“Mən də imkanım olmadığını dedim və 600 manat verməyə razılaşdım” – Əyalət məmurunu necə divara dirəyiblər..

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxs qismində Mustafa Muradov ifadə verib. O, Surxay Əliyevi bir dəfə gördüyünü, digər təqsirləndirilən şəxsləri xatırlamadığını deyib. Bildirib ki, Mingəçevir Telekommunikasiya Qovşağının rəisi işləyib: “Yanımıza jurnalistlər gəlirdilər, maşınlarının xarab olduğunu, kömək lazım olduğunu deyirdilər. Rabitə işi ilə bağlı mətbuatda çox yazılar gedirdi. Jurnalistlər mənə siz də oğrusunuz deyirdilər. Mən də yalvardım ki, vallah heç nədən xəbərim yoxdur. Heç kimlə işim yoxdur. Namaz qılan adamam. Surxay Əliyev mənə zəng edib dedi ki, yox, sənin haqqında da məlumat var saytlara verəcəm. Məndən əvvəlcə 5000, sonra 3000 manat istədilər. Mən də imkanım olmadığını dedim və 600 manat verməyə razılaşdım. Yevlax şəhər Postunun yanında həmin pulu Surxaya verdim”.

Daha sonra iclasda şahidlər ifadə verib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Zdrave universal kremi zdrave forte