Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / Bölgələr / Naxçıvan şəhərindəki “Duzdağ” otelində 31 dekabr tədbiri

Naxçıvan şəhərindəki “Duzdağ” otelində 31 dekabr tədbiri

Naxçıvan şəhərindəki “Duzdağ” otelində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılma ­mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun, Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə aparıcılar muxtar respublika əhalisinin 30 faizdən çox hissəsinin gənclər olduğunu vurğulayıblar. Qeyd edilib ki, bu gün qədim diyarda aparılan siyasət nəticəsində gənclərin dövlət idarəetmə orqanlarına, o cümlədən cəmiyyətin bütün aparıcı sahələrinə inteqrasiyası diqqət ­mərkəzindədir. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxışında bu il muxtar respublikamızda idman və gənclərlə iş sahələrində həyata keçirilən tədbirlərdən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib.

“Təsadüfi deyil ki, ilin son günü biz, eyni zamanda dünya azərbaycanlılarının həmrəylik bayramını da qeyd edirik. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə qeyd olunan bu tarix dünya azərbaycanlılarını vahid Vətəninin –Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, qazanılan uğur və nailiyyətlərdə, haqq mübarizəsində bir olmasına, həmrəyliyinə yönəlmiş çağırış bayramıdır. Bu səbəbdən bu tarixi bayram ildən-ilə sərhədlərini daha da genişləndirərək, bütün dünya azərbaycanlıları tərəfindən dərin rəğbətlə qeyd olunur”, – deyən gənclər və idman naziri tədbir iştirakçılarını 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov çıxışında qeyd edib ki, muxtar respublikamızda gənclər siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsil, mədəniyyət, idman, səhiyyə, sosial təminat sahələrində gördüyü işlər doğma diyarımızda hərtərəfli inkişafı təmin edir. Vurğulanıb ki, muxtar respublikada gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara vətənə bağlılıq hisslərinin aşılanması, eləcə də asudə vaxtlarının səmərəli təşkil edilməsi, intellektual və fiziki inkişafının təmin olunması üçün hər cür şərait yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, dövlət gənclər siyasəti bu gün Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Son illər gənclərimizin muxtar respublikamızın həyatında fəal iştirakı, gənc istedadların dövlət qayğısı ilə əhatə olunması gənclər siyasətinin həyata keçirilməsi istiqa­mətində görülən tədbirlərin tərkib hissəsidir. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu bu ilin ötən dövrü ərzində həyata keçirilən layihələrdə gənc­lərin intellektual inkişafı, onların asudə vaxtlarının səmərəli təşkil olunması və müxtəlif layihələrdə birgə iştiraklarını ön plana çəkib, aidiyyəti qurumlarla birlikdə bir sıra tədbirlər həyata keçirib”, – deyən Məmməd Babayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində təşkil edilən müxtəlif layihələrdə, yaradıcılıq müsabiqələrində və bilik yarışlarında muxtar respublika üzrə 4 minə yaxın gənc iştirak edib, 400-ə yaxın gənc isə mükafatlandırılıb. Hər il olduğu kimi, bu il də yay tətili müddətində gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində yay məktəbi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun icraçı direktoru bundan sonra da gənclərə yönəldilmiş layihələrin diqqətdə saxlanılacağını bildirib, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb. Sonra tədbirin simvolu sayılan tortu kəsmək üçün Yeni ilin rəmzi olan Şaxta baba və Qar qız, həmçinin gənclər səhnəyə dəvət olunublar. Tədbirin gedişində Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər qiymətli hədiyyələrlə ­mükafatlandırılıblar. Bayram tədbiri musiqi və rəqs nömrələri ilə davam edib. Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Nəqşicahan” ritm qrupunun, Naxçıvan Musiqi Kollecinin muğam üçlüyünün, “Gənclik” instrumental ansamblının ifalarında mahnılar səsləndirilib, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qruplarının çıxışları olub. Eləcə də Naxçıvan Dövlət Universitetinin Şən və Hazırcavablar Klubunun və Naxçıvan Dövlət Texniki Kolleci tələbələrinin hazır­ladıqları səhnəciklərə tamaşa edilib. Bakı şəhərindən dəvət olunmuş müğənni Nuray Məhərovun çıxışı da alqışlarla qarşılanıb. Sonra Naxçıvanın 2018-ci ildə “Gənclər paytaxtı” seçilməsinə dəstək məqsədilə hazırlanan videoçarx nümayiş olunub. Tədbir çay süfrəsi ətrafında davam edib.

 

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Cəlilabadda yaşı 4,5 min il olan büt tapıldı – FOTOLAR

Cəlilabad rayonunda yaşı 4000-4500 il olan iki ədəd büt aşkar edilib. Totemlərlə bağlı olan bütlər …