“Ölkə başçısı uğrulu əməliyyata görə mənə saat bağışladı…”- Aprel döyüşlərinin komandiri…

Şanlı aprel döyüşlərimiz zamanı Xüsusi Təyinatlı Bölüyümüz erməniləri çox ağır itkilərə məruz qoydu. Talış kəndində aparılan əməliyyatlar zamanı düşmənin xeyli canlı qüvvəsi və postları məhv edildi. Həmin döyüşlərin qrup komandiri, baş-leytenant Mənəfov Səməndər Müqavimət oğlu da çox böyük qəhrəmanlıq göstərib. Ağır döyüşlər zamanı komandir minaya düşərək bir ayağını itirib.
Beləliklə, Moderator.az aprel döyüşçüləri ilə bağlı növbəti yazını təqdim edir. Qrup komandiri döyüş yolu haqda danışır:
“On dörd yaşımdan hərbi təhsil almağa başladım…”
“1990-cı ildə Kürdəmir rayon Xınıslı kəndində anadan olmuşam. Ailədə üç uşaq olmuşuq mən ortancılam. Hərbçi olmağa marağım uşaq vaxtı yaranıb. Onda hərbi forma geyinmək arzum idi. 14 yaşımdan hərbi təhsil almağa başladım. 2004-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olundum. 2007-ci ildə liseyi bitirib Heydər Əliyev adına Hərbi Akademiyaya qəbul olundum. 2011-ci ildə akademiyanı bitirib Silahlı Qüvvələrimizin Təlim Tədris Mərkəzində dinləyici zabit kimi bir il təhsil aldım. 2012-ci ildə leytenant rütbəsi alaraq Goranboy rayonunda yerləşən N saylı hərbi hissəyə yollandım.
“Həmin əməliyyatdan sonra ölkə başçısı bizimlə görüşdü…”
Dörd gün sonra Xüsusi Təyinatlıların kursuna yazılıb altı ay kurs keçdim. Bundan sonra xidmətə başladım. Biz 2016-cı ilə qədər bir çox uğurlu əməliyyatlar həyata keçirmişik. O qədər vətənpərvər bir adamam ki, hətta toyumu da Silahlı Qüvvələr günü etdim. 2012-ci ilin 26 iyulunda ailə həyatı qurdum və indi bir oğlum var. Ən ağır əməliyyatımız 2014-cü ilin avqust ayında olub. Aprel döyüşlərində şəhid olan zabit yoldaşımız Mühid Orucovla 2014-cü ilin avqust ayında 12 nəfərlik heyətlə ermənilərə qarşı əməliyyat keçirdik. Üç şəhid verdik və
üç yaralımız oldu. Amma ermənilərin 40-dan çox canlı qüvvəsini məhv etdik. Həmin əməliyyatdan sonra ölkə başçısı bizimlə görüşdü və bu saatı mənə hədiyyə etdi. (qolundakı saatı göstərir). Bu tarixdə görünməyən bir şey idi. Bizim pusqumuzdan düşmənin sağ çıxacağına heç vaxt inanmaram.
“Tez əlimlə ayağıma baxıb gördüm ki, çox ağır yaralanmışam…”
Bundan sonra bir çox əməliyyatlarımız olub. Bizim ən  uğurlu əməliyyatlarımızdan biri də aprel döyüşləri idi. Biz martın 31-dən əməliyyarlarda idik. Mən öz qrupumla aprelin 2-i axşam Goranboy rayon Gülüstan kəndi istiqamətində düşmən tərəfə keçdim. Bizə xəbər gəldi ki, qrup komandiri Ağasəmi Şahgəldiyevin qrupu mühasirəyə düşüb. Yolda pusquya düşdük və düşmənin canlı qüvvəsini məhv edərək səngərinə yaxınlaşdıq. Bir dən hiss etdim ki, ayağımın altında partlayış oldu. Elə bildim ki, qumbara atdılar. Yerə yıxılmışdım. İstədim qalxam gördüm ki, yox, qalxa bilmirəm. Tez əlimlə ayağıma baxıb gördüm ki, çox ağır yaralanmışam. Bildim ki, mina sahəsinin içindəyik. Yerimdə döyüş mövqeyimi tutdum. Müharibədə döyüşçünün ən yaxın dostu silahıdı.
“Amma atam ayağımı itirdiyimi eşidəndə ürəyi partladı…”
Düşmənin bir neçə əsgəri üstümüzə irərlilədi onları məhv etdik. Sonra öz rabitəmin naqilləri ilə ayağımı bağladım ki, qan itirməyim. Mühasirəni yardıq və düşmən tərəfindən mühasirəyə düşən qrupumuz ordan çıxdı. Aprelin 3-də hərbçi yoldaşların köməyi ilə cəbhə bölgəsindən təxliyə olundum. Əslində uşaqlara dedim ki, sizə yük olmayım, məni burda qoyun gedin. Dedilər ki, ya səni çıxardacağıq burdan, ya da bir yerdə hamımız şəhid olacağıq. Məni gətirən şəxsi heyyətimə yol göstərirdim. Çünki əraziyə yaxşı bələd idim. Hospitalda sol ayağımı dizdən aşağı amputasiya etdilər. Bunu evdəkilərdən gizlədirdim. Zəng vurub demişdim ki, yaralanmışam narahat olmayın gələcəm. Amma atam ayağımı itirdiyimi eşidəndə ürəyi partladı.
“Düşmən bir daha şahid oldu ki…”
Göstərdiyim xidmətlərə görə ölkə başçısı tərəfindən “Üçüncü dərəcəli” medalı ilə təltif edildim. Bir il müalicə aldım. Birinci qrup Qarabağ əliliyəm. Biz ermənilərə elə divan tutmuşuq ki, onlar bunu heç vaxt yaddan çıxara bilməyəcəklər. Düşmən bir daha şahid oldu ki, onlar bizim qarşımızda heç vaxt tab gətirə bilməzlər. Ona görə də sərhədlərini qorumağı ruslara həvalə edib, döyüşlərə muzdlu döyüşçülər cəlb edirlər.
Allah döyüşlərdə şəhid olan qardaşlarımıza rəhmət eləsin. Biz həmişə onları yad edəcəyik. Azərbaycanın qəhrəman oğulları çoxdur. Bizə şərait yaratsınlar ki, tez bir zamanda düşməndən qisasımızı alıb, torpaqlarımızı azad edək. Vətən sağ olsun!”.
Zdrave universal kremi zdrave forte