İtkin düşən alpinistlərin harada olmaları barədə təcrübəyə əsaslanan VERSİYALAR

Artıq iki həftədir, 2017-ci ilin 24 Dekabrından etibarən “Gilavar” klubunun 3 idmançısı haqqında xəbər alına bilmir. Dekabrın 24-ündə Tufan dağ zirvəsinə Mahmuddərə istiqamətindən getməyi planlaşdıran dəstə sonuncu dəfə onları dərəyə gətirən sürücüyə zəng edərək dərədə olduqlarını, hava şəraitinin çox pis olduğu üçün gecəni dərədə keçirəcəklərini, ertəsi gün hava düzəldikdən sonra zirvəyə gedəcəklərini bildiriblər.

Dəstə 3 nəfərdən ibarət olmuşdur. Ən təcrübəli dağçı Namin Bünyatov idi. Ayrıca dağlarda təcrübəsi olan 2-ci idmancı Babur, eyni zamanda nisbətən daha az təcrübəli Fəridə.

Bu 3 idmançıdan bu tarixdən sonra heç bir məlumat alına bilməmişdir.

Dağda alpinistin başına 2 yerdə qəza gələ bilər:

1. Hərəkət halında
2. Düşərgədə (bivuak)

Qarlı və buzlu cığırlarda alpinistlər qalça nahiyyəsini qucaqlayan xüsusi sistemləri bir sığorta ipinə bağlayaraq hərəkət edirlər. Buna “bağlama” deyilir.

Bağlamada hərəkət etməyin xüsusi parametrləri vardır.

1. Hər kəs xüsusi buz baltası daşıyır
2. Hər kəs qarlı və buzlu səthə yaxşı yapışan iynəli kramponlar geyinir
3. Bağlamada öndəki dağçı mütləq ən təcrübəlisi olur
4. Bağlamanın sonuncu idmançısı da təcrübəli olmalıdır
5. Bağlamada alpinistlər arasında məsafə minimum 3 metr tutula bilər. Xüsusi təhlükəli yerlərdə öndəki idmançı bağlamada 10-15 metr qabağa buraxılır. Mənim ən çox bəyəndiyim, ritmini tutduğum məsafə 3-5 metr arasıdır. Beş metr daha yaxşıdır.
6. Bağlamada alpinistlər arasındakı məsafə nə qədər qısadırsa, qəza anında qurtulma şansı bir o qədər azdır.
7. Azərbaycanl alpinistlər əsasən lovğalıqları ilə seçildiyi üçün iplə hərəkət edərkən aradakı məsafəni çox vaxt 2 metrə qədər düşürürlər.
8. Azərbaycanda alpinistlər arasında sonuncu alpinistin nisbətən təcrübəli olması şərti həmişə gözlənilmir. Çox vaxt ən zəif idmançı bağlamada sonuncu gəlir.
9. İdmançılar arasında bağlamada məsafə nə qədər uzundursa, o qədər uzun ip götürmək lazımdır. İp nə qədər uzundursa, bir o qədər ağırdır. Alpinistlər ağır əşyaları daşımağı sevməzlər.

Deməli belə.

Alpinistlərin itgin düşməsinə səbəb olacaq hadisə ya hərəkət anında, ya da düşərgədə baş verə bilərdi. Hərəkət halında baş vermiş qəza zamanı alpinistləri bir ipə bağlı şəkildə, düşərgədə qəza baş verməsi halında isə alpinistləri çadırda tapmalıyıq.

Alpinistlər dağda istədikləri yerdən gedə bilməzlər. Hər relyefə uyğun cığırlar mövcuddur.

Alpinistlər istədikləri yerdə çadır da qura bilməzlər. Çadırın qapısı küləyin əks istiqamətində, qar uçqunu tutmayacaq yerdə qurulmalıdır.

Bizim hadisədə alpinistlərə aid hərhansı iz 2 həftə ərzində hələ də tapılmamışdır.

Bunlar hansı hallarda mümkündür?

1. Hərəkət halında qayadan sürüşmə.

Normal şərtlərdə idmançıların hamısının birlikdə sürüşməsi mümkün deyildir. Öndəki sürüşmüşsə, arxadakı idmançı öz buz baltasını qayaya və buza saplayaraq düşüşü dayandırmalıdır. Arxadakı sürüşəndə də öndəki eyni hərəkəti etməlidir. İdmançılar arasında məsafə nə qədər uzundursa, sürüşməni saxlamaq üçün tələb edilən reksiya müddəti o qədər uzundur. Çox vaxt bu, 1 saniyə ərzində həyata keçirilməlidir. İkinci saniyədən sonra düşən insanı saxlamaq həqiqətən xüsusi ustalıq tələb edir.

Bu qəza növündə 3 idmançının birlikdə yuvarlandığını nəzərə alsaq, onlara aid hərhansı bir izə rastlamaq mümkün idi.

2. Hərəkət halında qar uçqununa düşmək.

Normal şəraitdə yamacları travers edərkən idmançıların müəyyən məsafədə ipə bağlı, tək-tək təhlükəli yerləri keçməsi tələb olunur. Amma bütün bunlara baxmayaraq, qar uçqunu gəldiyi zaman bir bağlamanın hərhansı üzvünün sağ qalması ehtimalı zəifdir. Praktik olaraq mümkün deyildir.

Bu qəza növündə alpinistlərin qar uçqunu altında qalması baş verdiyi üçün onların heç bir izinə rastlamamaq mümkündür.

3. Hərəkət halında çatlara düşmək.

Dağların ətəyində qar xəttindən yuxarı suyun maye halında olması ehtimalı yoxdur. Bu qar xətti Böyük Qafqaz üçün ortalama 3 000 metrdir. Tufan dağının Şimal yamacında qar xəttinin 3 000 metr olduğunu düşünərsək, oradan yuxarıda daxilində böyük boşluqlar olan çatların mövcudluğunu nəzərə almalıyıq. Qar yağdığı zaman çatların üstü qapandığı üçün ilk baxışdan ayaq basdığınız yerin əslində boşluq olduğunu anlaya bilmirsiniz.

Çatlara düşməmək üçün yenə də alpinistlər arasında bağlamada məsafə ən az 3 metr olmalıdır. Çox vaxt öndəki çatlara sürüşə bilər. O zaman arxadakı idmançı yenə də 1-2 saniyə ərzində öz buz baltası ilə düşüşü dayandırmalıdır.

Buz çatlağına düşmə halında da alpinistlərin heç bir izi qalmaz.

4. Düşərgə halında qar uçqununa düşmək.

Normal şərtlərdə düşərgələr qar uçqunları riskinin ən aşağı olduğu yamaclarda qurulurlar. Bunun üçün dağın uçqun relyefini yaxşı oxumaq lazımdır.

Praktikada düşərgə salarkən küləkdən uzaq yerlər seçilməyə çalışılır. Buralar, adətən, küləyin qabağını kəsən qayaların arxasındakı yamaclardır. Bəzən isə çökəklər. Şəxsən mən, çökəklərdə salınan düşərgələri sevirəm. Amma indiyə qədər heç bir təcrübəli bələdçinin sözündən çıxmadığım üçün çökəkdə çadır qurmağa icazə verən də olmadı.

Amma bizim idmançılarda təcrübəli bələdçinin avtoriteti adətən zəif, hər azərbaycanlının isə bir az dikbaş olduğunu nəzərə aldığımız üçün, bu şərtin yerinə yetirilmədiyini ehtimal edə bilərik.

Düşərgə halında qar uçqununa düşmüş idmançılar ancaq bir dəstədən ibarətdirsə, ancaq öz gücləri hesabına qarın altından çıxa bilərlər. Uçqunla gəlmiş qar sement kimi çox sərt olur. Onu eşərək kənara çıxmaq çətindir (amma mümkündür).

Düşərgədə qar uçqununa yaxalanmış idmançılardan da heç bir iz qalmaya bilər.

5. Düşərgə halında ikən qar altında qalmaq.

Qar uçqunu bir anda baş versə də, alpinistlər gecə yatarkən üstlərinə yavaş-yavaş yağan qarı hiss etməyə bilərlər. Yəni gecə çadırın ətrafı təmizdir. Amma səhər çadırın hər tərəfi, üstü də qar ilə örtülmüş ola bilər. Çadır çökəkdə qurulmuşdursa, bu qarı təmizləmək praktik olaraq mümkün deyilsir. Çadırın üstünə yağan qar çadırın içindəki temperaturu artırdığı üçün idmançılara nisbətən isti şəraitdə yatmaq ləzzət edir və qiymətli vaxtı itirirlər. Məhz buna görə artıq sərtləşmiş qarda qazılan mağaraların girişi konfortlu şəraitə baxmayaraq idmançılar tərəfindən dəfələrlə təmizlənməlidir.

Bu qəza növündə də idmançılardan iz qalmaya bilər.

İdmançılarımızın düşərgə saldıqları gün hava şəraitinə nəzər saldığımızda küləkli, qarlı çovğun olduğunu görürük. Bu sırada idmançıların hərəkət halında olduğunu düşünmürəm.

Mənim ehtimalımca qəza düşərgə halında ikən baş vermişdir. Ya düşərgə halında qar uçqunu, ya da düşərgə halında qar altında qalma.

Aşağıda paylaşdığım şəkillərdən birincisi Google Earth proqramından alınmış Tufanın zirvəsi perspektivindən idmançılarımızın hərəkət etdiyi Mahmuddərə Cənub-Şimal yönündə görüntü olaraq göstərilməkdədir.

Paylaşdığım ikinci şəkildə isə eyni dərə bu səfər Şimal-Cənub yönündən göstərilməkdədir. Tufan dağını qucağını açmış kimi düşünsək, bu qucaqda 2 ədəd ciddi yoxuş olduğunu görə bilərik. Ən altdakı yoxuş qar xəttinin başlanğıcıdır. İdmançılarımızın bu xətdən yuxarı çıxdığını düşünmürəm. Bu mərhələ ancaq nisbətən yaxşı, küləksiz havada keçilə bilər.

Anladığım qədəri ilə FHN də idmançıları bu xətdən aşağıda axtarır.

Üçüncü şəkil isə FHN-nin helikopterindən çəkilmiş və bölgənin indiki vəziyyətini göstərən şəkildir. Buradan qar miqdarının çox olduğunu anlayırıq. Hətta qar yağmış, uçqunlar baş vermiş, onun üzərinə yeni qar yağdığının da şahidi oluruq.Bu dəqiqə yamaclarda hər an aşağı yuvarlanmağa hazır böyük qar kütlələri görə bilərik.

NƏTİCƏ

İtgin idmançılarımızın 3 000 metr-dən aşağıda düşərgə halında qar altında qaldığını düşünürəm.

Vasif İSMAYIL

Azinforum.az

loading...