Ən son işğal olunan Zəngilan: “Döyüşçülərimiz 10 gün idi ki, çörək yemirdilər”

Sonuncu işğal olunan rayon Zəngilan: Döyüşçülərimiz arasında 10 gün idi ki, çörək yeməyənlər vardı

Bu gün (29 oktyabr) Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 24-cü ili tamam olur.

Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonudur.

 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir.
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. 

 Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.

 İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. 

 Modern.az saytı Zəngilanın işğal günü ilə bağlı “1993-ci ilin o günü” layihəsini davam etdirir.

 Budəfəki müsahibimiz  o zaman oktyabrın 29-na kimi döyüşən Mirqasım Mirmahmudovdur. O, 1993-cü ilin 29 oktyabrını ürək ağrısı ilə xatırlayır…

 

“Bizə kömək edən olmadı”

 

Oktyabrın 29-u Zəngilan üçün sonuncu və ağır gün idi. Çünki ağır döyüşlər gedirdi. Amma heç nə edə bilmədik və mühasirədə qalan Zəngilan ermənilər tərəfindən işğal olundu. Oktyabrın 29-da Zəngilanda qalanlar İrana üz tutdu. Çünki rayon mühasirədə olduğundan heç cür çıxmaq mümkün deyildi. Yeganə yol Araz çayını keçib İrana keçmək idi. Ordan da Azərbaycanın bir çox yerlərinə səpələndik. Hələ də elə bilirlər ki, bizə kömək gəlib. Halbuki, heç bir köməklik olmadı. Sadəcə olaraq İran tərəfdən xüsusi təyinatlılar gəlmişdi, onlar da elə o tərəfdən geri çəkildi. Sonuna qədər mübarizə apardıq. Elə axırıncı döyüşlər də Mincivan qəsəbəsində oldu”

 

“Tankı Araz çayından keçirdik”

Keçmiş döyüşçü deyir ki, heç bir kömək gəlməsə də, sonuna qədər rayon müdafiə olunub.

Zəngilanın müdafiəsinə qalxan hərbi hissəmiz o dövrə görə çox güclü olub. Amma rayonumuzun işğal olunmasının səbəbi silah-sursatın olmaması deyildi. Əsas səbəb həmin vaxtlarda Qubadlının, Cəbrayılın işğal olunması idi. Çünki bir alay bütün ərazini qoruya bilməzdi. Uzaqbaşı 10-12 km ərazini müdafiə edə bilərdi. Bir alay o boyda əraziləri təkbaşına necə qorumalı idi ki?! Təsəvvür edin, 250 km ərazini də bir alay qoruyurdu. Ona görə də qüvvələrin az olması işğal prosesini sürətləndirdi. Amma o vaxtlar çox böyük həvəslə döyüşən oğullarımız vardı. Sonuncu gün artıq ermənilər Zəngilanı tam mühasirəyə almışdı. Biz son gücümüzə qədər döyüşürdük. Mənim də bir tankım vardı. O tankı ermənilərə vermədim. Döyüşə-döyüşə Araz çayına gətirdim. Amma tank artıq çaya girəndə işləmədi. Nasaz vəziyyətdə tankı idarə etmək olmurdu. Tankı düzəltmək üçün mütəxəssis də yox idi. Güclə də olsa tankı İrana keçirə bildim”

 

Ən dəhşətli gün

 

Zəngilandan olan məcburi köçkün deyir ki, həmin gün xeyli şəhidlərimiz oldu.

1993-cü ildə Zəngilanda gördüyüm ən dəhşətli hadisələr oktyabrın 24-25-də olmuşdu. Həmin vaxt Cəbrayılın qumluq ərazisində Yazı düzü deyilən yer vardı. Həmin yerdə ağır müharibə olmuşdu. Elə həmin vaxtda çoxlu şəhid verdik. Yadımdadır ki, Hacıəli adlı döyüşçü ağır yaralanıb şəhid oldu. O, düşmənin tankını məhv edəndən sonra 20 nəfəri ölümdən qurtarıb özü də şəhid oldu. Həmin döyüşdə adi formada ölən olmadı. Hamı qəhrəmancasına döyüşüb şəhid oldu. Hətta Zəngilanın müdafiəsinə müxtəlif bölgələrdən gəlib döyüşən oğullarımız vardı. Az saylı xalqlar arasında da döyüşənlər vardı

 

“Quru çörək də tapmırdıq”

 

Mirqasım Mirmahmudovun sözlərinə görə, insanların ümidi Cəbrayıl və Qubadlı işğal olunana qədər idi. 

Bu rayonlar işğal olunandan sonra insanlarda ümidsizlik yarandı. Hər an Zəngilanın işğal olunacağı qorxusu vardı. Digər tərəfdən ərzaqla təmin olunmağımız sıfır səviyyədə idi. Ərzaq gətirilsə də onları yerlərə daşımaq çətin idi. Çünki maşınlarımız vurulmuşdu, yollar bağlı idi. 2 ay mühsirədə qalan rayonumuza giriş-çıxış mövcud deyildi. 2 il qabaq elektrik xətti kəsilmişdi. Zəngilanlılar qədim insanlar kimi ocaqda yemək bişirib yeyirdilər. Nə qazımız, nə də işığımız vardı. 

 

Zəngilanın işğalından təxminən 10 gün qabaq o zamankı müdafiə naziri Məmmədrəfi Məmmədov rayona gəlmişdi. Şəxsən mənimlə görüşdüyünü çox yaxşı xatırlayıram. Bizim ondan istəyimiz  bizə yemək və silah vermələri ilə bağlı oldu. Çünki başqa heç nə istəmirdik. O da  dedi ki, yerinizdə möhkəm dayanın. Əlavə qüvvələr gələcək. Amma nə ərzaq gəldi, nə də əlavə qüvvə. Döyüşçülərimiz arasında 10 gün idi ki, çörək yeməyənlər vardıQuru çörək də tapmırdıq.