Şənbə , Noyabr 17 2018
Ana səhifə / Cəmiyyət / “İPhone 5″ köhnəlmiş sayıldı: Azərbaycanda isə…

“İPhone 5″ köhnəlmiş sayıldı: Azərbaycanda isə…

Amerikanın “Apple” şirkəti “iPhone 5″ məhsullarını köhnəlmiş qurğular siyahısına daxil edib. Bu barədə məlumat şirkətin saytına yerləşdirilib. Bildirilib ki, bundan sonra  sözügedən smartfonu Amerika korporasiyasının rəsmi servis mərkəzlərində təmir etdirmək mümkün olmayacaq.

“Apple” şirkəti öz məhsullarının işini onların istehsalı dayandırıldıqdan sonrakı 5 il ərzində dəstəkləyir. “iPhone 5″ smartfonu 2012-ci ilin sentyabrında buraxılıb. Bütün istehsal dövrü ərzində 70 milyondan çox nüsxəsi satılıb. Ümumiyyətlə, ”İPhone” telefonları indiyədək dünyada satılan ağıllı telefonlar içərisində ilk sırada yer alır. Hazırda dünyada ən populyar telefon modelləri sırasında “İPhone X” yer alıb. Belə ki, “iPhone X” 2018-ci ilin birinci rübünün yekunları üzrə ən çox satılan smartfon olub. Bu barədə “Strategy Analytics” şirkətinin qeyd olunan müddət üçün tədqiqat hesabatında deyilir.

Analitik şirkətin məlumatına görə, cari ilin yanvar-martında dünyada satılan smartfonların sayı 345 milyon təşkil edib. “Apple” şirkəti 16 milyon “iPhone X” modeli satıb ki, bu da ümumi satış sayının 4,6 faizinə bərabər olmaqla ən yüksək göstərici hesab edilir. Bildirilir ki, ikinci və üçüncü yerləri “iPhone 8″ və ”8 Plus” smartfonları tutub. Hesabat dövründə 12,5 milyon “iPhone 8″ və 8,3 milyon ”iPhone 8 Plus” satılıb. Dördüncü pillədə satışı 5,6 milyon ədədə bərabər “iPhone 7″ modeli qərarlaşıb.

“Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar beşinci və altıncı yerlə kifayətlənib. Analitiklərin məlumatına görə, ən populyar “Android” qurğuları “Xiaomi Redmi 5A” və “Samsung Galaxy S9 Plus” olub. Həmçinin məlum olub ki, “iPhone 8″ və ”8 Plus” modelləri martda “Apple” şirkətinin ən populyar modelləri seçilib. Bu, analitiklər tərəfindən qırmızı rəngli qurğuların buraxılışı ilə izah edilib.

Statistikaya nəzər saldıqda belə görünür ki, şirkət artıq son modellərindən kifayət qədər qazana bilir. Bu baxımdan “İPhone 5″ kimi modellərin köhnəlmiş qurğu adlandırılması normal qəbul edilir.

Azərbaycanda isə bu gün də qeyd etdiyimiz modeli işlədənlər az deyil. “Yeni Müsavat”ın əməkdaşı olaraq Bakıda yerləşən bir neçə iri texnologiya mağazasında olduq. Öyrəndik ki, hazırda mağazalarda “İPhone 5″ telefonları satılmasa da, onların aksessurlarına vitrinlərdə rast gəlmək mümkündür. İkinci əl telefonlar vitrinində isə vəziyyətindən asılı olaraq 150-200 manat qiymətlə satılır. Bəs bu telefonları alanlar, onları harada təmir etdirə bilərlər?

İlk olaraq onu da qeyd edək ki, “İPhone” telefonlarının yenisinin qiyməti baha olduğu kimi, onların təmir xərcləri, detalları da ucuz deyil. “Yeni Müsavat”a danışan telefon ustası Aqşin Abdulla bildirdi ki, Azərbaycanda “İPhone 5″ in təmiri aparılır: “Azərbaycanda fəaliyyət göstərən telefon təmir yerlərində  “İPhone 5″ modellərinin detallarını tapmaq mümkündür. İstər orijinal, istərsə də orijinal olmayan detalları alırıq və təmir zamanı istifadə edirik. Lakin rəsmi servis yoxdur. Sadəcə olaraq, malın birə-bir detallarını gətirib, təmir edirlər. ”İPhone 5″  telefonlarının orijinal ekranının dəyişirilməsi qiyməti 50-70 manat arasında dəyişir. Özü isə satışda yoxdur. Köhnə “İPhone 5″ telefonları 150-200 manata satılır. ”İPhone 4″ modeli vhatsap dəstəkləmədiyi üçün az adam işlədir. Lakin bu model İOS 9-u dəstəklədiyi üçün hələ 1-2 il də istifadəçilər tərəfindən istifadə edilə biləcək. “İPhone 5″in isə bundan sonra ən azı 2 il işlək olacağını söyləyə bilərik. Ümumiyyətlə, ”İPhone” gec köhnəlir və bazardan da gec çıxır. Bir modeli səliqə ilə işlətsən 7-8 il dözür”.

Aqshin Abdulla adlı şəxsin şəkli.

Bəzi mütəxəssislər bildirirlər ki, hazırda dünyada telefon bazarında Çinin “Xiaomi” telefonları  “İPhone”la rəqabətdədir və gələcəkdə ön sıraya keçə bilər. Bu məsələ ilə bağlı Aqşin Abdulla aşağıdakıları söylədi:

“İPhone” işlədən başqa telefon seçmir. Çünki o, bu lüksü yalnız “İPhone” modelindən ala bilir. Lakin “İPhone”u sadəcə, telefon kimi işlədən adam, istənilən markaya keçə bilir. “Xiaomi” isə saf android olduğu üçün rahatdır. Qiyməti və gücünə görə də sərfəlidir. Lakin “Xiaomi”lərin ekranları, korpusları dözümlü deyil. Bu baxımdan testlərdə zəif nəticə göstərir. “Xiaomi”nin üst səviyyə modellərinin detalları da bahadır və onların dözümlüyü normal sayılır. “Samsung” modellərini almaqdansa, “Xiaomi” daha sərfəlidir. Müştəri də getdikcə bunu anlayır və bu telefonların bazara girişi sürətlənir. Çünki “Samsung” modellərinin ekranı tez qırılır və kifayət qədər də baha qiymətə dəyişdirilir. Ona görə də müştərilər əksər hallarda qırılmış “Samsung” telefonunun ekranını təmir etdirmək fikrindən daşınırlar. 400-500 manata olan “Samsung”ların ekranı 150-200 manata dəyişdirilir. Bu isə müştəriyə sərf etmir. Həmin qiymətə alınan “Xiaomi” telefonlarının ekranı isə 60-70 manata dəyişdirilir. Qırılan zaman isə sıradan çıxmır. Çatlayırsa, yenə də işlətmək olur. “Samsung”larda isə belə deyil”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Qiyamət onda qopacaq ki, yer üzündə bir nəfər də “Allah” deyən qalmayacaq. – Cümə bəhsləri

Hətta sırf müsəlman ölkələri hesab edilən məmləkətlərdə belə, İslama, müsəlmanlığa qarşı genişmiqyaslı, açıq və gizli …