Bazar ertəsi , Oktyabr 22 2018
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycanın yeni silahları düşmənin təlaşını artırıb – Müharibə xofu

Azərbaycanın yeni silahları düşmənin təlaşını artırıb – Müharibə xofu

İyunun 12-də Azərbaycan və Türkiyənin böyük layihəsi olan Cənub Qaz Dəhlizinin (CQD) ikinci mühüm həlqəsi – TANAP-ın təntənəli açılışı oldu. İşğalçı Ermənistan Dağlıq Qarabağ məsələsinə görə bu nəhəng energetik layihədən də kənarda qaldı və milyardlar itirdi. İki qardaş ölkə isə öz güclərinə bir az da güc qatacaqlar – qarşılıqlı şəkildə. Baş verən hadisə təcavüzkar ölkəyə bir daha aydın bir siqnal oldu ki, Azərbaycan torpaqlarını işğal altında saxladıqca onun dirçəlməsi, əhalisinin rifaha qovuşması mümkün olmayacaq.
Azərbaycan üçün isə TANAP-ın açılışı, bütövlükdə CQD-nin işə düşməsi dünyada söz sahibliyinin artması ilə yanaşı, həm də öz büdcəsinə böyük paralar deməkdir. Bu da öz növbəsində silahlı qüvvələrimizin ən müasir döyüş texnikası və sistemləri, modern silahlarla təchiz edilməsi üçün yeni imkanlar açacaq. Necə ki, rəsmi Bakı bu yöndə fəaliyyətini davam etdirir.
Bu günlərdə Belarus istehsalı olan “Polonez” və İsrail istehsallı LORA reaktiv yaylım atəşli raket və raketdən müdafiə sistemlərinin nümayişi buna sübutdur. Konkret olaraq “Polonez” Rusiyanın Ermənistana bağışladığı “İsgəndər E” komplekslərinin analoqu sayılır.
Yəni artıq heç bir hərbi göstərici üzrə düşmən özünü üstün saya bilməz. Əksinə, əksər hərbi ekspertlərə görə, Azərbaycan ordusu indi həm havada, həm də quruda düşmən ordusundan əhəmiyyətli üstünlüyü təmin edib. Ən başlıcası, ölkəmizin arsenalındakı silahlar qat-qat müasir və modern sayılır, nəinki Ermənistanın öhdəsində olan silahlar.
*****
Gözlənildiyi kimi, Azərbaycanın aldığı son müasir hərbi texnika və komplekslər düşmən tərəfdə ciddi təlaş yaradıb. Erməniləri özündən çıxaran həm də konkret olaraq “Polonez” kimi sistemlərin Azərbaycana məhz işğalçı ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə müttəfiqi Belarus tərəfindən tədarük edilməsidir.
“Azərbaycanlılar dünya silah bazarında ”İsgəndər”lərin bənzərini aktiv şəkildə axtarmağa başladılar və onu Belarusda tapdılar. Lukaşenko axır ki, Azərbaycana “Polonez” satdı. Onun heç vecinə də deyil ki, azərbaycanlılar “Polonez”dən ermənilərə raket yağdıracaq”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə armenianreport.com nəşrindəki məqalədə deyilir.
“Bu harasıdır, son illər Belarus Azərbaycana özünün KTMT üzrə müttəfiqi Ermənistanla hesablaşmayaraq, böyük sayda zirehli texnika və artilleriya sistemləri verib. ”Polonoz” məsələsi də ciddiyə alınarsa, artıq zaman yetişib ki, Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyində iştirakı məsələsinə təzədən baxılması məsələsi ölkənin yeni rəhbərliyi qarşısında qaldırılsın. Ona görə ki, bizim bu təşkilatlarda Belarus kimi bunca ikiüzlü və tamahkar dövlətlərlə birgə iştirakımız və bu birliklər çərçivəsində kooperasiyamız milli maraqlarımızla ziddiyyət təşkil edir”, – deyə nəşr hiddətini gizlətməyib.
*****
Ancaq bu kimi çırpınmalar əbəsdir. İşğalçı tərəf anlamalıdır ki, işğal rejimi davam etdikcə, nə Ermənistan, nə də onun ərazimizdəki işğalçı qüvvələri heç vaxt özünü rahat və təhlükəsizlikdə hiss etməyəcək. Maliyyə resursları kasad olan və bütünlüklə Rusiyadan asılı duruma düşən, rusun kreditə verdiyi silahların ümidinə qalan Ermənistandan fərqli olaraq Azərbaycan öz hərbi qüdrətini ilbəil artıracaq və düşmən üzərində əzizi üstünlüyünü təmin edəcək. Bu isə hər şeydən öncə hərbi güclə təhdidi deməkdir və müharibə olmadan belə Ermənistanın torpaqlarımızdan çıxmasını tezləşdirəcək. Naxçıvan istiqamətindəki son presedent bunun xəbərçisi sayıla bilər. Təhlilçilər də eyni qənaətdədirlər.
“Azərbaycanın Ermənistana verdiyi son dərs işğalçını regiondakı mövcud reallıqlarla hesablaşmağa məcbur edir”. Bunu axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Azərbaycan ordusunun Naxçıvandakı uğuru birmənalı olaraq regionda hərbi-siyasi vəziyyətin dəyişdiyindən xəbər verir.
“Ötən dövrdə hərbi-siyasi vəziyyət buna imkan vermirdi. Burada müxtəlif amillər, o cümlədən regional ölkələrin maraqlarını da ön plana çəkmək lazımdır. Ermənistan həmişə Rusiyanın arxasında gizlənir və müxtəlif vasitələrlə Azərbaycanla olan əməliyyatlara Rusiyanı da qatmağa çalışırdı. İrəvan bu mənada Rusiyadan informasiya və ya siyasi dəstək almağı bacarırdı. Ancaq düşmən bu dəfə umduğunu Rusiyadan ala bilmədi. O üzdən Ermənistan rəhbərliyi özünü elə apardı ki, guya heç nə baş vermir. Bu, o deməkdir ki, Ermənistan da artıq vəziyyətin dəyişdiyini anlayır. Azərbaycan bu vəziyyətdən maksimum istifadə edərək Ermənistana öz hərbi gücünü nümayiş etdirir”, – deyə o qeyd edib.
Politoloq bildirib ki, bu fonda Azərbaycanın Belarus, İsrail və Rusiyadan yeni təyinatlı hərbi sursatların alınması istiqamətində apardığı son danışıqlar Ermənistana ciddi mesajdır: “Bütün hallarda Ermənistan çox aciz bir duruma düşüb. Diqqət çəkən məqam isə Rusiyanın da bunda maraqlı olmasıdır. Azərbaycanla Rusiyanın maraqları bu məsələdə üst-üstə düşür. Son vaxtlar Ermənistanın siyasi rəhbərliyi müəmmalı bəyanatlarla çıxış edir, qondarma Dağlıq Qarabağ rejiminin danışıqlarda tərəf kimi çıxış etməsini irəli sürür. Bu, Rusiyanı da qane etmir, çünki indiki danışıqlar prosesinin məntiqinə ziddir. Putin danışıqlar prosesinin Moskvanın maraqlarının əleyhinə inkişaf etməsinə imkan verməz. Bu təklif Rusiyanın istəyindən kənarda səsləndiyindən, Moskva İrəvanın hazırkı özfəaliyyətindən narahatdır. Ona görə də Azərbaycanın Ermənistana hərbi-siyasi təzyiqi Rusiya tərəfindən narazılıqla qarşılanmadı. Bütün bunlar isə danışıqlar prosesinin intensivləşdirilməsini zəruri edir. Ermənistanın yeni rəhbərliyi artıq ortaya konkret mövqe qoymalıdır”.
Politoloqa görə, Azərbaycanın işğalçıya təzyiqi Ermənistanı öz mövqeyində korrektələr etməyə və danışıqlarda real təkliflərlə çıxış etməyə məcbur edir: “Əgər yaxın vaxtlarda danışıqlar prosesi başlasa, ermənilər son proseslərdən lazımi nəticə çıxaracaqlar”.
Ancaq bu, yəqin ki, o vaxt baş verəcək ki, Ermənistanın yeni populist rəhbəri Nikol Paşinyan, nəhayət, inqilab eyforiyasından qurtulacaq və sərt reallığa tapınacaq. Buna elə bir şey qalmayıb.(musavat.com)

Həmçinin oxuyun

Bu gecə atəşkəs 27 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub. Müdafiə …