Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Lukoyl”a qarşı SƏFƏRBƏRLİK – QALMAQAL

“Lukoyl”a qarşı SƏFƏRBƏRLİK – QALMAQAL

Xəbər verdiyimiz kimi, srağagün Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov məlumat yayaraq “Lukoyl – Azərbaycan” şirkətinin AİİB-i məhkəməyə verəcəyini bildirmişdi. Bu gün isə artıq “Lukoyl” şirkətinin QHT-ni məhkəməyə verərək, 5000 AZN təzminat tələb etməsi məlum oldu.

Həmçinin xatırladaq ki, məlumat saytımızda yayımlandıqdan sonra AXCP sədri Razi Nurullayev də məsələ münasibət bildirərək bunları qeyd etmişdi:

“…Bu barədə mən də dəfələrlə çıxış etmişəm. Ən azı bu hadisə xatırladığım 4 dəfə başımıza gəlib. Bir dəfə “Şamaxinka” deyilən ərazidə olan məntəqədə 20 manatlıq benzin vurduran zaman benzin çəninin əqrəbinin qalxmadığını gördüm. Çəndən şlanqı çıxarmaq istəyən zaman tez xəbərdarlıqla onu saxladıq və dedim ki, əminsən benzin vuruldu? Göstərciyə baxıb dedi ki, “atıb”. Yəni, aparat avtomatik dayanıb. Bu məsələni onlarla sürücü də mənə danışıb. Eyni biabırçılıqlar Cəfər Xəndan küçəsində, “İstanbul evləri” deyilən ərazidəki qoşa məntəqələrdə də dəfələrlə baş verib. Sonuncu dəfə isə “Toyota Corolla” avtomobilinə dolu çən sifariş verdik, heç işığı da yanmırdı.”

Cebhe.info “Lukoyl – Azərbaycan” şirkətinin QHT-ni məhkəməyə verməsi ilə bağlı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı və ekspert İlham Şaban ilə əlaqə saxlayaraq fikirlərini öyrənib.

“Bu hökumətin apardığı siyasətin nəticəsidir. Hökumət QHT-i bu qədər aşağılamasa idi, onlar haqqında cinayət işi, onlara ziyan vuracaq addımlar atılmazdı”.

Bu sözləri açıqlamasında Mirvari Qəhrəmanlı deyib. O həmçinin bildirib ki, bu cür halda “Lukoyl” şirkətinin gücü çatmazdı ki, QHT-ni məhkəməyə versin:

“Bir QHT kimi buna ciddi surətdə etiraz edirəm. QHT-nin məhkəməyə verilməsi absurddur. Yəgin ki, Eyyub müəllim yaxşı vəkil tutacaq və bu məsələ Avropa Məhkəməsinə qədər aparılacaq. “Lukoyl” hansı şərəfindən danışır ki? Şirkət istehlakçı hüququnu pozubsa, o, onu şikayət edən xanımı məhkəməyə verməlidir. Bəlkə xanım günahkar deyil, bu araşdırılmalıdır. Şirkət çox səhv addım atıb.

Mən də bu məlumatı sizin vasitənizlə həmkarlarıma və beynəlxalq aləmə, müxtəlif təşkilatlara çatdıracağam. QHT-nin, vətəndaş cəmiyyətinin vəzifəsi nizamnaməyə uyğun olaraq hərəkət etməsidir. Düşünürəm ki, vəsatət qaldırmalıdır. Ən əsası “Lukoyl”-un hansı ölkələrdə yanacaq məntəqələri varsa, onlara da bildirilməlidir. Düşünürəm ki, bu barədə həmkarlarımız olan QHT-ı bizə kömək edəcəklər”.

“Bu məlumat şirkətin biznes fəaliyyətinə kölgə saldığı üçün bu addımı atıb. QHT-də özünün doğruluğunu, düzgün yolda olduğunu sübut etməlidir”.

Ekspert İlham Şaban həmçinin düşünür ki, bu cür hallar hüquqi müstəvidə həll yolu və normal şeydir:

“Biz buna təzə-təzə gəlib çıxsaq da, sivil dünya bunu çoxdan keçib. İnsanlar öz mübahisələrini məhkəmə ilə həll etməlidir. Əgər qanunsuzluq varsa, istehlakçı hüququ pozulursa, bu normaldır. Ölkədə bu cür xəbərlərlə tez-tez qarşılaşmasaq da, bu hallar baş verir.

Dünyanın yolu bundan keçir. Elə bilirsiniz ki, Amerika, Avropada hər şey rəvan olur? Onlar da bu yolu keçiblər və başa düşüblər ki, ən yaxşı yol istehlakçılara xidmətdən keçir. Nəticə etibarı ilə burada oğurluq, istehlakçı hüququnu pozmaq və bunu məhkəməyə vermək, həmin şirkətin biznesini də çökdürəcək. Bunu zaman göstərib və həll edəcək”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …