Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “Hansı icra başçısı, nazir müavini, prokuror, polis rəisi korrupsiyaya görə tutulub?” – Tələb

“Hansı icra başçısı, nazir müavini, prokuror, polis rəisi korrupsiyaya görə tutulub?” – Tələb

Partiya sədri: “Kərəm Həsənovun Bakıdakı, Göygöldəki malikanələrinin, obyektlərinin siyahısını və ünvanını təqdim edə bilərəm”

“Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılmır. Əgər belə bir mübarizə olsaydı, ortada nəticələr olardı”.

Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, əgər korrupsiyaya qarşı mübarizə aparılsaydı, sabiq vergilər naziri Fazil Məmmədovun Ukraynada milyonlarla dəyəri olan hotelləri, zavodları ortaya çıxmazdı: 

“Nazirdən soruşan yoxdur ki, sən 1500 manat maaş ala-ala, o qədər var-dövləti necə əldə etmisən. Bütün bunları beynəlxalq qurumlar da görürlər, ona görə də hakimiyyətin korrupsiyaya qarşı mübarizə apardığına inanmırlar. Hamısı görür ki, dövlət məmurları nəinki ölkədə, xaricdə də böyük sərmayələr qoyurlar. Bu faktları araşdırmaq lazımdır. Hansısa xırda məmuru tutmaq korrupsiyaya qarşı mübarizə aparmaq deyil. Korrupsiyaya qarşı Mübarizə İdarəsində mənim də dostlarım var, amma onlar daha ciddi mübarizə aparmalıdırlar. Korrupsiyaya qarşı ciddi mübarizə aparmaq istəyirlərsə, yardımçı ola bilərəm. Ünvanları da göstərərəm”.

Qeyd deək ki, 2017-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Partyia sədri bu statistik rəqəmləri ciddi mübarizə saymır. Onun sözlərinə görə, əsas korrupsionerlər kənarda qalıb, mininci adamı tuturlar: 

“Hansı icra başçısı, nazir müavini, prokuror, polis rəisi korrupsiyaya görə tutulub? Ciddi mübarizə o zaman olar ki, qeyd etdiyim müstəvidə həbslər olsun. Bütün bunlar özümüzü aldatmaqdan başqa bir şey deyil. Guya yuxardakılar Fazil Məmmədovun, Eldar Mahmudovun, Ziya Məmmədovun nələrə sahib olduqlarını bilmirdilərmi? Nəyə görə vaxtında tədbir görmürdülər? İcra başçıları rayonları talan edirlər. “Qaçqınkomda” milyonlar mənimsənilir. Fazil Məmmədovun milyonları ortaya çıxır. Yaxşı onun müavinləri, idarə rəisləri niyə yoxlanmır? Eldar Mahmudov niyə azadlıqdadır? Niyə oğlu Azərbaycanın milyonlarını ölkədə rahat çıxara bilir?”.

H.Hacıyev korrupsiyaya qarşı mübarizə aparmalı olan qurumları cəsarətli olmağa çağırıb. 

“Mən bu yolda hər şeyimi ortaya qoymuşam. Qardaşıma dəyə biləcək zərbələrə qarşı sipər olmuşam. İmkan vermək lazım deyil ki, ölkəmiz dünyanın gözündə korrupsiya yuvası kimi görünsün. Əgər bilmirlərsə, mən ünvan göstərim. Biri Kərəm Həsənov. Ölkəni talan edib dağıdırlar. Orda-burda da deyir ki, prezidentə işləyirəm. Hansı əməlinlə prezidentə işləyirsən? Sənin əmlak sahəsində yaratdığın korrupsiya şəbəkəsinin yaratdığı narazılıq ən böyük zərbədir. Bu məsələlərə diqqət göstərilməlidir. Bilmirlərsə, Kərəm Həsənovun Bakıdakı, Göygöldəki malikanələrinin, obyektlərinin siyahısını və ünvanını təqdim edə bilərəm”, – deyə partiya sədri fikrini tamamlayıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …