Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Hacı Mazan” məhkəmədə ifadə verdi – 700 minlik qalmaqal

“Hacı Mazan” məhkəmədə ifadə verdi – 700 minlik qalmaqal

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə, dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən Müğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər təkrar dindirilib.

İş adamı, “Hacı Mazan” ləqəbi ilə tanınan Ramazan Zeynalov ifadə verib. Zərərçəkmiş kimi tanınan R.Zeynalov təqsirləndirilən M.Həşimovla 2012-di ildə Masallı rayonunda tanış olduğunu deyib:

“Obyekti təmir etdirmişdim, avadanlıqlar olmadığı üçün boş idi. Bankdan 700 min kredit götürüb Müğdətə verdim ki, tibbi aparatlar alıb oranı klinika kişi işlətsin. Orada banka 7 min vermişdim, 10 min də klinikanın ventilyasiya işini görən ustaya verildi. Həmin pulu Müğdətə notarius qaydasında verdim, özü də imzaladı. Müğdət işlərlə məşğul oldu, mən də müalicə üçün Almaniyaya getdim. Bir ildən sonra qayıtdım, yoxlanışları burda edirdim. Elə həmin klinikaya getdim, qadın işçilər qabağımı kəsib dedilər ki, 3 aydır maaş almırıq. Mən də pulların necə olduğunu bilmək üçün Müğdətlə görüşdüm. Bizə aldığı avadanlıqlara dair bir siyahı verdi, onu da 3 dəfə dəyişdi. Mən də Adil Mahmudovu çağırdım, audit yoxlama apardılar. Cavad Cavadov da avadanlıqların qiymətlərini internet üzərindən araşdırırdı. Həmin vaxt Müğdət yoxa çıxdı, kredit götürdüyüm “VTB Bank” mənim üstümə düşdü. Müğdəti tapdım, dedi 20 min manat ver, verdim banka ödədi. Sonra gəlib dedi ki, “Razin”də evim var, sənədləşməni həll edək evi keçirək sənin adına, sat banka pulu ödə. Səfiqulu Alıyev evi almaq istəyirdi, 67 min 200 manat verdi, mən dedim 70 mindən aşağı olmaz. Müğdət özü qalan 2 min 800 manatı verdi. Həmin 70 mindən əvvəl ona verdiyim 20 mini qaytardı. Sonra da bəlli oldu ki, evi Arif adlı vəkilə də satıb, onu da aldadıb. Biz də Müğdəti axtarmağa başladıq, dedilər Moskvadadır, tapa bilmədik, məcbur olub şikayət etdim”.

 

M.Həşimovun vəkili Elçin Sadıqovun suallarını cavablandıran R.Zeynalov deyib ki, nümayəndəsi İsmayıl Abbasov klinika ilə bağlı bütün işlərdə iştirak edib və sənədlərə imza atıb. E.Sadıqov İ.Abbasovun orderi olmadığını deyərək onun prosesdən uzaqlaşdırılaraq şahid kimi dindirilməsi barədə vəsatət verib. İ.Abbasov “mən professional vəkiləm” deyərək heç bir sənədə qol çəkmədiyini, sadəcə hüquqi məsləhət verdiyini deyib. Məhkəmə kollegiyası vəsatəti təmin etməyib.

R.Zeynalovun vəkil E.Sadıqovun suallarına cavab olaraq bildirib ki, klinikadakı tibbi avadanlıqlara özü də baxış keçirib: “Elə aparat var idi ki, 1996-cı ildə istehsal olunmuşdu. Müğdətin rentgen aparatını da məhkəmə icraçıları apardılar”.

M.Həşimov deyib ki, banka kreditin ödənişlərində bir gün də olsun gecikmə olmayıb: “Amma Hacı Mazan yalandan deyir ki, klinikanı bank bağlayıb. Özləri qanunsuz olaraq bağladılar klinikanı. Hətta klinika bağlanandan sonra 4 ay hər ayda 20 min manat kredit ödəmişəm. Mənim 100 min manatlıq rentgen aparatım hələ də Hacı Mazanın girovluğundadır”. Şahid Cavad Cavadov keçirdiyi audit yoxlama ilə bağlı ifadə verib: “Adil müəllim məni çağırdı, audit keçirdik. Avadanlıqların istehsal tarixinə baxıb qiymətlərini müəyyən edirdik. Bizə heç bir sənəd təqdim olunmadı. Sadəcə aparatın üstündəki yazılardan bilirdik”.

E.Sadıqovun suallarını cavablandıran C.Cavadov beynəlxalq münasibətlər fakültəsini bitirdiyini, tibbi avadanlıqlar üzrə mütəxəssis olmasına dair heç bir sənədi, lisenziyası olmadığını deyib: “Məni sadəcə çağırıb dedilər ki, bu avadanlıqlar nə üçündür. Bir neçə cihazın istehsal tarixi əllə yazılmışdı. 1987-ci ilin də avadanlığı var idi. Bu avadanlıqlar mütəmadi olaraq istehsal olunmur. Kim istəyirsə, sifariş edir və onun üçün xüsusi istehsal olunur. Yəni, oradakı avadanlıq da 1987-ci ildə sifarişli istehsal olunub, işlənib. Bunlar isə işlənmiş aparat alıblar”.

 

E.Sadıqov “aparatın işlənmiş olduğunu yoxladınızmı, bəlkə istehal olunduğu gündən bəri işlənməyib?” deyə sual verib. C.Cavadov isə yoxlamadıqlarını deyib. M.Həşimov həmin aparatın sterilizator olduğunu və alınanda təzə olduğunu deyib: “O aparatlara və klinikaya “qosstandart” lisenziya vermişdi. Onlar təsdiqləməsəydi, heç klinika da işləməzdi. Siz yazmısız ki, qiymətlər şişirdilib. Mən avadanlıqlara 246 min manat vermişdim, siz auditdə 162 min manat yazmısız. Belə çıxır ki, 84 min manat yeyinti olub. Amma ittihamda 193 min manat verilib. Bu necə olur?” Məhkəmə prosesi yanvarın 8-də davam etdiriləcək.

Qeyd edək ki, M.Həşimov Şeyx Allahşükür Paşazadənin və qardaşı Cavanşir Paşazadənin bizes ortağı olub. M.Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1 (vergidən yayınma) maddələr ilə ittiham irəli sürülüb. Müğdət Həşimov məhkəmədə Cavanşir Paşazadənin sifarişi ilə həbs edildiyini deyib. Müğdət Həşimov deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayıb. Şərtlərinə görə, M.Həşimovla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub. Klinika C.Paşazadənin adına olan 1255 kv.metrlik qeyri-yaşayış sahəsində açılıb. Şəriklik əsasında M.Həşimov “Medi-Sina” MMC-nin təsisçisi olaraq, fəaliyyətə başlayıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın