Ana səhifə / Bölgələr / Tərtərin Borsunlu kəndinə aparan bərbad yollar: ŞİKAYƏT

Tərtərin Borsunlu kəndinə aparan bərbad yollar: ŞİKAYƏT

Borsunlu kəndi Tərtər rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşir.

Bu ucqar kənd yaşayış üçün zəruri infrastruktur – işıq, qaz, su və rabitə sistemi ilə tam təchiz olunsa da yolları bərbad haldadır.

Xüsusən də kəndi magistral yolla birləşdirən Sarov-Borsunlu yolu tamailə sıradan çıxıb. Üstəlik, bu yolun üzərində əlavə olaraq Sarov, Bildirçinli, Rəcəbbəyli, Rəcəbli və Kovdadıq kəndləri də yerləşir. Bu kəndlərdə yaşayan sakinlərin demək olar ki, bir problemi var – bu da Yolsuzluqdur…

Sarov-Borsunlu yolu cəmi 9 kilometr uzunluqdadır. Sonuncu dəfə keçən əsrin 80-ci illərinin ortalarında təmir olunub. O vaxtdan bəri sıx şəkildə istifadə olunan yol demək olar ki, yararsız hala düşüb. Yolda elə çalalar əmələ gəlib ki, oranı ancaq tırtıllı texnika ilə keçmək mümkündür.

Kənd sakinləri AzNews.az-a bildirdi ki, problemlə bağlı dəfələrlə həm yazılı, həm də onlayn surətdə aidiyyati qürumlara müraciət ediblər. Lakin heç bir müsbət cavab almayıblar. Sadəcə olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Tərtər rayon İcra Hakimiyyəti standart cavab verməklə öz işlərini bitmiş hesab ediblər. İşə birbaşa cavabdeh olan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə müraciətlərə heç bir reaksiya olmayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. O bildirdi ki, agentliyə müxtəlif yerlərdən xeyli sayda məktub və şikayət daxil olur. Bu o demək deyil ki, gələn məktublarda qaldırılan şikayətlər dərhal həllini tapmalıdır:

“Ümumiyyətlə, hər hansı bir bölgədə yol tikintisi ilə bağlı işlər görülməlidirsə, o əvvəcədən hazırlanmış tədbirlər planına daxil edilir. Builki tədbirlər planında Tərtər rayonunun Borsunlu kəndi ilə bağlı məsələ yoxdur. Bu kəndlə yanaşı, bu gün kifayət qədər kəndlərimiz var ki, yolları bərbad haldadır. Bu yolların hamısının birdən-birə yenidən qurulması qeyri-mümkündür, həm fiziki, həm də maddi cəhətdən. Sakinlər görürlər ki, qonşu kəndlərdə yollar yenidən qurulub, başlayırlar şikayət etməyə. Düşünürlər ki, şikayət əsasında problem tezliklə həll olunacaq. Dediyim kimi, öncədən 1-2 illik plan hazırlanır və onun əsasında yerlərdə işlər həyata keçirilir”.

A.Nəcəfli vurğuladı ki, Borsunlu kəndinin yollarının bərpası 2020-ci ildən o tərəfə keçməyəcək:

“İnsanları da başa düşürük, rahat yolla gedib-gəlmək istəyirlər. Amma vətəndaşlar da başa düşməlidirlər ki, bütün yolları eyni anda bərpa etmək mümkün deyil. Bu işlər hissə-hissə həyata keçirilir, inşallah yaxın gələcəkdə o kəndləri də əhatə edəcək. Hazırda yolların yenidən qurulması istiqamətində kifayət qədər böyük əraziləri əhatə edən işlər həyata keçirilir və bu işlər davam etdiriləcək. Bu məsələ ilə bağlı dövlət başçısının Agentlik qarşısında konkret tövsiyə və tapşırıqları var. Həmin tapşırıqlara uyğun olaraq işlər öz axarı ilə həyata keçirilir. Əgər sözügedən ərazidə qonşu kəndlərdə yolların yenidən qurulması aparılıbsa, yəqin ki, Borsunlu kəndinin yollarının bərpası da 2020-ci ildən o tərəfə keçməz”.

Qeyd edək ki, Borsunlu kəndinə Qarabağ müharibəsi ərəfəsində çox ciddi ziyanlar dəyib. Kənd Qarabağ döyüşləri nəticəsində yeddi igid övladını şəhid verib. Kənd əhalisi bu gün də öz döyüş ruhunu saxlayır, dövlətə, dövlətçiliyimizə, onun Prezidentinə inanır və sadiqdirlər.

Kənd sakini Aslan İsmayılov bizimlə söhbətində bildirdi ki, ölkəmizdə iqtisadi-sosial yönümlü, regionlarıın iqtisadi inkişafı üçün Dövlət Proqramları və layihələr həyata keçirilir:

“Biz bütün baş verən prosesləri diqqətlə izləyirik və bunları alqışılayırıq. Kəndimiz döyüş bölgəsində, cəbhə xəttində yerləşməsinə baxmayaraq, işıq, telefon, qaz və su təhcizatı ilə təmin olunub. Bizim yeganə problemimiz yolsuzluqdur. Ona görə də biz sakinlər aidiyyəti qurumlardan xahiş edirik ki, kəndimizin yolları tez bir zamanda bərpa edilsin”.

Elgün Mənsimov
AzNews.az

image description
image description

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …