliheydərdir.

— Xoş gördük, Bəhram bəy. Sputnik Azərbaycan-ın sənət adamları ilə müsahibə layihəsinin qonağısınız.

— Çox gözəl.

— Bizə öz qısa bioqrafiyanızı danışın, zəhmət olmasa.

— 1988-ci ilin 7 noyabrında Cəlilabad şəhərində anadan olmuşam. 1995-ci ildə orta məktəbə başlayıb, 2006-cı ildə bitirmişəm. Elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram Teatrı və Kino Aktyorluğu” ixtisasına qəbul olunmuşam, 2010-cu ildə bitirmişəm. 2013-cü ildə Gənc Tamaşaçılar Teatrına gəlmişəm. O vaxta qədər isə Türkiyədə, İranda bir neçə teatrda işləmişəm.

Gənc Tamaşaçılar Teatrının aktyoru Bəhram Əliheydər
Gənc Tamaşaçılar Teatrının aktyoru Bəhram Əliheydər

— Necə oldu ki, Gənc Tamaşaçılar Teatrına dəvət aldınız?

— Biz universiteti bitirəndə Sabit Rəhmanın “Xoşbəxtlər” pyesini oynamışdıq. Mən Bərbərzadəni ifa edirdim. Bəhram Osmanov məni universitetdə görüb işləməyə dəvət etdi. Mən daha sonra teatra müraciət edəndə vəziyyət qarışıq idi, işləməyim alınmadı. Küsdüm, düzü. Hətta qaçıb getmək, uzaqlaşmaq istəyirdim hər şeydən. Məndə xasiyyətdir, bezən kimi qaçmaq istəyirəm. Qəribəsi odur ki, mən heç vaxt Milli Dram Teatrında, Rus Dram Teatrında və ya da Musiqili Teatrda çalışmaq barədə düşünməmişəm. Elə universitetə qəbul olunduğum vaxtlardan tanıdığım və sevdiyim teatr Gənc Tamaşaçılar Teatrı olub. 2013-cü ildə diplomumu götürüb gəldim bu teatra və işləmək üçün müraciət etdim. O vaxtdan da işləməyə başladım. Nicat Kazımov uşaq tamaşalarında xırda rollar verdi mənə. Daha sonra da Bəhram Osmanov çağırdı və dedi ki, “Boris Mancuyev gəlib, Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsərini qurur, Fərman obrazını sənə vermək istəyir”. İlk böyük tamaşada böyük işim də bu oldu.

— Universitetdə müəllimləriniz kim olub?

— Kurs rəhbərim Firəngiz Mütəllibova, səhnə danışığı müəllimi Mahirə Yaqubova olub. Mahirə xanım birinci kursda mənə demişdi ki, “oğlum, sən çıx get!”. Mən öyrənmişdim “ts(ç)ay” deyim. Buna görə birinci kursda Mahirə xanımdan ən aşağı qiyməti mən almışdım. Amma sonra düzəldi. İşləmək, deyəsən, kömək edir (gülümsəyir). Bir də Fikrət Məlikov dərs deyirdi bizə.

Aktyor Bəhram Əliheydər (solda) Məcnun rolunda
Aktyor Bəhram Əliheydər (solda) Məcnun rolunda

— Universitetə qəbul olunmazdan əvvəl dram dərnəklərində, xalq teatrlarından, teatr studiyalarında fəaliyyətiniz olmuşdumu?

— Mən orta məktəbdə yaxşı oxuyan şagird idim, amma çox nadinc idim. Bütün müəllimləri parodiya edirdim. Bir gün də direktorumuzu parodiya edəndə, o, bunu gördü və çubuqla döydü məni. Sonra da məndən istədi ki, hamının içində onu parodiya edim. Mən də utana-utana onu parodiya elədim. Başqa müəllimləri parodiya etməyimi istədi, mən də hamısını etdim. Sonra müğənniləri parodiya etməyə başladım. Məktəbdə adımı artist qoydular. 8-ci sinifdə oxuyanda səhnədə çıxış etmək üçün şagird axtarırdılar və məni seçib Səməd Vurğunun “Vaqif” pyesindən səhnələşdirdikləri bir hissədə Qacar rolunu verdilər. Bu, mənim çox xoşuma gəlmişdi. Amma Qacar rolundan sonra özümü elə taqətsiz, halsız hiss etmişdim ki, aktyor olmaq fikrimdən də daşınırdım az qala. 11-ci sinifdə isə qabiliyyət imtahanlarının birinci turunun bitməyinə bir gün qalmışdı, özümü çatdırıb imtahan verdim və qəbul olundum.

— Universitetdən əvvəl teatr sənəti ilə məşğul olub-olmadığınızı əbəs soruşmadım. Adətən, uşaq yaşlarından teatrla maraqlanan, teatr nəzəriyyələri oxuyan, müxtəlif teatr səhnələrində çıxış edən, müəyyən bilik və təcrübə qazanan gənclər Mədəniyyət və İncəsənət Universitetində təhsil almağa başlayanda oradakı tədris metodundan, təhsil sistemindən narazı qalırlar. İstər tədris materialları, istər tədris edən müəllimlər bu tələbələri qane etmir. Siz bu problemi yaşamısınızmı?

— Mənə uşaqlıqdan belə öyrədiblər ki, bir şeyin səhv olduğunu görsəm belə, əgər bunu məndən böyük, məndən tanınmış adam deyirsə, ona üsyan etməməliyəm. Çünki itirən mən olacağam. Nə vaxt gəlib onun səviyyəsinə çataram, onda deyərəm. Bizdə hamı sistemdən danışır: Çexov, Stanislavski, Brext və s. Amma oturub analiz edəndə görürük ki, sistem üzərində iş quran beş-altı rejissor var. Bu saat dünyanın özündə belə sistemdən çox, hisslərin üzərində işləyirlər. Əlbəttə, hamı kimi mən də müəyyən problemlər görürdüm, amma buna etiraz edəcək səviyyədə deyildim. Mənim nə yaşım, nə ağlım, nə də təcrübəm buna icazə vermirdi. Çünki oradakı insanlar həm yaşda, həm ağılda, həm də təcrübədə məndən üstün idilər.

Aktyor Bəhram Əliheydər
Aktyor Bəhram Əliheydər

— Amma sizin dediyiniz variantda yenilikçilik olmaz, inqilab olmaz, teatrda dəyişiklik olmaz. Hər şey köhnə qalar.

— Yenilikçi olmaq istəyirsən? İki metrin iki metrə bir qara parça götür, sər yerə, lap elə küçənin ortasında ürəyin nə istəyir, göstər. Dünyada bu sistem var. Sən köhnə məscidə təzə adət gətirib, istədiyinə nail olanda, əlində əsa ilə girəcəksən teatra, onda da bir başqa yenilikçi gəlib sənə deyəcək ki, “kiflənmisən!”.

— Bu əla cavab idi! (ümumi gülüşmə) Həm Azərbaycanda, həm də xarici ölkə teatrlarında işləmisiniz. Sizcə, bizim teatrlar dünya teatrından nə ilə geridə qalır? Müasir Azərbaycan teatrının problemləri nələrdir?

— Bizim ümumi aktyor və aktrisalarımız haqqında, əsas, onu deyə bilərəm ki, bizdə olan emosiya bütün sistemləri sındırır. Bizim aktyorlar öz emosiyaları ilə, istəsələr, dünyanı önlərində diz çökdürərlər. Sadəcə, bizim problemimiz texniki çatışmazlıqdır, şəraitsizlikdir. Elə tamaşa var ki, oynayırsan, sonra 3-4 gün xəstə yatırsan. Çünki çətin şəraitdə oynayırsan.

— Filmə çəkilmisiniz?

— Bir dəfə. Elvin Adıgözəlin “Dönüş” filminə çəkilmişəm. Ondan sonra ya təkliflər olub, mən qəbul eləməmişəm, ya da mən qəbul eləmişəm, amma istədiyim məbləğ olmayıb. Bircə dəfə serialda oynadım, məbləğ də normal idi, amma sonra gördüm ki, yox, zövq ala bilmədiyim bir şeyə çəkilə bilmərəm.

— Deməli, müasir film və seriallarımızdan zövq ala bilmirsiniz?

— Gözəl filmlərimiz var. Elə filmlər var ki, o filmlərə məni çağırsaydılar, məbləğə önəm vermədən gedərdim.

— Yəni sənət olan yerdə maddiyata önəm vermirsiniz?

— Bəli. Məsələn, 4-5 filmimiz var ki, onları izləyəndə orda çəkilmədiyim üçün təəssüflənirəm. Mən kastinqlərə getmirəm. Problem ondadır ki, bizdə aktyora, aktrisaya sənətkar münasibəti bəsləmirlər. Bu vəziyyət həm bəzi aktyor və aktrisaların rəftarına görə yaranıb, həm də bəzi rejissorların özünü yuxarıdan aparmasına görə.

— Teatr, heç şübhəsiz, ən maraqlı hadisələrin yaşandığı məkandır. Yəqin ki, sizin də teatr səhnəsində yaşadığınız unudulmaz hadisələr var.

— Var. Hətta, çoxdur. İkisini danışacağam. “Xortdanın cəhənnəm məktubları” tamaşasından sonra teatrdan çıxdım, hamı getmişdi. Metroya tərəf yeriyirdim. İki nəfər saqqallı şəxs yaxınlaşdı mənə. Qolumdan tutub dedilər ki: “Biz sənə göstərərik, Allah var, ya yox!” (gülür). Biz həmin gecə onlarla bir çay evində oturub bir saata yaxın söhbət elədik. Qalxanda onlar məni qucaqlayıb sağollaşdılar və dedilər ki: “Qardaş, sən əməli-saleh, dindar adam imişsən, bağışla!”

İkinci hadisə də belə olub. Mən əksər rollarımda ya dərviş oynamışam, ya da dərviş xarakterli başqa qəhrəmanları. Hüseyn Cavidin “Şeyx Sənan” tamaşasında Dərviş obrazı mənə həvalə olunmuşdu. Eyni zamanda Füzulinin “Leyli və Məcnun” tamaşası hazırlanır və Dərvişlə Məcnunun çox sözləri bir-birinə oxşayır. Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsəri də yazı dili baxımından bu əsərlərə bənzəyir. Hər üç tamaşada da mənə belə bir replika var: “Kimsən?” Bu tamaşaları da üç-gün ard-arda yazıblar. Bu gün “Şeyx Sənan” oynayıram, sabah “Xortdanın cəhənnəm məktubları”nı, sonra da “Leyli və Məcnun”u. “Leyli və Məcnun”u oynayanda Leyli məndən soruşdu ki, “kimsən?”. Mən də cavab verdim ki, “Saqın, hiç sorma bir divanəyim ben!” Sonra yadımda düşdü ki, mən “Şeyx Sənan”da Dərvişin sözləri ilə “Leyli və Məcnun”da Leylinin sualına cavab verdim (gülür). Dərhal ardıyca başladım Məcnunun sözlərini deməyə. Özümü də o halda gülmək tutdu. Amma vəziyyətdən çıxmağı bacardım.

— Mən sizin üç tamaşanızı izləmişəm. Bu tamaşalardan, əsasən, “Leyli və Məcnun”, bir də “Xortdanın cəhənnəm məktubları”nda tanrıya üsyan var. “Şeyx Sənan”da oynadığınız Dərviş də, həmçinin üsyan edən qəhrəmandır. Bəs Bəhram Əliheydərin öz şəxsi xarakterinə uyğundurmu tanrıya üsyan?— Birincisi, Məcnun tanrıya yox, tanrının yaratdığı insanlara üsyan edir. Bəzi hallarda “ey cəfaçı dünya” ilə tanrıya da çatır bu üsyan, amma Fərmandakı qədər Məcnunun tanrıya üsyanı yoxdur. Mən dindar ailədə böyümüşəm. Dindar olsaydım, məsciddə olardım. Bura səhnədir. Mən demirəm ateistəm, demirəm qatı dindaram. Üsyan isə həmişə var. Kimi bunu tanrıya üsyan kimi qəbul edir, kimi bunu insanlara üsyan kimi. Kaş o üsyanı qışqıra biləydim ki, bu gün bu əsəbin sahibi olmayaydım. Ancaq səhnədə tökə bilirəm. Bəlkə də həyatda edə bilmədiyim üsyanlardır ki, səhnədə o dərəcədə püskürür və insanlar mənim Allaha qarşı çıxdığımı düşünürlər.

— Elə bir obraz var ki, onu canlandırmağı arzulayırsız, amma hələ nail olmamısız?

— Mən Nəsimi vurğunuyam. Uşaqlıqdan Nəsimini oxuyurdum, Rasim Balayevin Nəsimi obrazına baxırdım. Mən “Nəsimi” filminə bəlkə 100 dəfədən çox baxmışam. Ən böyük arzum da filmdə və teatrda Nəsimi obrazını oynamaqdır. Bir də ki, autizm xəstəsinin obrazını canlandırmağı çox istərdim. Mən heç vaxt onlara xəstə kimi baxmamışam, əslində. Hətta, dahi kimi baxıram. İndi dəb düşüb filmdə, serialda autizm xəstələrinin obrazını oynayırlar. Adamın heyfi gəlir ki, niyə bunu bu günə qoyursuz?

— Siz birbaşa dramaturgiya ilə bağlı sahədə çalışırsınız. Teatr yarananda dramaturgiya olmasa da, müasir teatrın əsas sütunu dramaturgiyadır. Azərbaycanda isə müasir dramaturqlar nəsli demək olar ki, yoxdur. Teatrlar dramaturqlarla əməkdaşlıq etmir, müasir dramaturgiyanın inkişafına yönəlik heç bir addım atılmır. Bunun səbəbini nədə görürsünüz?

— Siz deyirsiniz ki, dramaturq yoxdur. Doqquz milyon əhalimiz var. Neçəsi ilə maraqlanmısınız?

— Məsələ odur ki, yazan varsa da, qalır rəfdə. Səhnəyə çıxmır.

— Deməli, var. Problem isə odur ki, teatrla əlaqəsi olan 80% cavan dramaturqlar 9 milyonun 0.1%-dir, vəssalam. Sadəcə olanlar ya uzaqdadırlar, ya da hansısa səbəbdən hələ gəlib çıxmayıblar. Mən hərdən fikirləşirəm ki, bizim rejissorlar niyə pyes yazmırlar? Axı onlar nə qədər pyes düzəldirlər. Dünya teatrlarında da pyes yazıb səhnələşdirən kifayət qədər rejissorlar var. Bəlkə də pyes müsabiqələri filan keçirilməlidir ki, daha cavan və yeni yazarlar, dramaturqlar da ortaya çıxsın.

— Son olaraq, həmkarlarınıza və tamaşaçılarınıza demək istədiyiniz nə var? Arzu, istək, xahiş, tələb…

— Mən arzulara inanmıram. Onu deyə bilərəm ki, teatra gəlsinlər. Dəvətnamə ilə yox, bilet alıb gəlsinlər. Teatrı əli planşetli, əli telefonlu tələbələrdən təmizləsinlər. İncəsənət universitetinin qəbul balını o qədər qaldırsınlar ki, ərə gedəndə diplom aparmaq istəyənlər, əsgərliyə dörd il gec getmək istəyənlər girə bilməsinlər. Başlar oxusun, boşlar yox. Onlar da teatra gəlib, təcrübə aparsın, müşahidə eləsin.

— Müsahibə üçün təşəkkür edirik, Bəhram bəy.

— Çox sağ olun.

Həmçinin oxuyun

Azərbaycan 140 ölkə arasında 15-ci oldu

Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı – 2018”də 140 ölkə arasında rəqəmsal bacarıqlar üzrə 15-ci yeri tutub. …