Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “Gördüm, əmim atamı belə vurdu, “tak”” – 3 yaşlı Adəm qətldən danışdı

“Gördüm, əmim atamı belə vurdu, “tak”” – 3 yaşlı Adəm qətldən danışdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürüb, öz arvadını yaralamaqda təqsirləndirilən Azad Rəşidzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Azad Azərin uşaqları – azyaşlı oğlu Adəmi və qızı Aysunu öldürməyə cəhd edib. Sonra qardaşının arvadı Xəyaləyə yumruq atıb. Sonra evə qalxaraq tüfəngdən havaya güllə atıb, qardaşı Azər etiraz etdikdə əsəbləşib onu vurub. Azər yerə yıxılıb, Azad yenə onu vurmaq üçün tüfəngi ona tərəf tutub, öz arvadı Möminə “Azər öldü daha, yalvarıram bəsdi” deyərək lülədən tutub. Azad atəş açaraq arvadını qolundan yaralayıb. Sonra yerdə yatan yaralı qardaşının başına təpik vurub.

Təqsirləndirilən A.Rəşidzadə özünü qismən təqsirli bildiyini deyib: “Mən qardaşımı bilərəkdən öldürməmişəm. Özümü itirmişdim, qorxdum, güllə atdım, dəydi”.

A.Rəşidzadə sərbəst ifadə verərək hadisənin necə baş verməsini danışıb: “Mən Rusiyadan bacım oğlunun toyuna gəlmişdim. Hadisənin səhəri günü qayıtmalı idim. Rəhmətlik anam dedi ki, qardaşınla arvadı arasında dava düşür, bunlara məsləhət ver. Gəlinə yaxınlaşıb dedim belə etməyin. Qab-qaşığı yerə töküb qışqırdı, gedib qardaşımı çağırdı. Bu vaxt qardaşım küçədən söyüş söyərək üstümə gəldi. Onun həmişə üstündə bıçaq olurdu, qorxdum məni vurar. Qardaşım əvvəllər də atamı-anamı döyürdü, valideynlərim ondan polisə şikayət etmişdi, o, türmədə də olub. Onu qorxutmaq üçün tüfəngə əl atdım. Havaya güllə atdım, uşaqlar da küçədə idi. Arvadım qardaşımın qabağına keçdi, özümü itirdim, yerə güllə atmaq istədim, qardaşıma dəydi. Amma mən onu öldürmək istəmirdim. Üç uşağım var”.

Zərərçəkmiş, mərhum Azər Rəşidzadənin hüquqi varisi Xəyalə Rəşidzadə A.Rəşidzadənin yalan danışdığını, onun cinayəti tək törətmədiyini deyib.

A.Rəşidzadə suallara cavab verərkən hadisə günü həmin tüfənglə ov etdiyini deyib.

Xəyalə Rəşidzadə hadisə baş verən zaman gün Möminənin onlara gəlib çörək qabını axtardığını, tapa bilməyəndə onları təhqir etdiyini deyib: “Mən dedim niyə söyürsən. Azad əlində tüfənglə üstümə gəlib “sizi öldürəcəyəm” deyib başımın üstündən güllə atdı. Qorxub küçəyə qaçdım, Azər gəldi. Azad ərimi güllələdi, uşaqlarım atasının yanına gəldi. Atalarının vurulmasını gördülər. Azad tüfəngi uşaqlara tuşladı, bu vaxt Möminə əlini tüfəngin qabağına verdi. Azad arvadının əlinə dəyəndən sonra əsəbləşib gedib Azərin sifətini təpiklədi, burnunu sındırdı. Həmin gün Azad ova getməmişdi, bizim evin bölüşdürülməsi ilə bağlı mübabisəmiz vardı. Azad da ona görə məhkəməyə getmişdi. Azadın qayınatası toy gecəsi Azəri tutdurmaq üçün plan qururdu”.

Azad Rəşidzadənin həyat yoldaşı Möminə İbadova deyib ki, Xəyalənin onu təhqir etməsi davaya səbəb olub:

“Azər Xəyaləni incidirdi, ona görə Xəyalə onun ölməyini istəyirdi. Azad heç mənim əlimi tüfəngin qabağına tutduğumu bilmirdi. Atəş açdı, mənim barmağıma, sonra da Azərə dəydi. Azad özünü Azərdən müdafiə etmək istəyirdi. Azər əlində bıçaqla onun üstünə gəlirdi”.

3 yaşlı Adəm məhkəmədə dindirilib. Həbsdə olan əmisini göstərək “o pisdi” deyib: “Əlində güllə vardı, atamı vurdu. Gördüm, belə vurdu “tak”. Mən maşının dalında idim. Ana, orda sən idin, mən idim, başqa heç kim”.

X.Rəşidzadə 5 yaşlı qızı Aysunun məhkəmədə iştirak etməyəcəyini deyib: “O psixoloji travma alıb, hələ də özünə gəlməyib”.

Şahidlər Növrəstə İbadova və Vüsal İbadova ifadə verərək istintaqa ifadələrini təsdiqlərini deyiblər

“Ovçular” silah mağazasının rəhbəri Durasan Əsgərov deyib ki, Azad Rəşidzadə ondan silah alıb: “Silan sənədsiz olub. Daxili İşlər Nazirliyinin işçisi bizdən pulu, sənədləri alıb, amma rəsmiləşdirilməyibmiş. Rəhbərliyə müraciət etdik, tədbir gördülər”.

Məhkəmə prosesi dekabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu il iyunun 7-də Şamaxı rayonunda baş verib. Uzun illərdir ki, Rusiyada yaşayan 1971-ci il təvəllüdlü Azad Rəşidzadə bu günlərdə bacısı oğlunun toy mərasimində iştirak etmək üçün Şamaxıya gəlib. O, ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı 1967-ci il təvəllüdlü Azər Rəşidovu güllələyərək qətlə yetirib. A.Rəşidzadə onun qarşısını kəsmək istəyən həyat yoldaşı 1982-ci il təvəllüdlü Möminə İbadovaya da atəş açaraq onu qolundan yaralayıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın