Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Qızıl unitazlı evdə özünü güllələyən katib… – Traktorçuydu, Kremlə gəldi, milyonçu oldu

Qızıl unitazlı evdə özünü güllələyən katib… – Traktorçuydu, Kremlə gəldi, milyonçu oldu

Onun imzası düz 25 il Azərbaycanın, digər müttəfiq respublikaların, SSRİ-nin mərkəzi qəzetlərinin birinci səhifəsində görünüb. Amma tanınmış jurnalist, oxunaqlı yazıların müəllifi kimi yox, SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi kimi. Mixail Georqadze nə az, nə çox, düz 25 il SSRİ-nin birinci şəxsinin imzaladığı fərmanlara katib kimi imza atıb.

İmzası tez-tez görünsə də Georqadze vəzifə pillələrində özünü həmişə kölgədə saxlamağı bacarıb, adının hansısa rüşvət, korrupsiya işlərində hallanmağına şərait yaratmayıb. Yüksəkçinli məmurlarla qurduğu balanslaşdırılmış münasibət sayəsində intiriqalardan uzaq olub. Amma öz maraqlarını, maddi vəziyyətini də böyük ustalıqla təmin edib…

Mixail Georqadze Gürcüstanda, Kutaisinin Çiatura kəndində, sadə bir kəndli ailəsində dünyaya göz açıb. Orta təhsil aldıqdan sonra bir müddət traktorçu işləyib. Sonra Tiflisdə kənd təsərrüfatı texnikumunu bitirib. Gələcək həyatını kənd təsərrüfatı sahəsinə bağlamağı qərara alan Georqadze ali təhsilini Moskvada, Dövlət Aqromühəndis İnstitutunda davam etdirib.

Vəzifə karyerasında Georqadze çox şanslı adam olub. Həmin dövrdə institutu bitirən kimi birbaşa nazirlik aparatına təyinat almaq hər adama nəsib olmayıb. Beləliklə, Georqadze diplomunu alan kimi SSRİ Kənd Təsərrüfatı nazirliyində işə başlayıb.

O, 10 il ərzində sıravi mühəndislikdən nazirliyin ən böyük idarələrinin birinin rəisi vəzifəsinə qədər sürətlə irəliləyib.

Rəhbərliyin təşəbbüsü ilə 1950-ci ildə Mixail Georqadze Gürcüstana göndərilib və ona daha yüksək bir vəzifə həvalə olunub.

O, Gürcüstanın kənd təsərrüfatı naziri və Gürcüstan Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə təyin olunub.

Bu vəzifələrlə də qane olmayan Georqadze 1956-cı ildə partiya işinə keçid edib. SSRİ dövründə müttəfiq respublikalara 2-ci katib adətən milliyətcə rus olanlar təyin edilirdi. Georqadze bu məsələdə də istisna olaraq Gürcüstan KP MK-nın 2-ci katibi kürsüsünə sahib olub.

Moskva ilə kifayət qədər sıx əlaqələri olan Georqadze respublika miqyaslı bir vəzifə ilə qane olmayıb. O, bütün kanallardan istifadə edərək yenidən Moskvaya dönmək üçün mümkün olan vasitələrdən istiadə edib. Ona bir neçə vəzifə təklif olunub. Ancaq bu vəzifələrin heç biri Georqadzenin ürəyincə olmayıb. Və nəhayət, 1957-ci ilin yanvarında Georqadzeni təcili Moskvaya çağırıblar. Müəyyən prosedur görüş və söhbətlərdən sonra Georqadzenin SSRİ Ali Soveti Rəyasət heyətinin katibi vəzifəsinə təyinatı ilə bağlı müsbət qərar verilib. Beləliklə, Georqadze rekord bir müddətdə, 1957-ci ilin fevral ayından 1982-ci ilin noyabr ayına qədər bu vəzifədə çalışıb.

Mikoyan, Voroşilov, Podqornı və Brejnevlə işləyən Georqadze bu müddət ərzində heç kimi özündən narazı salmayıb. Bu illər ərzində o, daha böyük vəzifəyə getmək haqqında da düşünüb. Ancaq Andropovun hakimiyyətə gəlişi Georqadzenin arzularını yarı yolda qoyub. Təkcə arzularını yox, həm də həyatını…

Andropov hakimiyyətə gəlişi ilə korrupsiya, rüşvət hallarına qarşı mübarizə aparanda elə ilk aylarda 18 nazir öz vəzifəsi ilə vidalaşıb. Baş katibin “qara” siyahısında Georqadzenin də adı olub. Andropov tərəfindən xüsusi tapşırıq alan hüquq-mühafizə orqanlarının əməkdaşları Georqadzenin fəaliyyətini ciddi araşdırmağa başlayıblar. Araşdırma nəticəsində yetərincə cinayət tərkibli faktlar üzə çıxıb.

Georqadze böyük rüşvətlər hesabına Gürcüstandan olan həmyerlilərini SSRİ dövlət Plan Komitəsinə, SSRİ Nazirlər Sovetinə, o dövrdə çox dəbdə olan “Vneştorq”a yüksək vəzifələrə təyin etdirib.

Haqqında cinayət işi açıldıqdan sonra Georqadzeyə məxsus olan mənzildə və bağ evində axtarış aparılıb. Axtarış zamanı 20 kq çəkidə qızıl və qiymətli daşlar, dəyəri milyonlara ölçülən rəsm əsərləri, o cümlədən Leonardo da Vinçinin əsəri, on milyonlarla rubl, dollar, funt-sterlinq, antik əşyalar aşkar olunub.

Georqadzenin cinayət işini istintaq edən müstəntiqlərin sonralar mətbuata verdikləri açıqlamalar böyük təəcübə səbəb olub. Onlar bildiriblər ki, Georqadzenin cinayətləri sayəsində bu qədər var-dövlətin olması o qədər də təəcüblü deyildi. Çünki Georqadzenin aldığı rüşvətlərin minimum məbləği 500 mindən aşağı olmayıb. Təəcüblü yalnız bir şey idi. Georqadzenin unitazının təmiz qızıldan olması…

Georqadze onu nə gözlədiyini yaxşı bilib. İllər boyu birincilərin yaxınlığında olan katib yaxşı dərk edib ki, Andropovun cəzasından qurtulmaq mümkünsüz bir işdir. Ən yaxşı halda 15 il azadlıqdan məhrum olmağı göz önünə gətirən Georqadze bu cəzaya dözməyəcəyini dərk edib.

Mixail Georqadze haqqında həbs qətimkan tədbiri seçilməmiş, məhkəməsi başlamamış özü öz hökmünü verib.
23 noyabr 1982-ci ildə Georqadze qızıl unitazlı evində özünü güllələyib…

“Qara kvadrat” filmində Mixail Georqadzenin özünü güllələməsi ilə bağlı fraqment öz əksini tapıb. Georqadzenin rolunu Armen Cigərxanyan ifa edib.

P.S. Mixail Georqadzenin oğlu İqor Georqadze isə DTK-nın polkovniki rütbəsinə yiyələnib və müxtəlif vəzifələrdə çalışıb. Bir ara o, Gürcüstanda hakimiyyətə iddia edirdi.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …