Ana səhifə / Araşdırma / Həmrəyliyimiz: hədəflər, ümidlər… – ARAŞDIRMA

Həmrəyliyimiz: hədəflər, ümidlər… – ARAŞDIRMA

“Böyüməkdən qorxmaq lazım deyil. Onsuzda böyük dağların dumanı da böyük olur”. Qədim türk sərkədəsi Atillanın fikirləridir.
Bütün tarix boyu, el ə indi də və yəqin ki gələcəkdə də həmrəylik xalqlar və ölkələr üçün təhdidlərə qarşı güclü immunitetdir. Gənc və müstəqil, strateji mövqeyə və münbit, təbii sərvətlərlə zəngin torpaqlara sahib ölkələrin xaqları üçün bu, ikiqat immunitetdir. Diaspor, xaricdə təmsilçilik və digər vacib fəaliyyətlər məhz bu immunitetdən yararlanıldığı halda ciddi nəticələrə çata bilir.
Ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əsas xidmətlərindən biri də azərbaycanlıların həmrəylik modelini yaratması, bunun Azərbaycanda rəsmi qeyd olunması ənənəsini formalaşdırmasıdır. Biz bu modeldən nə qədər yararlana bilirik?
Azərbaycan diasporundan bütün zamanlarda, xüsusilə də yeni dövr müstəqillik illərində həmişə böyük gözləntilər olub. 2018-ci ildə bu gözləntilər özünü nə qədər doğrultdu?
Azərbaycanlıların həmrəylik hərəkatı və Azərbaycan
Dövlətlərin müstəqilliyinin, inkişafının və dünyadakı müsbət imicinin davamlılığı onun diasporunun fəallığı, həmrəyliyi ilə müəyyən olunur.
Məhz bu zərurətdən, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra Heydər Əliyev dünya azərbaycanlıları üçün həmrəylik modelini yaratdı. Proses Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəylik günü elan edilməsi ilə başladı. Sonra Azərbaycan Milli Məclisi həmin qərarı bütövlükdə ölkə miqyası üçün qəbul edib. Beləliklə, uzun və azərbaycanlıların vahid gücə çevrilməsi baxımından şərəfli bir yola çıxıldı. Bu gün, Cənubi Azərbaycan da daxil, dünyada təqribən 55 milyona qədər azərbaycanlı yaşayır.
Heydər Əliyev əsasını qoyduğu kursla diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşdi; diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Belə bir gerçək ideya formalaşdı ki, həmrəylik üçün bütün azərbaycanlıların vahid amal ətrafında birləşməsi ilkin şərtdir.
Ardınca yenə Heydər Əliyev tərəfindən Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsinin əsası qoyuldu, onun imzaladığı xüsusi sərəncamla 2001-ci ildə Bakıda ilk qurultay keçirildi. İndiyə qədər dünya azərbaycanlılarının Bakı qurultayı 5 dəfə keçirilib və bu, artıq ənənə halını alıb. Məhz bu qurultayların keçirilməsi dünya azərbaycanlılarının vahid amal ətrafında, bir masa ətrafında birləşməsinin ilkin şərtlərini yaratdı. İlk qurultayda qarşıya qoyulan vəzifələrin reallaşması zərurətindən Heydər Əliyev digər bir sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini (indiki Diasporla İş üzrə Dövlət Komitəsi – M.A.) yaratdı.
Bir sıra ölkələrdə azərbaycanlıların vahid təşkilatları yaradıldı. Ukrayna Azərbaycanlıları Konqresi (1999), Ümumrusiya Azərbaycanlılar Konqresi (2001) və sair ölkələrdə bu kimi təşkilatların formalaşması məhz Heydər Əliyevin bu məqsədyönlü siyasəti sayəsində baş tutdu.
Prezident İlham Əliyev bu ideyanı uğurla davam etdirir. Onun müvaiq sərəncamı ilə 2006-cı ilin martında keçirilən ikinci qurultay isə diaspor quruculuğuna və milli həmrəyliyin möhkəmlənməsinə yeni təkan verdi. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyətinin ciddi təhlili əsasında bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi əsaslandırıldı. İnformasiya sahəsində fəaliyyətin gücləndirilməsi, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrin genişləndirilməsi məsələləri xüsusilə önə çəkildi. Bundan irəli gələrək, 2008-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası diasporun fəaliyyət istiqamətlərini müəyyən edən “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” adlı konseptual sənəd qəbul etdi.
Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları, qərarları, qurultaylardakı çağırışlarından irəli gələn atılan addımlar sayəsində Aqzərbaycan dövlətinin dünyadakı azərbaycanlıların diaspor işinə, həmrəyliyin güclənməsinə, həmyerlilərimizin vahid amal ətrafında birliyi naminə fundamental dəstək davam edir.
2018-ci ilin iyul ayında prezident İlham Əliyevin müvafiq fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı.
Fondun yaradılmasında əsas məqsəd Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək idi.
Azərbaycan dövlətinin, xüsusilə önun prezidentinin diaspor quruculuğuna, azərbaycanlıların vahid amal ətrafında güclü birlik halında olmasına verdiyi önəmi, dəstəyi bu kimi misallarla çox sadalamaq olar.
Məqsəd son dərəcə aydın və pozitivdir: Prezident İlham Əliyev şəxsən dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının dövlətimizin və xalqımızın problemlərini düşünməli olduğunu xüsusi vurğulayıb. Bunun üçün də dövlət dünya azərbaycanlıların fəal, birlik halında olması üçün hərtərəfli dəstəyi əsirgəmir.
Bizi birləşdirən, birləşdirə bilməyən məsələlər…
Heç şübhəsiz ki, dünya azərbaycanlıları üçün əsas məqsədlərdən biri, məsələn, Azərbaycan həqiqətlərinin dünyada, ən azı aparıcı ölkələrdə maksimum təbliği olmalıdır. Həqiqətlərimizin çatdırılması üçün dünya xalqları və cəmiyyətləri ilə inteqrasiya təmin olunmalıdır. Mümkün qədər xarici dillərdə təbliğat, xarici mətbuatda iştirakçılıq, hətta bu cür təbliğat vasitələrinə ortaqlıq əsas vəzifələrdən birinə çevrilməlidir. Bütün bunlar vahid amal ətrafında güclü təşkilatlanma işindən asılıdır.
Bəs bu vəzifənin icrası hazırda nə yerdədir? Ümumiyyətlə, dünyadakı diaspor təşkilatlarımız hansı nəticələri ortaya qoyublar?
Xatırlatmaq yerinə düşər ki, dünyada ən güclü diasporu, lobbisi olan xaqların təşkilatları öz tarixi vətənləri hesab etdikləri ölkədə dövlətdən heç bir maddi dəstək almırlar. Azərbaycan dövləti bu məsələdə, sözün əsl mənasında, alternativsiz bir siyasət yürüdür. Amma həmin xaqların diaspor təşkilatları nəinki olduqca fəaldırlar, hətta yeri gələndə öz tarixi vətənləri hesab etdikləri dövlətlərə qlobal məsələlərdə kifayət qədər dəstəklərini də hiss etdirirlər. Dünya miqyasında, aparıcı ölkələrdə xüsusi çəkiyə malik ola biliblər və sair.
Bəs arxasında belə bir dövlət siyasəti dayanan diasporumuzun arzulanan gücə çevrilməməsinin səbəbi nədir ?
Bu sualın cavabı illərdir müzakirə və mübahisə mövzusudur.
Son zamanlar sosial şəbəkələrdə və digər internet resursları vasitəsi ilə bu istiqamətdə maraqlı çağırışlar, cəhdlər olsa da, təəssüf ki, bunların tam əksəriyyəti virtual formadan o yana keçmir. Reallığın tələbləri isə tamamilə başqadır.
Açığı, şəxsi təcrübəmə əsasən deyim ki, dünyada istər yaşadıqları ölkədə, istərsə də yaşadıqları region üzrə kifayət qədər nüfuzlu azərbaycanlılar var. Söhbət ancaq biznes sektorunda fəaliyyət göstərənlərdən getmir. Müxtəlif sektorlarda və müxtəlif yaş kateqoriyalarında sonsuz sayda adlar nümunə göstərmək olar. Məqsəd yazımızı bu siyahı ilə tamamlamaq deyil. Dəfələrlə onların tanıdılması, yaşadıqları ölkələrdə ciddi fəaliyyətləri barədə yazmışıq. Məsələn, onlarla nümundən biri: Latviyada həmyerlimiz Asif İbrahimov nəinki bu ölkədəki azərbaycanlılar arasında, ümumiyyətlə ölkədə, onun icimai-siyasi mühitində ciddi diqqət çəkəcək qədər fəal gənclərdəndir. O, bu yaxınlarda Latviya parlamentinə keçirilən seçkilərdə çox cüzi səs fərqi ilə seçilə bilmədi. Ölkənin həm ictimai-siyasi, həm də biznes sektorunda fəal olan A. İbrahimov deyir ki, onun əsas işgüzar əhatə dairəsi yerli latışlar və ölkədə say çoxluğuna görə ikinci sırada gələn ruslardır: “Təmsil olduğum böyük bir sektorda onlar artıq Azərbaycan barədə o qədər məlumatlıdırlar ki, bizim dilimizi öyrənmək istəyənlərin sayı gündən günə çoxalır”. Parlament seçkilərində cüzi səs fərqinə görə seçilə bilmyən Asif bildirir ki, qarşıdan gələn yerli dumalar üzrə seçkilərdə də namizədliyini verəcək və əmindir ki, bu dəfə qələbə qazana biləcək: “Biz təbliğatımızı daimi aparırırq. Məqsədimiz əsas idarəedici orqan, seçkili orqan olan Latviyanın qurumlarında azərbaycanlının təmsil olunmasıdır. Belə bir fikir var ki, azərbaycanlılar üçün Avropada yerli siyasi mühitlərdə uğur çətindir və ya qeyri mümkündür. Biz bu sindromu qırırıq”.
Bax belə…
Məsələ burasındadır ki, önəmli saydığımız təşkilatlanma işində həmin soydaşlarımızdan ya yararlanılmır, ya da yararlanmaq mümkün olmur. Yaxud, yanaşmalar fərqli olur. Belə olan halda isə diasporumuzun arzuolunan səviyyədə təşkilatlanması işi çətin həll olunan riyazi məsələyə çevrilir.
Yerigəlmişkən, 2018-ci ilin aprel ayında, prezident seçkilərindən dərhal sonra Nazirlər Kabinetini yenidən formalaşdıran ölkə prezidenti mütəmadi apardığı kadr yeniləşməsinin tərkib hissəsi olaraq, bir neçə qurumun rəhbəri ilə yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrini də dəyişdi. Bu postda Nazim İbrahimovu Milli Məclisin Gənclər və İdman komitəsinin sədri (artıq keçmiş – M.A.) Fuad Muradov əvəzlədi.
2018-ci ildə Azərbaycan diasporu ilə bağlı ən çox müzakirə olunan hadisələr bu dəyişikliklə bağlı olanlar oldu.
Yeni nəfəs, yeni hədəflər…
İnsafən, F. Muradov işə optimist başladı. Komandasını yanına alıb strateji əhəmiyyət daşıyan ölkələrə – Fransaya, Almaniyaya, Niderlanda, Ukraynaya, Rumıniyaya, İsveçə və ABŞ-a ardıcıl səfərlər edərək, azərbaycanlılarla görüşdü, bu ölkələrdə diaspor təşkilatlarının Koordinasiya Şuralarının yaradılması barədə qərarlar qəbul edildi. Küsənlər barışdı, hətta küsülü olmayanlar da həvəsə gəlib barışıq tədbirləri keçirdi. Təki həmişə belə olsun. Axı dünyada azərbaycanlıların bir araya gəlməsindən gözəl nə ola bilər ki?
Hərçənd, sadalanan ölkələrin hamısında bu şuralar yaradılıb başa çatmadı. Məsələn, Ukraynada bu proses nədənsə uzanır. Ümumiyyətlə, bu ölkədəki diaspor dərdimiz böyükdür, burada azərbaycanlılar arasında vurnuxan o məşum “pişik” hələ də sakitləşmir. Baxmayaraq ki, Ukraynada yaşayan azərbaycanlılar, bu ölkədə Azərbaycan diasporunun potensialı hələ uzun illər əvvəl nümunəvi olub. Hətta lobbiçilik imkanı da var buradakı azərbaycanlıların potensialında…
Səfərlər bitdi, görək nəticəsi necə olacaq. Ümid edək ki, sözgedən ölkələrdə azərbaycanlıları özündə birləşdirən koordinasiya şuraları ona qədər eyni niyyətlə fəaliyyət göstərən konqreslərin bütün mənalarda təkrarı olmayacaq. Və bir müddətdən sonra da bu ölkələrdəki azərbaycanlıları başqa adla özündə birləşdirəcək birliklərin yaradılmasına ehtiyac qalmayacaq. Bir sözlə, başımız yeni birliklərin adlarına yox, Azərbaycanın birgə və yeni fəaliyyətinə qarışacaq – ümid edək…
Bir sıra ölkələrin təcrübəsi göstərir ki, dövlətin öz xarici siyasətini uğurla həyata keçirməsi üçün diasporun rolu əhəmiyyətli dərəcədə yüksəkdir. Bir xalqın dünyada güclü diaspora malik olması beynəlxalq qurumlarda həmin dövlətin xeyrinə qərarların qəbul edilməsində, digər dövlətlərin qeyd olunan dövlətə loyal münasibət sərgiləməsində mühüm əhəmiyyət kəsb edir. Yəni, dövlət digər dövlətlərin daxilində müəyyən rıçaqlara sahib olur ki, bu da öz növbəsində, xarici siyasətin hədəflərə çatmasında effektiv rol oynayır. Yəni nəinki diasporda cəmləşən azərbaycanlılar və bu sahəyə məsul şəxslər, ümumiyyətlə, xaricdə yaşayan, Vətənə bağlı hər bir insan bu məsuliyyəti dərk etməlidir.
Yunanların qədim məsəlində deyildiyi kimi, “başqa torpaqlarda ən zəngin də olsan, doğulduğun torpaqlarda yoxsansa, sən yoxsan…”
Bu gün dünyada artıq ikinci və ya üçüncü nəsil azərbaycanlılar yetişir. Onlar artıq tarixi vətəndə doğulub gedənlər deyil, yaşadıqları ölkənin sakinləridir. Bu sıraya uzun illərdir yaşadığı ölkənin cəmiyyətinə qaynayıb-qarışan, o ölkənin artıq xeyli zamandır vətəndaşı olan azərbaycanlılar da daxildir. İnteqrasiyada isə ikinci, üçüncü nəsil azərbaycanlıların rolundan yararlanmaq üçün yeni yanaşmalar tələb edir. Məsələn, Azərbaycan həqiqətlərinin yayılması yollarının ideya müəllifliyini onların üzərinə buraxmaq kimi…
Yeri gəlmişkən, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov deyir ki, 2018-ci il onlar üçün ümumilikdə müsbət hadisələrlə yadda qalıb: “İlk novbədə bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında uzun zamandır davam edən fikir ayrılıqlarina son qoyuldu. Bildiyiniz kimi Diaspora Komitəsinin yeni rəhbərliyinin, şəxsən cənab Fuad Muradovun təşəbbüsü və iştirakı ilə Ukraynada fəaliyyət göstərə diaspor təşkilatlarının birgə fəaliyyəti haqqında razılıq əldə olundu, İşçi qrupu yaradıldı. Əlbəttə, bu bizim üçün əlamətdar hadisədir. Biz Ukraynada yaşayan azərbaycanlılar hər zaman olduğu kimi yola saldığımız 2018-ci ildə də Vətənimiz Azərbaycanın təbliği istiqamətində fəaliyyətimizi davam etdirmişik”. H.Cavadov bildirir ki, 2019-cu ildə də gözləntiləri böyükdür: “Əvvəla, Ukraynada yaşayan azərbaycanlıların vahid təşkilat halında birləşdirilməsinə çalışacağıq. Eyni zamanda bu ölkədə yaşayan azərbaycanlıların Ukrayna cəmiyyətinə daha sıx inteqrasiyasına səy göstərəcəyik. Həmçinin, dünyada yaşayan azərbaycanlılarla qarşılıqlı əməkdaşlıq çərçivəsində yaşadığımız ölkələrdə Azərbaycanın turizm potensialını təbliğ edəcək, Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri ictimailəşdirəcəyik. Artıq, bu istiqamətdə bir neçə Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlıq Memorandumu imzalamışıq”. UABD sədri Diasporla iş üzrə Dövlət Komitəsində yeni yaradılan elektron imkanlar vasitəsilə davamlı video-disskusiyaların keçirilməsini arzu etdiyini bildirib: “Bu disskusiyalar vasitəsilə daha çevik və koordinasiya olunmaqla məqsədlərimizə daha tez çata bilərik. İnternet resurslarımızın yerli dillərdə olan variantlarını hazırlamaqla yaşadığımız cəmiyyətlərə daha tez inteqrasiya ola bilərik. Bundan başqa əyalətlərdə “Azərbaycan dili” məktəblərinin keyfiyyətini və dinləyicilərin sayını artırmağı düşünürük. Elektron və klassik təbliğat vasitələrimizin davamlı fəaliyyətini təmin etməyi düşünürük. Rus və ingilis dillərində sosial şəbəkələr vasitəsilə yalnız Azərbaycanın təbliği, cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin prioritetlərini ictimailəsdirməkdə davam edəcəyik”. H.Cavadov 2019-cu il planları sırasında Ukraynanın müxtəlif ali məktəblərində təhsil alan tələbələrlə mütəmadi görüşlərin təşkilinin də daxil edildiyini vurğulayır: “Bilirsiniz ki, Ukraynada yaşayan azərbaycanlıların böyük bir hissəsinin telefon məlumat bankını yaratmışıq. Bu iş hər gün davam edir. Azərbaycan günləri və keçirilən tədbirlərlə bağlı bütün məlumatlar telefon məlumat bankı vasitəsilə soydaşlarımıza çatdırılır”. UABD sədri planlaşdırılan bütün islərin Diaspora Komitəsi ilə koordinasiya şəkilində həyata keciriləcəyini planlayır.
Skandinaviya torpaqlarından İsveçdə “Azərbaycan Naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrand isə bildirir ki, yaşadığı ölkədə 2018-ci il diaspor üçün zəngin keçib: “İlin əvəlində ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı İsveçdə beynəlxalq Qızıl Aypara Cəmiyyətinə müraciət etdik, ardınca orada görüşlər keçirdik. Bundan başqa 20 yanvar, Xocalı soyqırımı kimi xüsusi günlərimizi İsveçdə yüksək səviyyədə təbliğat formatında qeyd etdik. Bu işdə Azərbaycanın İsveçdəki səfirliyi bizə yaxından dəstək olub. Bundan başqa, Azərbaycanın Füzuli rayonunda ermənilərin artileriya hücumu nəticəsində qətlə yetirilən azərbaycanlılar 2 yaşlı Zəhra və nənəsi ilə bağlı İsveçdə yerləşən beynəlxalq qurumlara müraciət edərək, görüşlər keçirmişik. Bundan başqa, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin keçirdiyi bir sıra tədbirlərdə iştirak etmişik. Yeni sədr təyin olunan Fuad Muradovun dəstəyi ilə Skandinaviya Koordinasiya Şurası yaradıldı və İsveçdə fəaliyyət göstərən bir çox təşkilatlar bu şuranın ətrafında birləşib. Bu baxımdan qarşıdan gələn 2019-cu ili İsveçdə təşkilatlararası əməkdaşlıq ili olması ümidindəyik”- deyə, diaspor rəhbəri vurğulayıb.
Digər söhbət etdiyimiz bəzi ölklərdəki diaspor rəhbərləri də bir-iki narazılıqlarını xatırlatsalarda olduqca optimist ruhdadırlar.
Əl-ələ, çiyin-çiyinə…
Başqa bir məqam. Dünyadakı azərbaycanlıların fəaliyyətində çox vaxt həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizlə anlaşılmaz münasibətlərin şahidi oluruq. Bu amil yuxarıda sadalanan niyyətlərin hasil olmasına ən ciddi maneələrdən biridir. Bu istiqamətdə son vaxtlarda gələn ən xoş xəbər o oldu ki, Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında xaricdəki azərbaycanlıların fəaliyyəti üzrə əməkdaşlıq barədə birgə rəsmi bəyanat qəbul olunub. Səfirliklərə qarşılqılı əməkdaşlıqla bağlı təlimat məktubları göndərildi.
Yeri gəlmişkən, hazırda təmsil olunduqları ölkələrdə azərbaycanlıların rəğbətini qazanan, həmyerlilərimizin vahid hərəkatına dəstək olan səfirliklərimiz də az deyil. Moldova, Qazaxıstan, Belçika Krallığı, Latviya, Estoniya, Litva, Rumıniya, Fransa, Almaniya, Türkiyə və sair ölkələrdəki səfirlikləri nümunəvi olaraq buna misal göstərə bilərik. Amma təəssüf ki, bəzi ölkələrdəki səfirliklərimiz barədə bunu söyləmək çətindir. Bu məsələnin də müsbət həllini tapacağına ümid çoxdur; prinsipcə, azərbaycanlıların bir-biri ilə anlaşa bilməyəcəyi heç nə yoxdur.
 
Ümidlər ili
Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, bu bölgədə müstəqilliyi qoruyub saxlamaq və hətta bu formada inkişaf modelini əldə etmək azərbaycanlılar üçün tarixi fürsətdir. Buna dəyəcək istənilən zərər, hansı ölkədə yaşamasından asılı olmayaraq, tarixi Vətəninə bağlı olan istənilən azərbaycanlıya dəyəcək zərərdir.
Müasir dünyada informasiya müharibəsində ilk hədəflərdən biri dövlətin müsbət imicinin qorunması və gücləndirilməsidir. Azərbaycanın, onun dövlətçiliyinin və dövlət atributlarının əleyihinə səslənən istənilən fikir bütövlükdə azərbaycançılıq anlayışına zərbədir.
İnanırıq ki, dünyadakı azərbaycanlılar 2019-cu ildə qarşılıqlı itttihamlara son qoyub, ölkəmizə, xalqımıza, cəmiyyətimizə və dövlətimizə yönəlmiş təhdidlərə qarşı immunitet nümayiş etdirə biləcəklər…
Həmrəylik bayramımız mübarək!
(report.az)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …