Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Siqaret istədi, “yoxdur” dedi – 9 bıçaq vurdu

Siqaret istədi, “yoxdur” dedi – 9 bıçaq vurdu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri 9 yerdən bıçaqlayan Fuad Əliyev və Kərim Kərimovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlər ifadə verib.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Bildirib ki, 2014-cü ilin iyulun 22-də səhərə yaxın saat 4-5 radələrində Kərim Kərimov və Fuad Əliyev “Molokan bağı”nda Şahin Quliyevi saxlayıb ondan siqaret istəyiblər. Həmin vaxt K.Kərimov və F.Əliyev içkili olub. Ş.Quliyev siqareti olmadığını deyəndə heç bir səbəb olmadan onu böyründən bıçaqlayıb. Şahin qaçmaq istəyərkən Fuad onu arxadan tutub, qıçından bir bıçaq vurub. Bundan sonra Şahin yerə yıxılıb və durub qaçıb. Parkın çıxışında Kərimlə Fuad ona çatıblar, Fuad arxadan təpiklə vurub onu yerə yıxıb. Hər ikisi yerdə uzanan Şahini bıçaqlamağa başlayıblar. Sonra isə hadisə yerindən qaçıblar. Həmin vaxt parkda olan Kərim və Fuadın dostu İlham Sadıqov Şahini yerdən qaldırıb və taskiylə xəstəxanaya aparıb. Orada onun həyatını xilas etmək mümkün olub, müəyyən edilib ki, Şahinə 9 bıçaq zərbəsi vurulub.

Fuad Əliyev həmin hadisədən bir neçə ay əvvəl xalası oğlu Elsevər Əliyevi də bıçaqlayıb. Buna səbəb isə Elsevərin onun həyat yoldaşı haqda nalayiq ifadələr işlətməsi olub. Fuad Elsevəri 26 nömrəli avtobusun sonuncu dayanacağına çağırıb, orada mübahisə zamanı onun qıçından bir bıçaq zərbəsi vurub.

Təqsirləndirilən Kərim Kərimov “Molokan” bağında olan hadisəyə görə özünü qismən təqsirli bilib. Fuad Əliyev isə Elsevər Əliyevi bıçaqladığını etiraf edib, Şahin Quliyevin bıçaqlanmasında isə özünü qismən təqsirli bilib.

Bundan sonra zərərçəkən Şahin Quliyev ifadə verib. O bildirib ki, onu siqareti olmadığı üçün bıçaqlayıblar: “Mən dostlarım Orxan, Elşən və Nazimlə gecə 4-də ad günündən gəlirdik. Onlar araq içmişdi, mən pivə. Uşaqlar məndən 4-5 metr qabaqda gedirdi. Kərim məni saxlayıb siqaret istədi, dedim yoxdu. Bu vaxt Fuad dedi ki, cibinə bir “paçka” siqaret al qoy, istəyəndə ver. Mən də buna görə Kərimə etiraz etdim. Bu vaxt Kərim yaxamdan tutub mənə kəllə atdı. Mən qaçmaq istədim, gördüm arxadan kimsə məni bıçaqla vurdu. Dönüb baxanda Fuadı gördüm. Sonra onlarla çırpışa-çırpışa əllərin çıxıb qaçmaq istəyəndə Kərim də bıçaqla vurdu. Bundan sonra mən biraz aralı qaçdım, pilləkənə çatanda yıxıldım. Bunlar ikisi də gəlib məni yerdə bıçaqlamağa başladılar. Dava düşəndə isə dostlarım qaçıb getmişdilər”.

Fuad Əliyevin digər cinayət işi üzrə zərərçəkən Elsevər Əliyev ifadə verib. O bildirib ki, dava ailə söhbəti üstündə düşüb: “Mənim əvvəldən ailə söhbətinə görə Fuadla aram yox idi. Hadisə baş verən gün mən dostumun maşında onun yol gedirdik. Gördük yolun qırağında Fuad qucağında uşaqla gedir, uşaq da ağlayırdı, hava soyuq idi. Dostum Fuadı maşına götürdü, mən əvvəl onun Fuad olduğunu bilmirdim. Sonra gördüm Fuaddı, uşaqla birgə onu maşından düşürtdüm. Axşam saat 11-12 arası Fuad zəng etdi ki, gəl 9-un kruquna söhbət edək. Getdim, danışdan yenə ailəvi mübahisəmizdən söhbət düşdü, bu vaxt Fuad məni bıçaqla vurdu. Mən də 102-yə zəng etdim, Fuad qaçdı. İndi heç bir şikayətim yoxdu, şikayətimi geri götürürəm”.

Təqsirləndirilən Kərim Kərimov ifadəsində bildirib ki, hadisə Şahinin dediyi kmi olmayıb: “Mən dostlarım Əli, Fuad və İlhamla gəlib “Molokan” bağında oturduq, metroya çata bilmədik deyə bağda qaldıq. Saat 2-də Əli bir iş danışmaq üçün getdi. Mən də başımı Fuadın çiyninə qoyub oturmuşdum. Bu vaxt mühafizəçi mənə yaxınlaşıb dedi yatma. Dedim yatmıram, oturmuşam. Mühafizəçi dedi ki, sənə baxıb küçə uşaqları da yatır. Dedim narahat olma, mən onları qoymaram yatmağa. Gedib uşaqları oyatdım, dedim durun sizə görə mənə söz gəlir. Bu vaxt Şahin keçirdi ordan, dedi nə deyirsən, dedim sənlə deyiləm. Sonra söyüş söydü, tutaşdıq, dostları onu tutub aralaşdırdılar. O da ana-bacı, var-yox söyüşü söydü. Bu günə kimi heç kim mənim üzümə söyüş söyə bilməyib. Mən də çıxarıb bıçaqla vurdum. Sonra da İlhama dedim ki, götür bu uşağı apar”.

Fuad Əliyev “Molokan” bağındakı hadisə ilə bağlı Kərimin dediklərini və istintaqa verdiyi ifadəni təsdiqlədiyini deyib.

Məhkəmənin növbəti iclası avqustun 31-nə təyin edilib.

Həmçinin oxuyun

Bu il dünyadan köçmüş tanınmış simalar – ARAŞDIRMA

2024-cü ilin 3 aydan bir qədər çox hissəsini geridə qoyduq. Bu dövr cəmiyyətimiz üçün bir …

Bir cavab yazın