Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / İnam Kərimovun “AĞ QIZIL” YALANI… – Prezident pambıqçılığın inkişafından narazıdır

İnam Kərimovun “AĞ QIZIL” YALANI… – Prezident pambıqçılığın inkişafından narazıdır

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda Prezident İlham Əliyev bildirdi ki, pambıqçılıq sahəsində 2017-ci ilin məhsuldarlığı bizi heç cür qane edə bilməz, bunun bir çox səbəbləri var və göstəriş verilmişdir, səbəblər araşdırılsın ki, pambıqçılıqda məhsuldarlıq artsın və sahə inkişaf etsin.

Qaynarinfo-nun verdiyi məlumata görə, 2016-cı ildən başlayaraq Prezident Azərbaycanda pambıqçılığın inkişafına çox ciddi dövlət dəstəyi göstərir. 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi. Dövlət xətti ilə böyük həcmdə müasir texnika – 500-ə yaxın pambıqyığan kombayn, Azərbaycanda istehsal olunan traktorlar, eyni zamanda, xarici texnika, qoşqular və s. texnika alındı, şirkətlər və fermerlərə 70 faiz güzəştlə gübrələr verilir.

Lakin bu sahəyə göstərilən dövlət dəstəyinə və ayrılan külli miqdarda subsidiyalara baxmayaraq, planlaşdırılan nəticələrdən aşağı nəticələr əldə olunur. Bu azmış kimi, 2018-ci ilin iyun ayında İmişlinin pambıq tarlalarında 52 işçi, Saatlıda 24 işçi, Tərtərdə 25 nəfər işçi və onlardan 8 nəfəri uşaq olmaqla kimyəvi dərmanlardan zəhərlənir.

Pambıqçılıqda olan boşluqlar araşdırılarkən, maraqlı faktlar ortaya çıxmağa başlayır. Real faktlara nəzər saldıqda, aydın olur ki, 2017-ci ilə ölkə üzrə əkildiyi iddia edilən 135-136 min hektar sahənin ən azı 100 min hektarı “MKT İstehsalat Kommersiya” MMC tərəfindən əkilməsi nəzərdə tutulmuşdur. Lakin 2018-ci ilin mart ayında Prezident İlham Əliyevin sədrliyi ilə pambığçılığın inkişafına dair müşavirədə “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktor müavini Rövşən Həsənov Prezidentin qarşısında çıxış edərkən “MKT İstehsalat Kommersiya” MMC üzrə 70 min 563 hektar sahədə pambıq əkini üzrə çıxış alınıb və 130 min 679 ton xam pambıq tədarük edildiyini bildirmişdi. Ortaya sual çıxır, məgər “MKT İstehsalat” 70.5 min hektaramı pambıq səpmişdi? Əlbəttə ki, yox. Əldə olunan məlumatlara əsasən “MKT İstehsalat” tərəfindən 90-100 min hektar əraziyə xərc çəkilib, dövlət subsidiyası verilib, yanacaq və işçi qüvvəsi sərf olunub. Bu qədər xərcin qarşılığında isə, Rövşən Həsənovun sözü ilə desək “70.5 min hektar sahədə əkin üzə çıxıb”? Hətta bu göstəricilərlə belə, 1 hektara 18 hektar məhsul düşür. Lakin, Rövşən Həsənov cənab Prezident qarşısında çıxış edərkən, 1 hekdardan 24 sentner pambıq yığılacağını bildirmişdir. Bu şişirdilmiş məlumatlar eyni zamanda Dövlət Statistika Komitəsinə ötürülür. Lakin DSK-a yenə də reallığa uyğun məlumatlar dərc etməyə çalışır. Beləki, DSK-ın məlumatına əsasən, 2017 ci ildə 1 hektara düşən məhsuldarlıq 15 sentner təşkil etmişdir, 2018-ci ildə isə 18 sentner olacaq. Azərbaycanda becərilən pambığın 55%-60% “MKT İstehsalat Kommersiya” tərəfindən tədarük edildiyini və 1 hektardan 15 sentner yığıldığını nəzərə alsaq, “MKT İstehsalat Kommersiya” 1 hektardan heç cür 24 sentner tədarük edə bilməz.

İndexMundi.com data portalının dərc etdiyi statistik məlumatlara əsasən Azərbaycan 1 hektara 15 sentner pambıq tədarük etməklə, pambıq əkini ilə məşqul olan 77 ölkə sırasında 31-ci yerdədir. Liderlik isə Türkiyə (50 sentner), Avstraliya (48 sentner) və İsraildədir (47 snetner).

Bəs Prezidentin bu qədər əhəmiyyət verdiyi strateji istiqamətə – pambığçılıq sahəsinə faktiki və pərdəarxası rəhbərlik edən şəxs kimdir? Qeyd etdiyimiz kimi, bu sahənin 60%-dan çoxuna nəzarət edən şirkət “MKT İstehsalat Kommersiya” birliyidir və bu şirkətə faktiki rəhbərlik edən şəxs isə Eldar Cəfərovdur. Bərdə müşavirəsində Prezidentin qarşısında çıxış edərək yalnış rəqəmlər səsləndirən keçmiş maşın al-verçisi Rövşən Həsənov isə Eldar Cəfərovun yaxın adamı hesab edilir və bu vəzifəyə onun tərəfindən təyin olunub. Lakin bütün qərarları yenə də Eldar Cəfərov verir. Eldar Cəfərov bu gün həmçinin “Gilan Agricultural Group”a da rəhbərlik edir, istənilən şəxsi təyin edir və onun kombinasiyalarına mane olan şəxsləri vəzifədən azad edir.

Bu şəxs (Eldar Cəfərov) haqqında mətbuatda dəfələrlə məlumatlar dərc edilib. Onun “MolBulak” BOKT və “Kred Aqro”nun təsisçisi olduğunu və bu qurumlar tərəfindən verilən kreditlərin müqabilində müştərilərdən kreditin 10 faizi məbləğində rüşvət alındığını, bölgələrdə filial ofisləri üçün müvafiq ərazilərin alınması və ofis binalarının tikintisi zamanı sənədlərdə qiymətlərin faktiki məbləğdən yüksək göstərilməsini, icbari sığorta subyektlərini əvvəlcədən razılaşdığı sığorta şirkətlərinə yönəltməsini və bunun müqabilində isə sığorta məbləğinin 30-35 faizinin nəğd şəkildə şirkət tərəfindən ona geri ödənilməsini tələb etdiyi haqda mətbuat dəfələrlə yazıb. Eldar Cəfərov eyni zamanda “Texnikabank”ın keçmiş sahibi Etibar Əliyevlə “İnvest Kredit” İttifaqını yaratdığını və müxtəlif yollarla qazandıqları pulları bu təşkilat vasitəsi ilə də dövriyəyə buraxdıqlarını, “Kred Aqro” BOKT-da “yoxa çıxmış” 4 milyon 523 min manatın 3 milyon manatını onun Rusiyanın Kazan şəhərində yaşayan qardaşı Ramiz Cəfərovun, qalanı isə onun Qırğızıstandakı qardaşının adına keçirməsini, milyonlarla manat dəyəri olan bağ evi, şadlıq sarayı, şəhərin mərkəzində mülkü, bahalı avtomobilləri (“Mercesed S”, “Range Rover”, “BMW”) olan bu şəxs sizcə kəndli və fermerlərin problemləri ilə maraqlanaraq, pambıqçılığın inkişafı yollarını araşdırmaq iqditarındadırmı? Pambıqçılıqdan və kənd təsərrüfatından anlayışı olmayan, gündəlik intriqalardan başı açılmayan bu şəxs nəinki “Gilan”ın kənd təsərrüfatı sektoruna rəhbərlik edir, ona həmçinin “Gilan Holdinq”in qida sənayesi, o cümlədən “Abşeron Taxıl”, çörək zavodları, fındıq emalı fabrikləri və s. onlarla strateji müəssisələr həvalə edilib. Görünür, pambıqçılıq sahəsindəki “nəaliyyətlərini” digər sahələrdə də tətbiq edəcək. Nəticələr isə göz qabağındadır.

Prezident Nazirlər Kabinetinin son iclasında bildirdi ki, pambıqçılıqda olan aşağı məhsuldarlıq araşdırılır. Sözsük ki, problemlər araşdırılacaq və yeni təyin olunmuş Kənd Təsərrüfatı Nazirinin innovativ yanaşması nəticəsində problemlər aradan qaldırılacaq. Kəndli fermerlərə verilən toxumların, gübrə və dərmanların keyfiyyətinə nəzarət olunacaq, subsidiyalar istiqaməti üzrə xərclənəcək, pambıq əkini üçün ayrılan sahələrdə digər bitkilər əkilməyəcək, suvarma sistemli aparılacaq, yığım vaxtında həyata keçiriləcək, Türkiyə təcrübəsi yaxından öyrəniləcək və ən əsası – kəndli/fermerlərə mütəmadi təlimlər keçiriləcək, əməyin təhlükəsizliyinə diqqət yetiriləcək. Problemləri isə ancaq dürüst və yerində olan peşəkar kadrlarla aradan qaldırmaq mümkündür.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …