17 Yanvar 2017, Çərşənbə axşamı

“Banla xoruz”, yaşlı gözlərimi saata dikmişəm… – Könül Quliyeva

14:48 | 31.12.2016
3.591 dəfə oxundu

“Xoruz ili”nin gəlişi məni bir anlıq uşaqlıq illərimin xoşbəxt günləri ilə yanaşı həm də kədərli xatirələrinə doğru apardı. Xoruzla bağlı indi təbəssümlə xatırladığım bir olayı heç vaxt unuda bilmirəm. Qonşuluğumuzda yaşayan rəhmətlik Zümrüd xalanın çox döyüşkən bir xoruzu var idi. Yırtıcı itlərdən daha çox ondan qorxardıq. Həyətə gələn hər kəsin üstünə ildırım sürəti ilə şığayıb zərbə vurar və həyətdən çıxmağa məcbur edərdi. Adamlar kor-peşiman geri qaçıb qapını da bərk-bərk tutardılar ki, xoruz qapıdan çölə çıxmasın.

Zümrüd xala özü gəlib qonaqları evə qədər müşayət etməsəydi, həyətə heç kim girə bilməzdi. Biz qonşular da yumurta-qatıq almaq üçün Zümrüd xalagilə tez-tez getməli olurduq. Günlərin birində rəhmətlik anam məni onlara yumurta almağa göndərdi. Darvazadan bütün həyət-bacaya boylandım ki, xoruz yoxdursa içəri keçim. Xoruzu görmədiyimə görə arxayınca həyətə girdim. Yumurtaları alıb çıxarkən arxadan bir səs eşitdim. Geriyə baxanda xoruzun üstümə sürətlə hücum cəkdiyini görüb necə qaçdımsa, bir də gördüm ki, artıq öz həyətimizdəyəm. Evimizə catmağıma baxmayaraq anidən əl-ayağım necə boşaldısa, yumurtaları əlimdən yerə salıb sındırdım. Halbuki o qədər yolu yumurtaları salamat evimizə gətirməyə nail olmuşdum. Qorxudan rəngimin ağardığını görən rəhmətlik nənəm anama, “uşağa su ilə bərabər yağ da dağ edib ver” dedi. Sanki üstümə pələng hücum çəkmişdi. O vaxtdan sonra toyuq-cücəni nə qədər çox sevsəm də, xoruzu heç xoşlamadım. Tərslikdən də anam həmişə mənə acıqlananda “qız adamla xoruz kimi dimdik-dimdiyə durur” deyərdi. Xoruzu sevmədiyim üçün bu müqayisələr mənə çox ağır gələrdi. Zamanla böyüdükcə fərqinə vardım ki, deyəsən həqiqətən də məndə “xoruza” bənzər xarakterlər var. Bəlkə də elə məhz “xoruz ili”ndə dünyaya gəldiyim üçün belə təəsürat yaranmışdı. Yenə də doğmalarımın davamlı olaraq məni “xoruza” bənzətmələri heç xoşuma gəlmirdi.

Nəhayət illər sonra “xoruz ili” mənə həm də qızım Münəvvəri gətirdi. “Xoruz ili”nin gəlişi mənə bütün kainati bəxş etdi, analıq duyğusunu yaşatdı. Qızımın da məhz “xoruz ili”ndə dünyaya gəlişi artıq xoruza münasibətimi dəyişdi. Hətta özüm də uşaq kimi “xoruz” oyuncaqlara, suvenirlərə maraq göstərməyə başladım. O cansız əşyaları sevdim, əzizlədim… İndi yenə səssizliyimə sığınaraq on iki il öncə mənə Münəvvərimi gətirən “xoruz ili”ni gözləyirəm. Zümrüd xalanın hər kəsə meydan oxuyan pələng cürətli, cəngavər xoruzuna bənzər bir “xoruz ili” gözləyirəm ki, bəlkə anasından ayrı düşmüş yavruları anasına yenidən gətirsin. Xoruzun banlaması səhərin açılmasının müjdəçisidir. Bəlkə bu səssizliyimi “xoruzun banlaması” pozacaq deyə, ümidlə gözləyirəm. Bəlkə “xoruzun banlaması” dövlətindən imdad gözləyən bir ananın məktublarına cavab verməyən məmurların qulaqlarının pasını açacaq? Ölkəmizin Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna haraylarımı çatdırmağa yardım edəcək? Bəlkə “xoruzun banlaması” puç olan ümidlərimə bir məlhəm olacaq? Bəlkə də bu “xoruzun banlaması” aləmə Tanrımın da duyacağı bir haray salacaq deyə, yaşlı gözlərimi saata dikmişəm…