“Sərdar Cəlaloğlu ölkədə, Qurban Məmmədov isə xaricdə müxalifətə nəzarət edir” — Hacı Əbdüldən SENSASSİON AÇIQLAMALAR

“Tövbə” cəmiyyətinin sədri hacı Əbdül Əbdülov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və hazırda İngiltərədə sığınacaq alan qardaşı Qurban Məmmədov haqqında sensasion fikirlər səsləndirib.
Hacı Əbdül Əbdülov “Ölkə.Az”-a açıqlamasında deyib ki, Sərdar Cəlaloğlu xarici dövlətlərin agenti olmağa iddialıdır:

“Sərdar Cəlaloğlu şeytana qulluq edən adamdır. O, özünə aid olmayan və bilmədiyi məsələlərə başını soxur. Onun bu cür hərəkətləri camaatı da çox narahat edir. Adını “müstəqil siyasətçi” qoyub, amma yüz yerə işləyir. Sərdar Cəlaloğlunun heç partiya sədri səviyyəsində elektoratı yoxdur. Ona xüsusi vəzifə verilib. Bu vəzifə də müxalifəti parçalamaqdır. Sərdar Cəlaloğlunu yalnız dırnaqarası müxalifət hesab etmək olar. O, əsl müxalifət deyil. Ümumiyyətlə, Azərbaycanda əsl müxalifət yoxdur. Əsl müxalifət odur ki, iqtidarın görə bilmədiyi çatışmazlıqları diqqətə çatdırasan. Azərbaycanda əsl müxalifət olmadığı üçün bunu edən yoxdur. Ona görə də bu adamlar saxta müxalifətdir”.

Deputat Qüdrət Həsənquliyevin Sərdar Cəlaloğlunun hər ay Prezident Administrasiyasından 10 min dollar pul alması ilə bağlı ittihamlarına da toxunan cəmiyyət sədri qeyd edib ki, Sərdar Cəlaloğlu bir neçə yerə xidmət edir:

“Ola bilsin ki, Sərdar Cəlaloğlunun şeytanlarla əlaqəsi var. Sərdar Cəlaloğlunun hərəkətləri onu agentə bənzədir. O iddia edir ki, guya təmiz müxalifətdir. Amma bu gün Azərbaycanda qəlbi, əməli düz olan əsl müxalifət yoxdur. Mən bunu hələ Milli Məclisin deputatı olanda söyləmişdim. Özlərini müxalifət kimi göstərənlər isə müxalifət deyil, hamısı satqınlardır. Sərdar Cəlaloğlu deyir müxalifətəm. Rəsul Quliyevdən pul alan bu adam necə müxalifət ola bilər? Vaxtilə Rəsul Quliyevin yanında idi, onun pullarını xərcləyirdi. Sonra partiya yaratdı və başqa yerlərdən pul almağa başladı. Məqsədi əsl müxalifətin yaranmasına imkan verməmək idi. İndi də şeytanın yanında yer alıb öz əməllərini davam etdirir”.
Hacı Əbdül Əbdülov iddia edib ki, hazırda Böyük Britaniyaya sığınan Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədov da hakimiyyətin tapşırıqlarını yerinə yetirir:

“Ümumiyyətlə, Sərdar Cəlaloğlu ilə Qurban Məmmədov hər zaman hakimiyyətə xidmət ediblər. İkisi də bir-birinin tayıdır. Bir qardaş xaricdəki müxalifətə, bir qardaş isə ölkədəki müxalifətə nəzarət etmək üçün fəaliyyət göstərir. Buna görə onlara vəsait verilir. Qurban Məmmədov qəfil Londona nə üçün getdi? Çünki Avropada müxalifət fəallaşmağa başlayırdı. O da sifariş alıb Londona göndərildi. Yəni, bunlar müxalifətçilərə nəzarət etmək üçün iş aparırlar. Bunlar müstəqil adamlar deyil, tapşırıq qullarıdır”.

Məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimizə cavab verən olmayıb. 

Zdrave universal kremi zdrave forte