Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Bölgələr / Sahibkarlar Füzulinin icra başçısından Novruz Məmmədova şikayət etdilər

Sahibkarlar Füzulinin icra başçısından Novruz Məmmədova şikayət etdilər

Füzuli rayonundan olan bir qrup sahibkar icra başçısı Alı Alıyevdən baş nazir Novruz Məmmədova müraciət ediblər. Gundeminfo.az yazır ki, ötən ilin avqustun 1-də ünvanladıqları məktublarında göstərdikləri müraciətlərinə müsbət cavab ala bilməyən sahibkarlar yenidən baş nazirə müraciət ediblər. Müraciət müəllifi olan sahibkarlar hüquqlarının tapdandığını iddia edirlər:

– Biz bir qrup Füzuli rayon sahibkarları; – Həsənov Vilayəddin Havarxan oğlu, Hacıyev Ruslan Fazil oğlu, Novruzov Sabir Tufan oğlu, Axundov Cəfər Əmrah oğlu, Səlimov Şahin Nüsrəddin oğlu, İbrahimov Kənan Sehran oğlu, Xəlilov Əli Abı oğlu və qeyriləri uzun illərdir ki, Füzuli rayonunda Haramı düzü adlanan ərazinin bir hissəsində sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq. Biz sabibkarlığın inkişafı barədə dövlət siyasətinə dəstək verərək, təxminən 1997-ci ildən qeyd edilən ərazidə öz vəsaitimiz hesabına zəruri şərait yaratmaqla, heyvandarlıqla və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul oluruq.

Biz sahibkarların səmərəli fəaliyyəti nəticəsində yeni iş yerlərinin açılması məqsədilə icmalar yaratmışıq. Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnişafı Fondunun vasitəsilə hər bir icmaya 150-180 milyon manat həcmində dövlət vəsaiti ayrılıb. Həmin vəsaitin 5% faizi miqdarında vəsait isə icma rəhbəri (məcburi köçkünlər tərəfindən) ayrılaraq dövlət proqramı həyata keçirilib. Qeyd edilən dövlət köməyi nəticəsində, eyni zamanda biz fermerlərin əlavə şəxsi vəsaitinin cəlb edilməsi nəticəsində müsbət göstərici ilə işləyən iri fermer təsərrüfatları formalaşdırmışıq.

Biz sahibkarlar dövlət vəsaiti və şəxsi vəsait hesabına ərazini suvarma sistemləri, energi təchizatı ilə təmin etməklə, əkin sahələrini münbitləşdirməklə, kənd təsərrüfatı texnikası almaqla, yardımçı tikililər inşa etməklə, çoxillik yaşıllıq sahələr yaratmaqla və sair zəruri olan digər infrastruktur şərait qurmaqla, yüzlərlə hektar ərazidə taxıl, pambıq, eyni zamanda yonca, şəkər çuğunduru və sair yem bitkiləri əkirlər. Bundan başqa, ərazidə yerləşən 29 fermer təsərrüfatında 1000 başdan artıq iri buynuzlu mal-qara, 8000-dən artıq xırda buynuzlu qoyun saxlanılır. Nəticədə sahibkarlıq obyektlərində 250 nəfər məcburi köçkün daimi, yaxınlıqda yerləşən «Qayıdış» qəsəbəsində yaşayan təxminən 1000 nəfər isə mövsümü işlə təmin ediliblər.

Lakin bütün bunlara baxmayaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alıyev Alı Nuşirəvan oğlu şəxsi maraqlarını dövlət maraqlarından üstün tutaraq, həmçinin “Bank Respublika” ASC-nin sahibi, “Səba” ASC, “Biləsuvar Aqro” MMC, “Qarabağ Taxıl” MMC və “Bakı Sığorta” ASC şirkətlərinin əsas səhmdarı olan Quliyev Natiq Saday oğlu ilə, həmçinin «Natural Aqro» MMC-nin rəhbəri Aslanov Azil Aslan oğlu əlbir olaraq biz sahibkarların torpaqlarını, infrastruktur layihələrini əvəzi ödənilmədən əlimizdən almaq istəyirlər.

Bu məqsədlə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alıyev Alı Nuşirəvan oğlu yüzlərlə məcburi köçkünün iş yer sayılan, çoxsaylı əkin sahələri və maldarlıq təsərrüfatları yerləşən həmin ərazidə sahibakarlıq obyeklərinin olmaması, yəni torpaq sahələrinin faktiki istifadəsiz qalması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktubla müraciət edib.

Azərbaycan Respublikası Nazirlər Kabineti Füzuli rayon İcra Hakimiyyətinin göstərilən məktubuna əsasən ərazidə kənd təsərrüfatı layihələrinin qurulması barədə 09 fevral 2017-ci il tarixli 97 S saylı qərar qəbul edib. Bu qərardan sonra Füzuli rayon İcra Hakimiyyətinin başçısı ərazinin Quliyev Natiq Saday oğlu və Aslanov Azil Aslan oğlunun istifadəsinə verilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Füzuli və Laçın rayonundan məcburi köçkün olan biz köçkünlər – Həsənov Vilayəddin Havarxan oğlu, Hacıyev Ruslan Fazil oğlu, Novruzov Sabir Tufan oğlu, Axundov Cəfər Əmrah oğlu, Səlimov Şahin Nüsrəddin oğlu, İbrahimov Kənan Sehran oğlu, Xəlilov Əli Abı oğlu və qeyriləri Füzuli rayonunda Haramı düzü adlanan ərazidə yuxarıda göstərilən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə «Camal» Kəndli-Fermer Təsərrüfatı, «Sənan Veysəlli» Kəndli-Fermer Təsərrüfatı, «H.Z.Tağıyev adına» Kəndli-Fermer Təsərrüfatı, «Vətən-96» Kəndli-Fermer Təsərrüfatı, «Rəşad-93» Kəndli-Fermer Təsərrüfatı, «Laçın» İcması və «Kənan Sabiroğlu» Kəndli-Fermer təsərrüfatı təsis etmişik, həmin təşkilatların Nizamnamələri yerli vergi orqanlarında qeydiyyata alınmışdır.

Həmçinin adı çəkilən fermer təsərrüfatlarının fəaliyyətinin qanunililiyi təsdiq edən Füzuli rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2000-ci il tarixli 38 saylı sərəncamı, Füzuli rayon İcra Hakimiyyəti Başçısının 18 dekabr 2000-ci il tarixli 68 saylı sərəncamı, Füzuli rayon İcra Hakimiyyəti Başçısının 25 dekabr 2000-ci il tarixli 72 saylı sərəncamı, Füzuli rayon İcra Hakimiyyəti Başçısının 08 iyun 2001-ci il tarixli 27 saylı sərəncamı, Füzuli rayon İcra Hakimiyyəti Başçısının 22 iyul 2003-cü il tarixli 18 saylı sərəncamı, Füzuli rayon İcra Hakimiyyəti Başçısının 10 may 2005-ci il tarixli 36 saylı sərəncamı, Füzuli rayon İcra Hakimiyyəti Başçısının 24 aprel 2008-ci il tarixli 16 saylı sərəncamı, Füzuli rayon İcra Hakimiyyəti Başçısının 30 mart 2007-ci il tarixli 16 saylı sərəncamı, Füzuli rayon İcra Hakimiyyəti Başçısının 26 dekabr 2012-ci il tarixli 81 saylı sərəncamı, Füzuli rayon İcra Hakimiyyəti Başçısının 01 mart 2013-cü il tarixli 33 saylı sərəncamı və Füzuli rayon İcra Hakimiyyəti Başçısının 12 oktyabr 2016-cı il tarixli 57 saylı sərəncamı mövcuddur. Bu sərəncamlardan sonuncuları Alı Alıyevin özü imzalayıb.

Belə olan halda, Füzuli rayon İcra Hakimiyyəti başçısı Alı Alıyevin torpaq icrə müqavilələrini, rayon İcra Hakimiyyətinin qeyd edilən sərəncamlarını, ərazinin faktiki olaraq səmərəli və məqsədyönlü istifadə edilməsini, son 15 ildə bizim ərazidə infrastruktur şərait yaratmağımızı, çoxsaylı məcburi köçkün sakinlərin əmək fəaliyyəti ilə məşğul olmalarını, əkinçiliyin və maldarlığın ərazidə məskunlaşan insanların yeganə peşə fəaliyyəti olmasını və sair əhəmiyyətli halları nəzərə almadan, ərazini Quliyev Natiq Saday oğlu və Aslanov Azil Aslan oğluna satması, Alı Alıyevin qanunlara hörmətsiz yanaşmasını, bürokratik fəaliyyət göstərməsini, məcburi köçkünlərə qayğı göstərilməsi barədə dövlət siyasətinə dönük çıxmasını və əhalini məqsədli şəkilə dövlət rəhbərindən narazı salmağa çalışmasını təsdiq edir.

Füzuli rayon İcra Hakimiyyəti başçısı Alı Alıyevin qanunsuz göstərişlərini icra edənlərdən biri də, «Azərişıq» ASC-nın Füzuli rayon Elektrik Şəbəkəsinin rəisi Səttar Rəhimovdur. Belə ki, həmin şəxs icra başçısının göstərişinə əsasən sahibkarlıq obyektlərinin enerji təchizatını dayandırır.

Baxmayaraq ki, həmin obyektlərdə abonent kodu üzrə borc mövcud deyil. «Azərişıq» ASC-nın Füzuli rayon Elektrik Şəbəkəsinin rəisi Səttar Rəhimov bu cür birokratik hərəkəti ilə ərazidə yaşayan sakinlərin bezərək ərazini tərk etməsinə çalışır və Ali Alıyevin göstərişi ilə hərəkət etdiyini etiraf edir .

Əlavə olaraq bildiririk ki, biz sahibkarlar Füzuli rayonunda Haramı düzü adlanan ərazinin təxminə 600 ha sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuluq. Lakin icra hakimiyyətinin başçısı qərəzli olaraq həmin sahəni Nazirlər Kabinetinə istifadəsiz sahə kimi təqdim etməklə, Nazirlər Kabinetindən 09 fevral 2017-ci il tarixli 97 S saylı qərar almağa nail olub. Elə bu məqsədlə də Alı Alıyev son 2 il müddətində vaxtı bitən torpaq icra müqavilələrinin vaxtının uzadılması barədə sahibkarların yazılı müraciətlərini cavabsız qoyub. Alı Alıyevin himayədarlıq etdiyi Quliyev Natiq Saday oğlu və Aslanov Azil Aslan oğlu layihə icra etmək istəyirsə, bunu Haramı düzünün boş qalan digər hissələrində həyata keçirə bilərlər.

Yuxarıda göstərilənləri nəzərə alaraq yaranmış problemin Həsənov Vilayəddin Havarxan oğlu, Hacıyev Ruslan Fazil oğlu, Novruzov Sabir Tufan oğlu, Axundov Cəfər Əmrah oğlu, Səlimov Şahin Nüsrəddin oğlu, İbrahimov Kənan Sehran oğlu və Xəlilov Əli Abı oğlunun iştirakı təmin edilməklə araşdırılmasına göstəriş verməyinizi, həmçinin Nazirlər Kabinetinin 09 fevral 2017-ci il tarixli 97 S saylı qərarına qismən dəyişiklik edilməklə mübahisənin həll edilməsinə və bu işdə biz sahibkarlara köməklik göstərməyinizi Sizdən xahiş edirik.

Həmçinin oxuyun

Mənşur Gülməmmədli vəzifəsindən azad edildi – Naxçıvan Hava Limanına bu şəxs rəhbərlik edəcək

Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib. TNS xəbər verir ki, bu …