Aybəniz Haşımovanın qızı: “Bizi “O səs Türkiyə”də istəmirlər”

13:57 | 10.01.2017
650 dəfə oxundu

Xalq artisti Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva da azərbaycanlı iştirakçıların “O səs Türkiyə” dən uzaqlaşdırılmasına münasibət bildirib. Musavat.com bildirir ki, bu barədə gənc müğənni öz “İnstaqram” səhifəsində yazıb. Aynişan Quliyeva bundan əvvəl özünün də həmin layihədə haqsızlıqla üzləşdiyini deyib:
“İndi isə həqiqətləri bir də məndən eşidin. Keçən il müsabiqəyə qatılanda ilk tur çox səs-küyə səbəb oldu. Mənim 4 videom bir həftə içərisində 1 milyon dəfə izləndi. Amma “Youtube”dən silindi. Həmin vaxt şübhələnmişdim. Çünki öz iştirakçılarının videoları mənimkindən də çox izləndiyi halda silinməmişdi.  Sonra balaca otaqda ələndim, ikinci dəfə səhnəyə çıxmaq şansı vermədilər. İlk turdan keçməyimizin bir mənası qalmamışdı. Orada məndən qat-qat güclü ifaçılar var idi. Bu yarışma mənim üçün sadəcə bir əyləncə olduğu üçün heç nə demədim. Təşəkkür etdim sadəcə. Amma builki hərəkətləri heç bir vicdana sığmayan oldu. Mən Zülfüzadə ilə bərabər ikinci seçim turuna, yəni qapalı tura getdim. Amma dedilər ki, Zülfü, İlham, Gülşən və daha bir azərbaycanlı xanım iki türk ifaçı ilə bir qrupdadır. Biz bunun qurğu olduğunu anladıq. Mənə hərdən elə gəlir ki, gizli otaq seçim turu məhz azərbaycanlılar üçün yaradılıb. Çünki dünyada yayımlanan “The voice”də bu qanun yoxdur. Elnur Hüseynov qalib olandan sonra belə bir tur etməyə başladılar. Gökhan və Hakan dörd azərbaycanlını uzaqlaşdırdı. Məhz bu 3 azərbaycanlı o yarışmada səs salmışdı. Onlar bu iştirakçıların səhnədə necə möhtəşəm çıxış edəcəyini bilirdilər. Turlardan onları keçirmək məcburiyyətində qalmasınlar deyə belə etdilər. Məlum idi ki, SMS səsverməyə gəlib çatanda, azərbaycanlılar onları birinci edəcəklər. Səbəb budur”.
Aynişan Quliyeva məşhur layihədə azərbaycanlı iştirakçılarının istənilmədiyini də vurğulayıb:
“Bizi artıq o yarışmada istəmirlər. Həmin otaqda oxuduqlarını da yayımlamayacaqlar, çünki o uşaqların ifasının möhtəşəmliyini kiminsə görməsini istəmirlər. Əziz xalqımız, bizim uşaqlar son dərəcə möhtəşəm ifa göstərib və uzaqlaşdırlıblar. Güclü olaraq oranı tərk ediblər. Var olsun istedadlarımız”.
Qeyd edək ki, bu günlərdə gözlənilmədən 5 ən güclü səsə malik azərbaycanlı ifaçının “O səs Türkiyə” yarışmasından uzaqlaşdırılması böyük səs-küyə səbəb olub. İştirakçıların əksəriyyəti onlara qarşı qərəzli davranıldığını, qəsdən yarışmadan uzaqlaşdırıldıqlarını desə də “Acun media” layihəsinin əməkdaşı Nazlı Sütcü “Yeni Müsavat” a açıqlama verərək iddiaları rədd edib.