Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Ziya Məmmədovun müşavirinin üç vedrə qızıl işi: Rövşən Əhmədovu dəlixanadan tutub apardılar

Ziya Məmmədovun müşavirinin üç vedrə qızıl işi: Rövşən Əhmədovu dəlixanadan tutub apardılar

 

Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxşıyevin şikayəti əsasında bir ildən çox həbsdə qalan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2017-ci il tarixli hökmü ilə barəat alan Rövşən Əhmədov yenidən həbs olunub.

Bu barədə virtualaz.org saytına Rövşən Əhmədovun ailə üzvləri və vəkili Ülkər Yusifova məlumat verib. R.Əhmədovun arvadı Xanımqız Əhmədovanın dediyinə görə, dünən Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin üç nəfər əməkdaşı 1 saylı Respublika Psixatrik Xəstəxanasına gedərək  həyat yoldaşını xəstəxanadan çıxarıblar. Cinayət Məcəlləsinin 125-ci maddəsi  ilə başlanmış cinayət işi ilə əlaqədar izahat almaq üçün özləriylə polis bölməsinə aparıblar, sonra isə həbs ediblər.

”Polis Bölməsindən soruşduq, dedilər bizdə belə adam yoxdur. Axşam saatlarında Kürdəxanıdakı istintaq təcridxanasında olduğunu öyrəndik. Adamı psixatriya xəstəxanasından aparıb həbs etmək nə deməkdir? Polis bölməsində Rövşəndən soruşublar ki, Çingizin pullarını qaytarmırsan, birotaqlı mənilinə girəndə kameraya düşmüsən, videogörüntülər var. Guya Çingizin var-dövləti ordaymış, açarı da Rövşənə veribmiş. Əgər belə bir görüntü varsa, ortaya qoysunlar. Olmayan şeyləri uydururlar”-X.Əhmədova bildirir.

1 saylı Respublika Psixatrik Xəstəxanasından virtualaz.org saytına bildirilib ki, R.Əhmədov ötən günə qədər xəstəxanada müalicə olunub:” Dünən polis əməkdaşları gəldilər, həmin xəstəni məktub əsasında apardılar. Başqa heç nə bilmirik”.

Xatırladaq ki, Çingiz Baxşıyevin saxlamaq üçün verdiyi qızıllarını mənimsəmədə ittiham olunan R.Əhmədova bəraət verilsə də, prokurorluq hökmdən protest, sabiq nazir müşaviri Ç.Baxşıyev  isə apellyasiya şikayəti vermişdi. Yeddi aydır ki, sözgedən cinayət işi Bakı Apellyasiya Məhkəməsində araşdırılırdı. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən məhkəmədə dövlət ittihamçısı  bəraət hökmünün ləğvini, R.Əhmədovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Ötən il dekabrın 22-də Apellyasiya Məhkəməsi qərarı elan etməli idi. Amma R.Əhmədov dekabrın 21-də gecə saatlarında yaşadığı evdə güclü antidepresant həbləri – amitriptilin içərək özünü zəhərləyib. O, təcili yardım vasitəsilə Toksikologiya Mərkəzinə çatdırılıb. Bir neçə gündən sonra isə Maştağadakı 1 saylı Respublika Psixatrik Xəstəxanasına köçürülüb.

Bakı Apellyasiya Məhkəməsi R.Əhmədovun məhkəmə iclaslarına gəlməməsini əsas gətirərək, yanvarın 8-də onun barəsində həbsli axtarış qərarı çıxarıb. R.Əhmədov intihara əl atmamışdan öncə məktubda yazıb ki, Ç.Baxşıyev onu şərləyib, yenidən həbsinə nail olmaqda israrlıdır: “Yenidən şərlənib həbsxanaya düşməkdənsə, ləyaqəti ləkələnməkdənsə, ölmək yaxşıdır”.

İntihara cəhd faktı ilə bağlı da cinayət işi başlanıb, araşdırma davam edir. Ç.Baxşıyev iddia edir ki, qohumu olan R.Əhmədova qatıq vedrəsi, çay qabı və başqa bir bükülüdə verdiyi üç bağlama qızıl-brilyantın əksər hissəsini o mənimsəyib. Əhmədov isə bildirir ki, o, qızıl-zinət əşyalarını ona verildiyi formada aparıb Ç.Baxşıyevin qızının evində kürəkəninə verib. Üstündən iki ay keçəndən sonra qohumu onu çağırıb deyib ki, qızılların bir hissəsi yoxdur.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …