Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Qohumları bir-birilə düşmən edən – BİZNESLƏR – ARAŞDIRMA

Qohumları bir-birilə düşmən edən – BİZNESLƏR – ARAŞDIRMA

Azərbaycanda son vaxtlar geniş yayılan biznes mübahisələri bəzi hallarda qohumlar arasında da yaranır və münasibətlərə son qoyur. FED.az-ın bununla bağlı keçirdiyi sorğu göstərib ki, insanların 90%-i yaxın adamlarla biznes qurmağın və iş tutmağın əleyhinədir.

Əmi-qardaşoğlunun biznesi məhkəmədə bitdi – 1 MİLYONLUQ DƏLƏDUZLUQ​

FED.az-ın araşdırması göstərir ki, biznes münasibətləri və buradakı problemlər bütün qohumlar, eləcə də yaxın dostlar arasında yaranır. Özü də belə mübahisələr biznesin demək olar bütün sahələrini əhatə edir – tikinti, ticarət, istehsal və sair biznes növlərinin heç bir istisna deyil. Mübahisələrin bir hisəsi pul və vərəsəlik üzərində olub. Ən pis cəhət də odur ki, digər biznes partnyorlardan fərqli olaraq yaxın qohumlar arasında yaranan mübahisələrin heç biri barışıqla bitmir. Yəni tərəflə ən yaxşı halda mübahisə predmetini bölüşdürüb ayrılırlar – bundan sonra ortaq biznes qurmaqdan söhbət getmir.

«Biznes qardaşdan irəliymiş»
Vəkil Vamik Şükürovun FED.az-a bildirib ki, bir qədər əvvəl belə mübahisələrdən biri 2 qardaş arasında baş verib. Bakı şəhərində ortaq şəkildə market işlədən qardaşlar arasında sonradan pul mübahisəsi yaranıb. Təqribən 50 min manatlıq mübahisə qardaşların əvvəlcə məhkəməyə üz tutmasına, sonra isə bizneslərini ayıraraq ayrılmasına səbəb olub.

Daha bir mübahisə dayı-bacloğu arasında baş verib. Vəkil Cavid Rzazadənin verdiyi məlumata torpaq alqı-satqı ilə məşğul olan qohumların işləri əvvəl yaxşı getsə də, sonradan pulu bölüşdürmək üstündə mübahisə yaranıb, tərəflər məhkəməyədək gedib çıxıblar.

Atalar və oğullar…
Digər maraqlı mübahisə isə ata, oğul və gəlin arasında baş verib. Yeri gəlmişkən, son vaxtlar belə hallar tez-tez baş verir. Deməli, vaxtilə ata Bakıda yerləşən özünə məxsus 3 ticarət mərkəzini oğlunun adına keçirtdib, ona bağışlayıb. Amma bir neçə il sonra məlum olub ki, onun oğlu yoldaşından ayrılacaq. Belə vəziyyətdə digər əmlaklar kimi bu ticarət obyektləri ailə arasında bölünməlikdi. Vəziyyətin belə olacağından, yəni ailə əmlakının gəlinə keçəcəyindən narahat olan ata məhkəmədə iddia qaldıraraq biznesin ona məxsus olduğunu deyib. Və məhkəmə atanın xeyrinə qərar çıxarıb – əmlak ailədə qalıb.

Qohumlar arasında ən maraqlı biznes mübahisələrdən biri Bakıda yaşayan ata-oğul arasında baş verib. Ata-bala əvvəlcə restoran açıb işləməyə başlayıblar. Amma bir qədər sonra oğul bu restoranla bağlı vərəsəlik istəyib. Nəticədə mübahisə yaranıb, məhkəməyə qədər çıxan işdə, ata haqlı çıxıb, amma biznes dayanıb.

Dostları düşmək edən mübahisələr
Biznes mübahisələri təkcə qohumlar deyil, dostlar arasında da yaranır. Özü də təcrübə göstərir ki, belə problemlər adətən biznesdə çətinliklər yarananda başlanır. Vəkillərin sözlərinə görə, bir qədər əvvəl oxşar mübahisə iki dost arasında yaranıb. Bakı şəərində telefon mağazası açaraq xaricdən telefon gətirib satmaqla məşğul olan iki dost sonradan biznesdə zərər yarananda mübahisə etməyə başlayıblar. Təqribən 60-70 min manatlıq mübahisə məhkəməyə qədər gedib çıxıb və təkcə biznesə deyil, dostlar arasında müsibətlərə də son qoyub.

Oxşar hadisə Bakı şəhəri ətrafında fərdi ev tikintisi ilə məşğul olan iki dost arasında yaranıb. Əvvəl işləri yaxşı getsə də, sonradan zərərə düşən dostlar arasında pul üstündə narazılıqlar başlanıb. Əsas mövzu da biznesə kimin daha çox pul yatırması ilə bağlı olub. Təqribən 30-40 min manatlıq pul mübahisəsi məhkəməyə qədər uzanıb.

Digər mübahisə isə ortaq meyvə biznesi quran dostlar arasında olub. Onlar ölkənin müxtəlif bölgələrindən Rusiya bazarlarına meyvə aparıb satıblar. Sonda aralarında 70-80 min manat pul problemi məhkəmədə yekunlaşıb.

Dostlar arasında ən çox mübahisələr birlikdə kafe-restoran açıb işlətməklə bağlı olur. Müəyyən bir müddətdən sonra gəlir götürə bilmədikdə onların yatırdıqları məbləğlərlə bağlı müahisələri yaranır ki, bunun da sonu məhkəmə ilə bitir. Əksər hallarda belə mübahisələrdə problem 40-60 min manat məbləğin üstündə olub.
Ən maraqlı mübahisələrdən biri də bina tikintisi ilə məşğul olan dostlar arasında qeydə alınıb – bir-birindən gizli şəkildə eyni mənzili bir neçə şəxsə satan dostların mübahisəsi sonra məhkəməyə çıxıb. Məhkəmənin əsas işi isə onlardan olan möhürlərdən hansının qanuni olub-olmadığını araşdırmaq olub.

«Sədərək»dən məhkəməyə gedən yol
Digər maraqlı mübahisə Sədərəkdə elektrik malları satışı ilə məşğul olan əmi uşaqları arasında baş verib. Xaricdən elektrik malları gətirib ticarət mərkəzində satan qohumlar işə başlayanda biznesə tənibən eyni məbləğ yatırıblar Amma gəlirin bölüşdürülməsi zamanı arada kimin daha iş görməsi ilə bağlı mübahisə yaranıb. Təqribən 150 min manatlıq mübahisə məhkəmə, sonra isə biznesin çökməsi ilə bitib.

«Cəmi» 10 milyona görə düşmən oldular
Legaz MMC hüquq şirkətinin rəhbəri, hüquqşünas Sevinc Rəhimova FED.az-a bildirib ki, yaxın adamlar arasında mübahisələrlə bağlı maraqlı hallardan biri bir neçə il əvvəl iki rəfiqə arasında baş verib. Xaricdən geyim gətirərək Bakıda satışı ilə məşğul olmaq üzərə ortaq biznes quran rəfiqələr sonra hətta qohum da olublar. Maraqlı detal – rəfiqələrdən biri dövlət işində işlədiyindən biznesi öz adına rəsmiləşdirə bilməyib və bütün biznes digər rəfiqənin adına olub. Razılığa görə, dövlət işində çalışan rəfiqə biznesə pul buraxmalı, digəri isə həmin biznesi idarə etməliymiş. Mağaza yeni yarandığından müştərilər o qədər də çox olmayıb və müəyyən müddətdən sonra biznesə pul buraxan rəfiqənin özü maddi problem yaşamağa başlayıb. Bundan sonra həm biznesə pul buraxmağı dayandıran, həm də biznesə əlavə müdaxilə etməyə başlayan rəfiqəyə görə biznes dayanıb. Bundan sonra mübahisə yaranıb və bir zamanlar yaxın olmuş rəfiqələr 10 milyon manatlıq mübahisəni həll etmək üçün məhkəməyə qədər gəliblər.

«Qudalar, ay qudalar!»
Bəzən isə qohumlar arasındakı biznes mübahisələri şəxsi münasibətlərin pisləşməsindən yaranır. Belə hallaran biri Göyçay rayonunda baş verib. Vaxtilə övladlarının ailə qurmasından sonra onların ataları – qudalar da bir-birinə yaxınlaşıb, əvvəl dost, sonra isə biznes ortağı olublar. Qudaların birgə biznesi kənd təsərrüfatı məhsullarının əkilib satışı ilə bağlı idi. Amma bir neçə il sonra gənc ailədə problemlər yaranır və gənclər ayrılırlar. Övladlarının boşanmasından sonra qudalar da ortaq biznesə son verməyi qərara alırlar.

Əsas mübahisə pulu bölüşdürəndə yaranır…
Hüquqşünaslar bildirir ki, bütün bizneslərdə olduğu kimi, qohumlar arasındakı ortaq bizneslərdə də əsas problemlər gəlir gəldikdə onun düzgün bölüşdürlməməsindən başlayır və sonradan işlər məhkəməyə çatır. Doğrudur, məhkəmə proseslərində hakim bir qayda olaraq barışıq təklif edir. Amma qohumlar arasındakı mübahisələrlə barışıq demək olar ki, baş vermir. Ən yaxşı halda tərəflə biznesə son verirlər.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …