Ana səhifə / Araşdırma / Qətlə yetirilən Etimad İsmayılovun çətinliklərlə dolu həyatı – Ədalətsizliyə qarşı mübarizə, sifarişli həbs və…

Qətlə yetirilən Etimad İsmayılovun çətinliklərlə dolu həyatı – Ədalətsizliyə qarşı mübarizə, sifarişli həbs və…

Bu gecə İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılov Azərbaycanın birinci ədliyyə naziri, sabiq baş prokuror İlyas İsmayılovun iki oğlundan böyüyüdür.
Axar.az xəbər verir ki, E.İsmayılov Leninqrad Dövlət Universitetinin hüquq fakultəsini bitirib. İxtisasca hüquqşünas olan E.İsmayılov uzun illər Rusiyada, sonradan isə Türkiyədə bizneslə məşğul olub.

Onun biznesini Rusiyadan birbaşa və birdəfəlik Türkiyəyə daşımasına səbəb də günahsız yerə Rusiyada sifarişlə həbs edilməsi olub.
Etimad İsmayılov Rusiyada yaşadığı müddət Çelyabinsk şəhər Mərkəz Məhkəməsində barəsində 24 avqust 2006-cı ildə cinayət işi başlanmışdı. Bir sıra mənbələr iddia edirdi ki, Etimad İsmayılova qarşı belə sərt mövqenin sərgilənməsinə onun Gürcüstan prezidenti Mixail Saaakaşvili ilə dostluğu səbəb olub.
2 ildən artıq gedən məhkəmə prosesinin kökündə Etimad İsmayılovun rəhbəri olduğu Avrasiya MMC-nin Çelyabinsk vilayətinin kənd təsərrüfatı müəssələrinə dizel yanacağı ilə təmin etməklə bağlı imzalanmış müqavilə durub. Bununla bağlı “Ərzaq Korporasiyasyı” adlı dövlət müəssisinin rəhbəri Şvadçenko ilə dəyəri 207 milyon rubl (1 milyon dollar) olan müqavilə imzalanıb. Pul bütünlüklə əvvəlcədən ödənilib. Şvadçenko bu pulu qondarma firmanın hesabına köçürüb və bununla da qalmaqal başlanıb. Etimad İsmayılov qətiyyətlə iddia edirdi ki, Şvadçenko onu aldadaraq pulu Çelyabinsk qubernatorunun himayəsi ilə mənimsəyib. Lakin məhkəmə bütün detalları araşdırmadan hökm verib.

Bu qaranlıq məsələlərdən biri də 207 milyon rublun hara yoxa çıxması olub. Bunu məhkəmə də etiraf edib. Məhkəmə hökm çıxararkən Federal Təhlükəsizlik Xidmətinə rəsmi iradlarını da əlavə edib. Belə ki, FTX-nın yerli bölməsi cinayəti aşkar etsə də, nədənsə mənimsənilən dövlət pulunun hara köçürüldüyünü müəyyən edə bilməyib. Qaranlıq qalan məsələlərdən biri də bu olub.
Məhz Etimad İsmayılov da aldadıldığını deyərək, burada Çelyabinsk şəhər rəhbərliyini ittiham edirdi.

Bütün bunlara baxmayaraq, 29 oktyabr 2010-cu ildə Etimad İsmayılov cinayət işi üzrə Çelyabinsk şəhər Mərkəz Məhkəməsində keçirilən sonuncu proses zamanı 8 il müddətinə azadlıqdan məhrum edildi.
Atası İlyas İsmayılov oğlunun həbsi ilə bağlı verdiyi açıqlamada bildirmişdi ki, E.İsmayılov guya 200 milyon rubl büdcə vəsaitini mənimsəyib və müxtəlif yollarla çirkli pulları yuyub.
Ailə sonradan məhkəmənin qərarı ilə bağlı kassasiya şikayəti vermişdi. Kassasiya şikayətinə baxan məhkəmə E.İsmayılovun 200 milyon büdcə vəsaitini mənimsəməsi məsələsini təsdiqləməmişdi.

8 il hökm oxunan E.İsmayılov 2011-ci il avqustun 15-də 5 milyon rubl girov müqabilində Çelyabinsk Mərkəzi Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı.
Atası oğlunun həbsdən azad edilməsində Çelyabinskin yeni qubernatorunun rolunun olduğunu bildirmişdi.
Yeni qubernator E.İsmayılovun azadlığa buraxılmasını dəfələrlə tələb etmişdi. Qubernator həmçinin E.İsmayılovun işini araşdıran müstəntiqlər barəsində də cinayət işi açılmasını tələb edirdi.

O, həbsdən çıxdıqdan sonra Çelyabinskini tərk etməyəcəyi, məhkəmə və hüquq-mühafizə orqanlarını ələ alan mafiyaya qarşı mübarizə aparacağı barədə bəyanat vermişdi. Lakin azadlığa qovuşar-qovuşmaz o, ailəsinin istəyi ilə Azərbaycana qayıtdı. Bir müddət Azərbaycanda yaşadıqdan sonra Türkiyənin İstanbul şəhərinə köçmüş, biznesini də birdəfəlik Rusiyadan İstanbula köçürmüşdü.
E.İsmayılov həbsdən az müddət sonra məşhur telejurnalist Sevil Nuriyeva ilə ailə həyatı quraraq yenidən gündəm olmuşdu. Bu evlilikdən cütlüyün bir oğlu var.
E.İsmayılov dürüst, ədalətsizliyə qarşı barışmaz biri kimi tanınırdı. Əksəriyyət hətta öz maraqlarına zidd olanda da, onun ədaləti müdafiə etdiyi və buna görə də həyatının qalmaqaldan əskik olmadığını iddia edir.
Vaxtaşırı xeyriyyəçiliklə məşğul olduğu, soydaşlarına qarşı (xüsusən, Rusiyada yaşadığı illərdə) xüsusi həssaslıqla yanaşdığı bildirilirdi.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, sinəsindən 1 güllə ilə yarası alan İsmayılov xəstəxanaya çatıdırlsa da, həyatını xilas etmək ümümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan, Azərbaycan DİN-in keçmiş polkovniki, uzun müddətdir Türkiyədə yaşayan və iş adamı olduğu bildirilən Gözəl Damirovun yaxalanması üçün polis əməliyyatlara başlayıb və o, 3 saatdan sonra Beşiktaşda sürücüsü ilə birgə tutulub.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …