Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Xan Lənkərana gəlin – “Çay, çəltik , sitrus” festivalına qonaq olun! (Foto-reportaj)

Xan Lənkərana gəlin – “Çay, çəltik , sitrus” festivalına qonaq olun! (Foto-reportaj)

10 noyabr, saat 10.00. Bu, adicə tarix, adicə təqvim günü deyil. Lənkəranda keçiriləcək ikinci “Çay, çəltik, sitrus” festivalı məhz bu tarixdə, şəhərin mərkəzi H.Əliyev xatirə parkında , “Cəngi” sədaları altında start götürəcək.Qızılı payızda bahar, bayram ovqatı yaşamaq , təbiətin ilahi gözəlliklərindən zövq almaq , bəxş etdiyi naz- nemətlərdən dadmaq, zəhmət adamları ilə üzbəüz görüşüb, sevinclərinə şərik olmaq istəyirsinizsə, bu tarixi qaçırmayın. Yolunuzu bu şənbə xan Lənkərandan salın. Ürəkdən deyirəm, ürəyinizcə olacaq bir bayrama şahidlik edəcəksiniz, bu tarix ömrünüzdə özəl, gözəl bir gün kimi yaddaqalan olacaq.

Bəs Lənkəran şəhər icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu ilki festivalda iştirakçıları hansı sürprizlər gözləyir? Təşkilat komitəsi vəd edir-bayram ötən ilkindən də rəngarəng olacaq. Məhsul bayramında Lənkəranda istehsal olunan coxşeşidli məhsullar və təbiətin bəxş etdiyi nemətlər nümayiş olunacaq, iştirakçılara istehsalçılarla yaxından tanışlıq , birbaşa ünsiyyət imkanı yaradılacaq. Yerli çay fabriklərində istehsal olunmüş, ekoloji cəhətdən tam təmiz, qatqısız Lənkəran çayını tədbir boyunca dada bilərsiniz. Lənkəran xanımlarının bişirdiyi dadlı şirniyyatlarla, mürəbbələrlə , bişmişlərlə. Limonlu samovar çayından içəndə bir daha əmin olacaqsınız ki,bu diyarın məxməri çayının həqiqətən də, misli yoxdur, min bir dərdə dərmandır.
Dərman demişkən, əgər təbiətin bu qədər möcüzəli nemətləri varsa, dərmana nə ehtiyac? Xəstəsi də şəfa tapar Lənkəranın limonundan, narıngisindən, feyxoa, kivi, portaxalından.Həm də əsil məqamıdır.İlin bu fəslində Lənkəran büsbütün narıngi qoxuyur, havadan limon ətri gəlir.Barlı-bəhərli portağal bağları ağız sulandırır.Bu mənzərənin sözlə təsviri yox, gərək göz görsün, ürək duyğulansın, könül sevsin.Lənkəranlılar yurdlarını cox sevirlər və inanırlar ki, bu ilahi nemətlər saflıqlarına, zəhmətsevərliklərinə, xoş məziyyətlərinə , Allahsevərliklərinə, yurdsevərliklərinə görə onlara tanrının lütfüdür.

Yeri gəlmişkən, Lənkəran təkcə çayı, sitrus meyvələri ilə deyil, ta qədimlərdən həm də ətirli düyüsü, bu düyülərdən bişirilən növbənöv plovları ilə məşhurdur. “Akulə”, “Sədri”, “Haşımi” düyülərindən bişirilmiş plovların dadına baxmaq istəyinizi festival günü reallaşdıra bilərsiniz.Plovların çeşidini, cənub mətbəxinin ləziz təamlarını bir-bir sadalamaqla günaha batmaq istəmirəm.Ən yaxşısı gəlin, görün,dadın, qiymət verin.Necə deyərlər, həm ziyarət, həm ticarət!
Məhsul bayramı əmək adamlarının qiymətləndirilməsi ilə də yaddaqalan olacaq. Festivalda rayon icra hakimiyyəti əlinin zəhməti ilə tanınıb seçilən bir qrup əmək adamını fəxri –fərman və qiymətli hədiyyələrlə mükafatlandıracaq.
…Lənkəranın payızı bir özgə aləmdir, təbiətin qızıl vaxtıdır.İlin bu çağında ilahi gözəllikdən zövq almaq, qızılı-qırmızı donlu dəmirağaclarının möhtəşəm mənzərəsini görmək istəyirsinizsə, vaxt itirməyin, bu şənbə qonağımız olun!

Cənub hərarətli festivalda təkcə xan lənkəranlıların zəngin mətbəxi ilə deyil, zəngin mədəniyyəti ilə də tanış olmaq imkanınız olacaq.Burada dinləyəcəyiniz , bu yerlərin ab-havası hopmuş qədim əmək-bicar nəğmələrini çətin ki, bir ayrı məkanda eşitmək imkanınız ola. Bu nəğmələri sizə üzü nurlu “Nənələr”imiz oxuyacaq, “ Halay” ansamblı unudulmaqda olan”Şalı-şalı “ rəqsini ifa edəcək , yerli musiqiçilər cənub folklorunun ən yaxşı nümunələrini səsləndirəcəklər.Qol götürüb süzməyi öz ixtiyarınıza buraxırıq.
Festivalın təşkilatçıları iştirakçıların ötən ilki təkliflərini də nəzərə alıblar.Lənkəranda yetişdirilən və istehsal olunan məhsulların satış yarmarkası da təşkil olunacaq.Məhsul bayramı axşam şəhər mədəniyyət mərkəzinin böyük zalında respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.
Bəli, elliklə yığışıb məhsul bayramı keçirmək keçmiş sovet məkanının ən yaxşı ənənələrindən biri idi və əsası da məhz Lənkəranda qoyulmuş, bəyənilərək ölkə miqyasına yayılmışdı.Nə xoş ki, bu ənənə yenidən yaşarı olub!Yolunuzu gözləyirik-xan Lənkəranın adına layiq qonaqpərvərliklə!

Esmira İsmayılova,
Lənkəran.

Həmçinin oxuyun

Qəbula düşə bilməyən vətəndaş: “Nazirə məktəbin problemlərindən danışacaqdım”

“Hamını birinci mərtəbədəki havasız bir otağa yığdılar, nazirsə ikinci mərtəbədə qəbul edəcəkdi” “Ötən aydan deyirdilər …