Bazar , Noyabr 18 2018
Ana səhifə / Araşdırma / Müşfiqin qalıqları üzərində aparılacaq DNK analizi haqda bilmədiklərimiz

Müşfiqin qalıqları üzərində aparılacaq DNK analizi haqda bilmədiklərimiz

Azərbaycanda DNK analizlərinin qiyməti 2-3 min manat arasında dəyişir

Stalin repressiyasının qurbanı olub, 1938-ci ildə güllələnən şair Mikayıl Müşfiqin qalıqlarının tapılması, müəyyən edilməsi istiqamətində işlər genişlənir. Prezident İlham Əliyev məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib.

Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək. Bu haqda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib.

Əli Həsənov onu da qeyd edib ki, cənab prezident həmişə Azərbaycan mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə repressiya qurbanı olmuş ziyalılarımızın xatirəsinə böyük diqqətlə yanaşıb.

O qeyd edib ki, bunun bariz nümunəsi kimi, dövlətimizin başçısının 2017-ci ilin fevralında Bakının Yasamal rayonu ərazisində keçmiş Statistika dairəsi adlanan yerdə Mikayıl Müşfiqin heykəlinin demontajına münasibətini göstərmək olar: “O vaxt cənab prezident məsələnin araşdırılması, günahkarların cəzalandırılması, heykəlin dərhal öz yerində bərpa olunması ilə bağlı tapşırıq vermiş, həmin göstərişin qısa zamanda icra olunmasından sonra da heykəli ziyarət etmiş və önünə gül dəstəsi qoymuşdur”.

Əli Həsənov ile ilgili görsel sonucu

Əli Həsənov bildirib ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması barədə yayılan məlumatlar hazırda dövlətimizin başçısının nəzarətindədir.

Məlumatlara görə, artıq işçi qrupu öz işinə başlayıb. Qalıqlar üzərində aparılmış DNK analizinin nəticələri 10 gün ərzində bəlli ola bilər. Bunun üçün şairin bacısının məzarı açılmalıdır.

Rusiya baş nazirinin müavini Olqa Qolodetsin mətbuat xidmətindən virtualorg.az saytına bildirilib ki, Rusiya tərəfi Mikayıl Müşfiqə aid olması güman edilən qalıqların identifikasiyasında fəal iştirak etməyə hazırdır. Qeyd olunur ki, Rusiya da Azərbaycan kimi bu cür işlərin aparılması üçün zəruri olan elmi-tibbi bazaya və analoji tədqiqatların aparılmasında böyük təcrübəyə malikdir.

DNK analizi ile ilgili görsel sonucu

Bəs DNK analizi nədir və necə aparılır?

Dövrümüzdə adətən bu analizdən hər hansı bir istintaq əməliyyatları və ya bir şəxsin atasının müəyyən edilməsi zamanı istifadə edilir.  Türkiyəli ekspertlər bildirirlər ki, əslində hər bir insanda DNK kodları 99.9 faiz bir-birinə bənzərdir. Yalnız 0.1 faiz hissə hər bir insanda fərqli kodlanır.  DNK vasitəsilə şəxsiyyətin bütün strukturunu öyrənmək mümkündür ki, bu kodlar da məhz 0.1 faizdə cəmlənib. DNK testi aparılan zaman da qeyd etdiyimiz hissə sınaqdan keçirilir. Tibbi bilgilərə görə, insanda gen mübadiləsi hələ ana bətnindən başlayır. İnsan dünyaya gəlmədən öncə ata və anadan olan müxtəlif genlər ona keçir. Bu səbəbdən fərdlərin DNK kodları ata və anaları ilə çox oxşar vəziyyətdə olur. Ona görə də şəxsin ana və atasını müəyyən etmək üçün DNK analizi keçirilir. DNK analizi etmək üçün adətən 15 gen götürülür və onların üzərində analizlər aparılır. Qan bağının doğru olması üçün nəticənin 99.99 faiz eyni olması lazımdır. Əksi baş verərsə, gerçək qan bağı olduğu söylənilə bilməz. Saç, dırnaq, kirpik, sümük kimi hissələr üzərində DNK analizi etmək mümkündür.

Yəni sümüklərin Mikayıl Müşfiqə aid olub-olmamasını öyrənmək üçün mütləq onun ana, ata və ya bacı, qardaşının qalıqları olmalıdır. Xüsusilə də burada ana xətti olduqca vacibdir. Türkiyəli professor Atasoy bildirib ki, yalnız anadan gələn genetik məlumatları miras alan hüceyrələrin içində olan mitokondrial uzun zaman ətraf təsirlərə dayana bilir.  Bu mitokondrial vasitə ilə əsrlər əvvəl ölən insanların qalıqları üzərində asanlıqla araşdırma aparmaq mümkündür. Doktor bildirib ki,  ananın bütün yaxınları eyni mitokondrial DNK-ya sahib olduğundan, 1000-2000 il əvvəl yaşayan insanların qalıqları da təhlil və təsbit edilə bilər. DNK analizi 3-5 gün ərzində həyata keçirilir. Bu müddət mövcud hissələrin yaşından və bəzi tibbi arqumentlərdən asılı olaraq dəyişə bilir.

Vəkil Əsabəli Mustafayev ile ilgili görsel sonucu

Vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda DNK analizlərinin qiyməti 2-3 min manat arasında dəyişir. Vəkil bildirib ki, ölkədə daha çox atanın müəyyən olunması üçün bu analiz aparılır: “Xarici ölkələrdə isə müxtəlif məqsədlərlə, məsələn, xərçəng xəstəsidirsə, onun nə dərəcədə genetik keçici olub-olmadığını yoxlamaq üçün DNK analizi aparıla bilər. Bizdə isə belə müraciətlər geniş yayılmayıb. Ona görə də əsas atanın, ananın müəyyən edilməsi üçün istifadə olunur. Xarici ölkələrdə bu analiz geniş yayılsa da, Azərbaycanda 3-4 ildir ki, edilir.  Sümüklər üzərində də DNK aparmaq mümkündür. İstintaqda da bundan geniş istifadə olunur. Məsələn, cinayət hadisəsi yerindən siqaret tapırlar, bu analiz vasitəsilə kimə aid olduğunu öyrənirlər. Eləcə də tükü tapırlar, onun da sahibini bu analizlə müəyyənləşdirirlər. Belə şeylər xaricdə geniş yayılıb”.

VIPedu.BIZ

Həmçinin oxuyun

BDU-da işləyən VƏZİFƏLİLƏR – Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı… (SİYAHI)

Xəbər verdiyimiz kimi, noyabr ayının 16-sı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov prezident İlham Əlyevin …