Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Cəmiyyət / Hüquq müdafiəçilərini Əli İnsanovla görüşə buraxmadılar

Hüquq müdafiəçilərini Əli İnsanovla görüşə buraxmadılar

Razılaşdırma görüşdən az öncə pozulub…

“Biz illərlə cəzaçəkmə müəssisələrində aparılan monitorinqlərdə iştirak etmişik. Fəaliyyətimiz üçün heç bir problem yaradılmayıb. Ancaq bir müddətdir prosesdən kənarlaşdırılmışıq. Bizə edilən müraciət əsasında bir neçə gün öncə Əli İnsanovla görüşmək üçün hüquq müdafiəçisi Səidə Qocamanlı ilə onun cəza çəkdiyi müəssisəyə getdik. Hər şey öncədən rəsmi səviyyədə razılaşdırılmışdı. Çataçatda cəzaşəkmə müəssisəsi rəhbərliyinin adından zəng olundu ki, getməyin, rəis içəri keçməyinizə icazə vermir”. Bu sözləri Musavat.com-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

Novella xanımın sözlərinə görə Ədliyyə Nazirliyinin vətəndaş cəmiyyəti institutları ilə bərabər yaratdığı ictimai komitənin tərkibində təmsilçilik onlara cəzaçəkmə müəssisələrində monitorinq imkanı yaradıb. Vətəndaşların şikayətləri əsasında insan haqları müdafiəçilərinin iştirakı ilə monitorinqlər keçirilib, şikayətlər yerində araşdırılıb, problemlərin aradan qaldırılması üçün konkret şəxslərə müraciət olunub:“Rəhbərlik etdiyim D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti Azərbaycanın ən stajı insan haqlarını müdafiə institutudur. Gələn il 30 illiyimizi qeyd edəcəyik. Bu 30 ildə biz ictimai fəaliyyətin önündə olmuşuq. İstər siyasi, istər digər kateqoriyalara aid olan məhbusların müdafiəsi bizim üçün prioritet olub. Nüfuzumuz, işgüzarlığımız həm yerli, həm beynəlxalq qurumlara bəllidir. Elə bu nüfuzumuza görə də illərdir dünyanın aparıcı insan haqlarını müdafiə institutları ilə yanaşı, rəsmi qurumlar da bizimlə əməkdaşlıq edib. Ancaq yeni komitənin tərkibi yenidən formalaşdırılanda məni və Səidə Qocamanlını Müsavat Partiyasının üzvü olduğumuz üçün ədliyə naziri yanında İctimai Komitəyə qəbul etmədilər”.

Novella Cəfəroğlunun sözlərinə görə, Ədliyyə Nazirliyin Penitensiar Xidmətinə indiki Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin rəhbərlik etdiyi dönəmlər insan haqları qurumları ilə ƏN arasında işbirliyinin ən məhsuldar dönəmi olub:“Mədət Quliyev bu məsələyə olduqca həssas yanaşırdı. Nə zaman məhbuslarla görüş üçün məktub göndərirdik, şərait yaradılırdı. Mən ədliyyə naziri Fikrət Məmmədova hökumət-vətəndaş cəmiyyəti institutları əməkdaşlığına verdiyi dəstəyə gözə xüsusi təşəkkür edirəm. Bu monitorinqlər nəticəsində uzun illər həllini tapmayan problemlər aradan qaldırılıb. Söhbət həm məhbusların saxlanma şəraitinin yaxşılaşdırmasından, həm onlara münasibətdən, həm tibb xidməti göstərilməsindən, həm də müəssisələrdəki ümumi atmosferdən gedir. Fikrət müəllim ictimai komitənin müzakirələrində dəfələrlə iştirak edib və problemlərin qısa zamanda aradan qaldırılması üçün konkret göstərişlər verib. Penitensiar Xidmətin rəhbəriyi dəyişdirildikdən sonra isə bizim münasibətlər faktiki qırılıb”.

İnsan haqları müdafiəçisi bildirir ki, səbəblər haqqında onlara heç bir rəsmi bilgi verilməyib. Buna görə də hər hansı fikir səsləndirməkdə çətinlik çəkirlər:“Hökumət üzvləri də qəbul edər ki, həm mənim, həm də Səidə Qocamanlının insan haqlarının müdafiəsi sahəsində fəaliyyətimiz bütünlükdə cəmiyyətimizin sağlamlaşdırılmasına xidmət edib. Hər zaman kostruktiv, barışdırıcı mövqu tutmuşuq, əsas diqqəti problemləri yaradanların üzərinə yox, problemlərin çözümünə yönəltmişik. Çox əskikliklər, çatışmazlıqlar görmüşük, ancaq onları ictimailəşdirmədən bütün imkanlarımızı səfərbər edərək çözümünə çalışmışıq. Çox zaman buna nail də olmuşuq. Elə öz sahəmizdə söz sahibi olmağımızın, etimad qazanmağımızın səbəblərindən biri də budur. Bizim partiya üzvü olmağımız bu məsələdə heç bir rol oynamayıb. Bizə olunan müraciətləri eyni qaydada araşdırmışıq. Əli İnsanova gəlincə, biz onunla 2005-ci ildən bu günə qədər dəfələrlə görüşmüşük. Monitorinq qrupu üzvlərinə bu görüşlə bağlı heç bir maneə yaradılmayıb. Üstəlik Əli İnsanov Azərbaycan siyasi məhbusları içərisində öz davranışı ilə xüsusi fərqlənən insandır. O, adətən heç zaman, heç nədən şiayət etmir. Bu səbəbdən nəyə görə onunla görüşə buraxılmamağımız bizim üçün qaranlıq qalıb”.

Novella Cəfəroğlu deyir ki, bu gün onun rəhbərlik etdiyi qurumda müxtəlif kateqoriyalardan olan məhbusların ailələrindən alınan onlarla məktub var. Monitorinq qrupunda iştiraklarına imkan verilməməsi həmin problemlərin araşdırılmasını, çözüm yolları tapılmasını əngəlləyir:”Biz Azərbaycanı sivil, inkişaf etmiş, ictimai münasibətlərin qanunla tənzimləndiyi ölkə kimi görmək istəyirik. Vətəndaş cəmiyyəti institutları bütün sağlam, inkişaf etmiş cəmiyyətlərin ayrılmaz hissəsidir və hökumət də, vətəndaşlar da bu institutlara vacib nəzarət mexanizmi kimi baxır. Onsuz da qərar verən yenə də hökumətdir. Hökumət üzvləri onu da bilir ki, vətəndaşın bizə olan inamı, etimadı ictimai komitənin digər üzvlərinə olan etimaddan dəfələrlə çoxdur. Bizim işimiz əyər-əskikləri ortaya çıxarmaqdır ki, hökumət də vətəndaşın etimadını qazansın, ondan razı olsun. Bu sadə məntiqi anlamaq məncə, o qədər də çətin olmamalıdır. Düşünürəm ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına baxış onların nüfuzuna, işgüzarlığına, cəmiyyətə gətirdikləri xeyirə uyğun olmalıdır”. (Musavat.com)

VIPedu.BIZ

Həmçinin oxuyun

Arif Əsgərovu ayağından asmaq ÇAĞIRIŞI…

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun yaxın qohumları dövlət …