Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Naxçıvan zümrüdü və yaxud bir kəpənəyin yolçuluğu

Naxçıvan zümrüdü və yaxud bir kəpənəyin yolçuluğu

Kəpənəklər təbiətin ən gözəl və zərif, xüsusən də uşaqlar tərəfindən sevilən varlıqlarıdır.

Elə böyüklər də günəşli bir bahar günündə çiçəyin üstünə qonan kəpənəkləri görəndə çox sevinirlər. Təbiətin şıltaqlıqlarına, saylarını qat-qat azaldan quşların amansızlığına rəğmən, müdafiəsiz görünən bu canlıların həyatda qalmaq üçün mübarizələrinin hədiyyəsi isə al-əlvan rəngli qanadlarla keçirdiyi cəmi bir neçə gündür.

Qonşu Türkiyədə adı qırmızı kitaba düşən bir kəpənək növü var. Bu kəpənək növü Naxçıvan zümrüdü adlanır.

Bəli, heç də səhv oxumadınız. Türkiyədə dərc edilən qırmızı kitabda rəngi zümrüd yaşılı, zərli qanadları ilə göz oxşayan bir kəpənəyin fotosu diqqətimizi cəlb etdi və onun haqqında məlumatı oxuyanda məlum oldu ki, o Naxçıvan zümrüdü adlandırılır. Ancaq niyə bu adla çağırılır, bu haqda heç bir məlumat əldə etmək mümkün olmadı.

Elmi mənbələrdə Callophrys , Callophrys Danchenkoi kmi adlar verilən bu kəpənəyin məkanları meşə talaları, daşlı-qayalı yerlər, çay kənarlarıdır. Qanad açıqlığı 1,8 santimetrdir. Kəpənək növləri arasında ən gözəl görünüşlülərdən birinə sahibdir. Onun uçuşu da ritmik bir musiqi altında süzən birinin rəqsini xatırladır.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin böyük elmi işçisi, dosent Mahir Məhərrəmovla söhbət zamanı bildirdi ki, populyar adı Naxçıvan zümrüdü, elmi adı isə Callophrys Danchenkoi olan bu növün Türkiyədə yarım növü yayılıb. Bu növ ilk dəfə Naxçıvan ərazisindən tapılıb. 1986-cı ildə Rusiya alimi Aleksandr Dançenko Naxçıvan Muxtar Respublikasının Buzqov kəndi ərazisinə ekspedisiya edib və bu ekspedisiya nəticəsində həmin ərazidə dəyərli materiallar toplayıb və bu ekpesedisiya materillarını özü ilə Rusiyaya aparıb. 1998-ci ildə Qazaxıstan entomaloqu Aleksandr Jdanko dissertasiya yazır və Dançenkonun elmi tapıntılarını tədqiq edir, həmin bu materaillar əsasında bu növün yeni təsvirini verir. O bu növü Aleksandr Dançenkonun şərəfinə Callophrys Danchenkoi adlandırır. Dançenkonun yazdığı məlumatları araşdırakən məlum olur ki, alim onu xalq arasında çaşır bitkisi (elmi adı ferula) kimi tanınan bitkinin çiçəkləri üzərindən əldə edib. Naxçıvan zümrüdü öz sürfələrini may ayında bu bitkinin üzərinə qoyur. Dünya alimləri də bu kəpənəyi “Naxçıvan zümrüdü” kimi adlandırırlar.

Sonda onu qeyd etmək istərdik ki, son illərdə Naxçıvan Muxtar Respublikasında onurğalı və onurğasız heyvanlar aləminin tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsaslarının öyərinlməsi üçün dövlətimiz tərəfindən hərtərəfli qayğı göstərilsə də Naxçıvan zümrüdü (Callophrys Danchenkoi) haqqında muxtar respublikada heç bir mənbədə bu haqda araşdırma xaralterli məlumata rast gəlinmir. AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin vikipediya səhifəsində də bu haqda məlumat yoxdur. Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən Zooloji tədqiqatlar şöbəsinin “Naxçıvan Muxtar Respublikasının onurğasızlar faunasının taksonomik spektri” kitabında da bu kəpənək növü haqqında heç bir məlumata rast gələ bilmədik.

Zooloji tədqiqatlar şöbəsinin böyük elmi işçisi, dosent Mahir Məhərrəmov özü də etriraf etdi ki, bu növ haqqında yetəri qədər məlumat olmadığından bu növ kitabda öz əkini tapmayıb. Araşdırmalarımız zamanı o da məlum oldu ki, Azərbaycan üzrə heç bir kitabda bu haqda məlumat yoxdur. Azərbaycanda 4500-ə yaxın kəpənək növü öyrənilsə də bu növ nədənsə tədqiqata cəlb olunmayıb. Ümid edirik ki, bu yazımızdan sonra Naxçıvan zümrüdünün öyrənilməsində yeni mərhələ başlanacaqdır.

İlk bahar aylarında zümrüd rəngli kəpənəklərlə bağ-bağçalarınızda qarşılaşsanız onları qorumağa səy göstərin, övladlarınıza da bunu tövsiyə edin. Çünki onlar doğma diyarımızın adını yaşadan və tanıdan canlılardır, Naxçıvan zümrüdləridir.

Səbuhi HÜSEYNOV

Naxcivantv.az

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …