Lotu Quli klanı Rusiya bazarlarına nəzarəti itirir

Hazırda Türkiyədə yaşayan azərbaycanlı qanuni oğru, kriminal dairələrdə Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun qruplaşması tezliklə Moskva vilayətinin Dolqoprudnı rayonundakı “Veqetta” iri meyvə-tərəvəz bazarı üzərindəki nəzarəti itirəcək. Əsasən azərbaycanlıların işlədiyi bu bazara hazırda kriminal avtoritet Vaqif Süleymanov (Vaqif Bakinski), necə deyərlər, Quli klanına daxil olan kölgə sahib nəzarət edir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Moskvadakı diasporunun nümayəndələri məlumat veriblər.

Mənbənin bildirdiyinə görə, sözügedən meyvə-tərəvəz bazarının sahibi tezliklə dəyişəcək. “Veqetta”nın hazırkı sahibi Binbankda meydana gəlmiş problemlə (Binbankın səhmlərinin 28,5%-i Mixail Qutseriyevə, 67,9%-i isə onun bacısı oğlu Mikayıl Şişxanova məxsusdur —red.) bağlı kreditorlara iri məbləğdə borclanmış inquş milyarder Mixail Qutseriyevdir. İndi Qutseriyev borclarının kompensasiyası üçün sözügedən meyvə-tərəvəz bazarını likvid aktivlər şəklində kreditorlara verir.

Vaxtilə böyük gəlir gətirən (bəzi məlumatlara görə, illik 10 milyard rubl.) “Veqetta”nın hazırda təhvil-təslimi gedir. Gəzən söhbətlərə görə, bazara nəzarət elədiyi beş il ərzində Vaqif Süleymanov Cənub dairəsinin bəzi vəzifəli şəxsləri ilə münasibətlər qurub. Biznesə “himayədarlıq” etdiyinə görə etnik qruplaşma hər ay 100 min ABŞ dolları alır. Bütün bunlar isə kriminal avtoritetlərlə mübarizəni qəti şəkildə aparan Rusiyanın hüquq-mühafizə orqanlarına çoxdan məlumdur. Moskva rəhbərliyi sivil ticarət sahəsi yaratmaq istəyir.

“Veqetta” Moskva və Moskva ətrafında çökən yeganə meyvə-tərəvəz bazarı deyil. Nə vaxtsa ayrı-ayrı məmurlara və kriminallara məxsus digər bazarlar da bağlanıb. Çünki məmurlar tez-tez dəyişiklik etməyə vərdiş ediblər, kriminallar isə adətən təsir dairəsindən kənarda qalmanın qurbanı olurlar. Çerkizov bazarının keçmiş sahibi və oliqarx Telman İsmayılovu xatırlatmaq kifayətdir. Bir vaxtlar Moskvanın sabiq meri Yuri Lujkovla dost olan İsmayılov hər şeyə qadir idi. Amma bu gün onu beynəlxalq polis axtarır.

İsmayılov qətl törətməkdə, silahların qanunsuz satışı və dövriyyəsində ittiham edilir. Onun haqqında Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb.

İstintaq orqanları İsmayılovu 2016-cı ildə sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində şübhəli bilir. İstintaqın verdiyi məlumata görə, o, cinayəti qardaşları Rafiq və Vaqiflə birlikdə törədib, cinayətin icraçısı isə Mehman Kərimov olub. Müəyyən edilib ki, 15 may 2016-cı ildə Novorijsk şossesində Kərimov avtomobilin salonunda Savkin və Brilyovu tapançadan açdığı atəşlə öldürüb.

Rafiq İsmayılov və Mehman Kərimov həbs olunub, Telman və Vaqif İsmayılovlar isə hələ də azadlıqdadırlar. İnterpol vasitəsilə onların beynəlxalq axtarışının təşkili üçün mövcud materiallar Rusiya Federasiyasının Baş Prokurorluğuna göndərilib.

Əlbəttə, Qutseriyev cinayətdə, özü də qətl törətməkdə günahlandırılmır və polis onu axtarmır. Lakin burada müəyyən paralellər aparmaq olar: hər iki rusiyalı kapitalist Moskvanın kənd təsəsrrüfatı məhsulları bazarına təsirlərini müəyyən dərəcədə itirirlər və burada azərbaycanlı “qanuni oğru”nun (Lotu Quli) reputasiyasının da rolu var.

Eyni zamanda azərbaycanlıların Qutseriyevin meyvə bazarında mövcudluğunun sadə şəkildə izahı var. Məsələ ondadır ki, Qutseriyevi Azərbaycanla çox şey, eləcə də biznes bağlayır. Qutseriyev Azərbaycanda neft hasil edən Britaniya şirkəti “GCM Global Energy Inc.”-in sahibidir.

Hətta Qutseriyev 2007-ci ilin avqustunda vergilərdən yayınma ittihamı ilə Rusiyada həbs olunma təhlükəsi ilə üzləşəndə Bakıda gizlənmişdi. Moskvanın Tver məhkəməsi biznesmenlə bağlı qiyabi həbs qərarı çıxarmışdı. Amma Qutseriyev məhkəmə qərar çıxarana qədər Rusiyanı tərk edə bilmişdi. Məhz həmin vaxt Moskvada Qutseriyevin oğlu Çingizxan Qutseriyevin oğlu ürək çatışmazlığından vəfat etdi. Atası oğlunun cəsədini onun ölümünün əsl səbəbini öyrənmək üçün Bakıya gətirtdi. O, oğlunun öldürülməsindən şübhələnirdi. Çingizxanın cəsədi yuyulmaq üçün Bakıdakı Göy Məscidə gətirilir və milyarder burada beş saat ərzində oğlunun yanında tək oturur. Sonra meyiti dəfn edilmək üçün Şimali Osetiyaya göndərirlər. Oğlu ilə vidalaşdıqdan sonra oliqarx Londona gedir.