17 Yanvar 2017, Çərşənbə axşamı

Azərbaycanda 2016-cı ilin korrupsiya statistikası

11:25 | 12.01.2017
278 dəfə oxundu

2016- cı ildə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 313 şəxs barəsində 201 cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün müxtəlif məhkəmələrə göndərilib.

Bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, ötən il idarəyə vətəndaşlar tərəfindən 9 360 ərizə və müraciət daxil olub: “Bu, öz növbəsində 2015 ci illə müqayisədə azdır – 10 654 . “Qaynar-xətt”ə müraciət edənlərin sayı 2015-ci ildə 7 266 olduğu halda, 2016-cı ildə bu rəqəm 5 492 olub. Gün ərzində növbətçi prokurorlar tərəfindən təxminən 15-20 məlumat alınır. “ASAN Xidmət” fəaliyyətə başladıqdan sonra “Qaynar-xətt”ə müraciət edənlərin sayında ciddi azalma müşahidə olunub. Yəni vətəndaşlar problemlərlə rastalaşmırlar”.

Kamran Əliyev bildirib ki, 2016-ci ildə daxil olan müraciətlər əsasında idarədə 23 cinayət işi açılıb: “Bəzilərinə hökm oxunsa da, digərlərinin məhkəməsi davam edir. Daxil olan məlumatlar əsasında 6 əməliyyat tədbiri həyata keçirilib”.

İdarə rəisi əlavə edib ki, istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı Baş İdarə tərəfindən zəruri qabaqlayıcı və inzibati, o cümlədən cinayət təqibi tədbirləri ardıcıl olaraq davam etdirilib. Belə ki, 2016- cı ildə 13 şəxs barəsində 12 cinayət işi açılaraq məhkəmələrə göndərilib.

Hansı sektorda daha çox korrpusiya faktının mövcud olmasına gəlincə, idarə rəisi deyib: “Bu kimi hallara həm dövlət, həm də özəl sektorun fəaliyyətində rast gəlinir. Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri, tikinti sektoru, bankların vəzifəli şəxsləri, təhsil, səhiyyə və digər sahələrlə bağlı bü cür hallara rast gəlmək olur”.