24 İyun 2017, Şənbə

Azərbaycanlı jurnalistlər Türkiyədə – prezident Ərdoğanla görüş nəzərdə tutulub

11:59 | 19.06.2017
477 dəfə oxundu

Azərbaycan mediasını təmsil edən bir qrup jurnalist Türkiyədə səfərdədir. Heyətdə təmsil olunan “Yeni Müsavat” qəzetinin müxbiri Elşad Paşasoyun verdiyi məlumata görə, səfər proqramı kifayət qədər zəngin və maraqlıdır. Türkiyə hökumətinin təşkilatçılığı ilə baş tutan səfər İstanbul-Ankara-Qazantep marşrutları üzrə davam edəcək.

Səfər zamanı ilk olaraq Ankarada, Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsində (AFAD) görüşün keçirilməsi nəzərdə tutulub. Daha sonra Türkiyə Nazirlər Kabinetinin Mətbuat-Yayım İnformasiya Baş İdarəsi (BYEGM) ziyarət olunacaq. Səfərin növbəti günlərində Türkiyənin Baş nazirinin yardımçısı Veysi Kaynakla görüş olacaq. Dünyanın onlarla ölkəsindən dəvət olunan media mənsubları daha sonra Türkiyə-Suriya sərhədindəki qaçqın düşərgələriniziyarət edəcək, qardaş ölkənin qucaq açdığı qaçqınların durumu ilə yaxından maraqlanmaq fürsəti qazanacaq. Diqqətçəkən budur ki, dəvət olunan jurnalistlər yalnız müsəlman ölkələrinin deyil, eyni zamanda Avropanın aparıcı ölkələrinin təmsilçiləridir. Həmçinin Azərbaycan daxil postsovet ölkələrindən, o cümlədən Rusiyadan da media nümayəndələri dəvətlidir. Səfər zamanı Baş nazir Binəli Yıldırımla görüşün keçirilməsi də planlaşdırılır. Səfər proqramında edilən dəyişikliklərdən sonra məlum olub ki, media təmsilçiləri

Kahramanmaraşdakı qaçqın düşərgəsini ziyarətdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gəlmək fürsəti əldə edəcəklər. Türkiyə prezidenti jurnalistlərlə birlikdə iftar yeməyinə qatılacaq.

Musavat.com