Ana səhifə / Araşdırma / Rəhim Qazıyevlə Surət Hüseynovu ittiham edən prokurorun müəmmalı ölümü

Rəhim Qazıyevlə Surət Hüseynovu ittiham edən prokurorun müəmmalı ölümü

Qətlə yetirilən Qaraxan Ağayevin oğlu: “Atamı başından küt alətlə vurublar, Xızının keçmiş polis rəisindən şübhələnirik”

Vaxtilə Xızı rayon prokuroru olmuş, həmçinin sabiq müdafiə naziri Rəhim Qazıyevin, eks baş nazir Surət Hüseynovun və digər siyasilərin məhkəmələrində dövlət ittihamçısı kimi çıxış etmiş 1958-ci il təvəllüdlü Qaraxan Zilfi oğlu Ağayev dekabrın 9-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində başından ağır dərəcəli bədən xəsarəti alıb. Onu 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar. Mətbuatda bu haqda yayılan ilkin məlumatlarda məşhur prokurorun avtoqəza zamanı ağır xəsarət aldığı qeyd olunub və o, deputatlığa keçmiş namizəd kimi təqdim olunub.

“Yeni Müsavat”a daxil olan məlumatda isə məşhur prokurorun başından aldığı xəsarətlərin heç də avtoqəza zamanı əmələ gəlmədiyi, digər şəxs tərəfindən qətlə yetirildiyi bildirilir. Apardığımız araşdırma zamanı öyrənə bildik ki, Q.Ağayev hadisə baş verən gün evindən vaxtilə Xızı Rayon Polis Şöbəsinin rəisi olmuş Nizami Tağıyevlə görüşmək üçün çıxıb. Q.Ağayev Qaradağ rayonu ərazisində yaşayıb, N.Tağıyevlə görüşmək üçün Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gəlib. Sonradan isə onu başı əzilmiş şəkildə xəstəxanaya çatdırıblar.

Koma vəziyyətində olan Q.Ağayev 11 gün sonra xəstəxanada dünyasını dəyişib. Hazırda onun ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

N.Tağıyevin iş üzrə çağırılıb dindirildiyi, saxlanılması xəbəri də var. Qeyd olunur ki, keçmiş prokurorun ölümü üzrə cinayət işi başlanmış 126-cı maddə 120-ci maddəyə – qəsdən adam öldürmə – maddəsinə tövsif olunacaq.

Q.Ağayevin oğlu İldırım Ağayevi arayıb, atasının ölümü ilə bağlı fikrilərini öyrəndik.

O bildirdi ki, atasının ölümündə əsas şübhələndiyi şəxs N.Tağıyevdir: “Atam həmin gün evdən Nizami Tağıyevlə görüşmək üçün çıxıb. Nizami Tağıyev atama zəng edib, görüşə çağırıb. Atam vaxtilə Xızı prokuroru, Nizami Tağıyev isə polis rəisi olub. Atamı xəstəxanada gedib gördük. Saytlarda yazmışdılar ki, guya atamı maşın vurub. Bir başqa saytda da yazılmışdı ki, guya atam yıxılıb. Əslində isə atam yıxılmayıb, avtoqəza da olmayıb. Nə baş verdiyini Nizami Tağıyev bilir. O da bizdən qaçır, gizlənir. Dekabrın 24-də Sabunçu Rayon Prokurorluğunun müstəntiqi ilə danışdım. Dedi ki, Nizami Tağıyevi tapıb dindirmişik. Başımız hüzrə qarışıb deyə ətraflı nə baş verdiyini öyrənə bilmədim. Bilmədim ki, Nizami Tağıyevi saxlayıblar, ya yox”.

Onun sözlərinə görə, atasının ölümündən sonra məhkəmə tibb eksperti rəy verib ki, Qaraxan Ağayevi başından küt alətlə vurublar: “Atam 11 gün komada qaldı. 12-ci gün dünyasını dəyişdi. Dekabrın 9-da atam evdən çıxanda üstündə 1100 manat pul olub. Amma xəstəxanaya aparılandan sonra üstünə baxış keçirilib, nə pul olub, nə də telefon. Onun arxa cibində əlavə 320 manat olub. 1100 manatı götürən düşünməyib ki, atamın arxa cibində əlavə pulu ola bilər. Ona görə də xəstəxanada ciblərinə baxanda həmin pul üstündə olub. Bu gün 1100 manat pulu, telefonu kimin götürdüyü araşdırılır”.

İ.Ağayev pulun və telefonun kimin tərəfindən götürüləcəyi haqda fikirlərini də bizimlə bölüşdü: “Bütün şübhələrim gəlib Nizami Tağıyevin üzərində dayanır. Ona görə ki, 15 il bundan əvvəl atam vəzifəsini həmin adamın ucbatından itirib. 15 ilin tamamında həmin adam yenə də peyda olub, indi də atam həyatını itirdi. Hadisə baş verən gün səhərə qədər atamı axtardıq, 1 sutkadan sonra atamı xəstəxanada tapdıq. Halbuki atamı xəstəxanaya aparan Nizami Tağıyev olub. Nizami Tağıyev əvvəl əmimə demişdi ki, Sabunçu məhkəməsindən çıxanda guya atamın ayağı sürüşüb yıxılıb, başı pilləkənin mərmərinə dəyib. O biri əmimə deyib ki, guya pilləkənə deyil, başı pilləkənin tutacağına dəyib. Mənə də tamam başqa versiya dedi – atan qəhqəhə çəkib başı üstə yerə yıxıldı, başı mismara keçdi. Atam xəstəxanaya gətiriləndən sonra 3 dəfə əməliyyat olunub. Həmin əməliyyatı edən həkimdən atamın başından aldığı xəsarətlə bağlı soruşdum. Həkim illərin cərrahıdır, dedi ki, bu xəsarət yıxılmaq nəticəsində əmələ gəlməyib. Yıxılan adam başından belə bir xəsarət alması üçün ən azından 3-cü mərtəbədən başı üstündə yerə dəyməlidir”.

İ.Ağayev atasının başından beşbarmaqla vurulduğunu istisna etmədiyini deyir: “Əgər hadisə belə olubsa, yəni atam 3-cü mərtəbədən yıxılıbsa belə, onun bədənində başqa xəsarətlər, sınıqlar olmalıydı. Atamın isə xəsarəti yalnız başındadır. Həkim dedi ki, atanı beşbarmaqla və ya ondan da ağır bir küt alətlə arxadan vurublar”.

İldırım Ağayev vaxtilə atasının Xızı rayon prokuroru vəzifəsindən çıxarılmasında Nizami Tağıyevin xüsusi rolunun olduğunu da bildirib: “15 il əvvəl Nizami Tağıyev Xızı Rayon Polis Şöbəsinin rəisi olanda götürüb Respublika Prokurorluğuna gizli məktub yazmışdı ki, rayon prokuroru – yəni atam cəbhəçilərə rayonda qonaqlıq verib. Onun yazdıqlarına görə də atamı işdən çıxartdılar. 1 ay əvvəl isə özü axtarıb atamı tapmışdı. 2 dəfə görüşüblər, 3-cü dəfə də atamın başına belə bir iş gəlib”.

İ.Ağayev atasının borc verdiyi şəxslər tərəfindən öldürülməsi haqda yayılan məlumatlara da münasibət bildirdi: “Atamın kimsəyə borcu yox idi. Ona borclu olan şəxslər olub. Atam Badamdardakı evimizi 2006-cı ildə banka girov qoyub pul götürüb, bir tanışına vermişdi. Həmin şəxsə pul vəzifəyə getmək üçün lazım idi. Sonradan vəzifə məsələsi alınmadı, həmin adam da pulun bir hissəsini, təxminən 100 min manatdan çoxunu qaytarmışdı. Atamın həmin adamlarla problemi yox idi. Onların Nizami Tağıyevlə əlaqələri də olmayıb ki, düşünək ki, bəlkə bu ölüm işində nəsə maraqlı olan var. Atamın başına bu iş gələndə borc verdiyi adam ölkədə olmayıb. Xaricdən qayıdıb gəlib öz rayonuna, biləndə ki, belə bir iş olub, gəlib bizə başsağlığı verib. Atamın başına nə gəlibsə, belə düşünürük ki, Nizami Tağıyev bilir”.

İ.Ağayev atasının Sabunçu Rayon Məhkəməsi ilə heç bir əlaqəsinin olmadığını da diqqətə çatdırıb: “Nizami Tağıyev bizə deyəndə ki, hadisə Sabunçu məhkəməsinin qarşısında olub, biz araşdırdıq ki, hadisə tamam başqa yerdə olub. Şahidlər də dedilər ki, biz bir kişinin yerə oturub başından qan fısqırdığını görmüşük. Onun vurulub-vurulmadığını görməyiblər. Həmin vaxt Nizami Tağıyev də orada olub. Ora polislər də gəlib. Nizami Tağıyev polisə deyib ki, guya atamı tanımır. Sonradan isə boynuna alıb ki, bir yerdədirlər, polis də ona deyib ki, oturt maşına, apar xəstəxanaya təhvil ver. Sabunçu rayon 3 saylı Xəstəxananın qəbul şöbəsində Nizami Tağıyevdən xəstəni gətirən şəxs kimi ad-soyadını soruşublar, ad-soyadını gizlədib, çıxıb gedib. Hadisə dekabrın 9-da olub. 13-də isə Nizami Tağıyev mənə zəng etdi, sual verdi ki, atan ayılıbmı. Mən də ondan soruşdum ki, telefon nömrəmi kimdən alıb. Dedi ki, dekabrın 8-də atanla görüşəndə telefon nömrəni mənə verib. Mən də ona dedim ki, atamın elə xasiyyəti yox idi ki, mənim nömrəmi kiməsə versin. ”Ötən müddətdə mənə niyə zəng eləmədin” sualını Nizami Tağıyevə verdim. Telefonu söndürdü. Bu günə qədər də telefonuna zəng çatmır. Sonradan müstəntiqin yanında boynuna alıb ki, atamı xəstəxanaya aparan özü olub. Boynuna almadığı 2 şey var – pul və atamın telefonu. Telefonla bağlı deyir ki, guya atam telefonu yerə çırpıb sındırıb. Atamı tanıyanlar bilir ki, o, hətta əsəbiləşsə də heç vaxt telefonunu yerə vuracaq qədər səbrsiz deyildi. Xəstəxananın həyətində Nizami Tağıyevə sual verdim ki, atam niyə hirslənmişdi? Dedi ki, bilmir və qaçıb getdi. Sonra da bizdən gizlənirdi. Bunu müstəntiqə də demişəm. Atamı vurublarsa da, yıxıblarsa da bunu Nizami Tağıyev bilir”.

İ.Ağayev atasının vaxtilə çıxdığı işlərə görə xəsarət yetirilməsi haqda məlumatlara da aydınlıq gətirib:

“Atamı tanıyanlar bilir ki, o, düşmənli adam deyildi. Atam Rəhim Qazıyevin, Surət Hüseynovun proseslərində dövlət ittihamçısı olub. Onlar da türmədən çıxandan sonra gəlib atamla görüşdülər. Dedilər ki, işdə kimsə dövlət ittihamçısı olmalıydı. Atamdan heç bir narazılıqlarının olmadığını dedilər. Sonradan da münasibətləri vardı”.

Məsələ ilə bağlı Sabunçu Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Prokurorluqdan bildirdilər ki, hazırda faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın