Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Araşdırma / Qaraçuxurda velosipedlə yolu keçən uşağı maşınla vurub babasını döyən kimdir

Qaraçuxurda velosipedlə yolu keçən uşağı maşınla vurub babasını döyən kimdir

Bakının Qaraçuxur qəsəbəsində məhəllədaxili yollardan birində sürətlə hərəkət edən avtomobil velosipedlə yolu keçən azyaşlını vurub. Yaxınlıqdakı obyektlərdən birinin müşahidə kameralarından çəkilən görüntülərdən uşağın zərbənin təsirindən bir neçə metr aralıya düşdüyü görünür. Bu görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlara əsasən Avtomobildən enən sürücü uşaqla maraqlanmaq əvəzinə onun köməyinə çatan babası ilə mübahisə edir, hətta ona hücum edərək yumruqla vurur. Yaxınlıqdakı şəxslər ona müdaxilə edirlər, sürücü avtomobilə əyləşərək heç nə olmamış kimi ərazini tərk edir.

Hadisə ilə bağlı araşdırma aparmaq, sürücünün cinayət məsuliyyətinə cəlb edilib-edilmədiyi aydınlaşdırmaq üçün Bakı Şəhər DYP-nin bölmə rəisi Vaqif Əsədovla əlaqə saxladıq. Bölmə rəisi virtualaz.org-a həmin hadisə baş verən ünvanın, hadisəni törədən şəxsin bilinmədiyini, amma polis tərəfindən məsələnin araşdırılacağını dedi: “Bilinmir ki, hadisəni törədən kimdir, kim tərəfindən kameraya alınıb, bunun üçün araşdırılma aparılmalıdır, ünvan axtarılmalıdır. Artıq polisə məlumat verilib, araşdırılaraq tədbir görüləcək”.

V. Əsədov həmçinin qeyd edib ki, bu ümumi istifadədə olan yoldur, əslində velosipedçilərin belə yoldan istifadə etməsi düzgün deyil: “Sürücünün məsuliyyəti aydındır, əvvəldən düşünməli idi. Amma azyaşlı velosipedçi ümumi istifadədə olan yolda nə gəzir? Velosipedi uşaqlar ancaq qapalı yollarda sürə bilərlər. Valideynləri uşağa nəzarət etməli idilər. Artıq bu ilin əvvəlindən 6 velosipedçi vurulub”, – deyə V. Əsədov bildirib.

Görüntülərin nə zaman qeydə alındığı barədə məlumat yoxdur. Amma istənilən halda azyaşlını vuran sürücünün onun babasına qarşı açıq-aşkar xuliqanlığı göz önündədir. Bu şəxsin idarə etdiyi avtomobilin dövlət nömrə nişanı yəqin ki, qeydə alınıb və onun kimliyini araşdırıb tapmaq çətin deyil. Yəqin ki, hüquq-mühafizə orqanları bu gənci tapıb məsuliyyətə cəlb edəcəklər. Çünki o bir tərəfdən yol-nəqliyyat hadisəsi törədib və azyaşlını vurub, digər tərəfdən xuliqanlıq əməli törədib.

 

Həmçinin oxuyun

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu …