Dünyanın Qüds düyünü – ARAŞDIRMA

Qüds və ya Yerusəlim duyanın ən qədim şəhərlərindəndir. Qüds müsəlman, yəhudi və xristianlar tərəfindən müqəddəs sayılan yerlərə sahibdir. Məsələ ondadır ki, Qüds hər 3 səmavi dinin beşiyi hesab olunur. Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri Həram əs-Şərif məscidinin yerləşdiyi müqəddəs məbədgah kompleksidir. Buraya, İslam dünyası üçün əhəmiyyətinə görə 3-cü ibadət yeri sayılan əl-Aqsa məsçidi də daxildir. Sünnü İslamda Qüds Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhərdir. Bundan başqa, sözügedən şəhərdə yəhudilərin ən müqəddəs saydığı Ağlama Divarı və xristianların Müqəddəs Məzar Məbədi yerləşir.

Dekabrın 6-da ABŞ prezidenti Donald Trampın bütün dünyanı qarşısına alaraq Qüdsü İsrailin paytaxtı kimi tanıması onsuz da gərgin olan hazırki beynəlxalq münasibətləri bir az da dramatikləşdirir. Yaxın Şərqdə böyük dövlətlərin geosiyasi mübarizəsinin kəskinləşdiyi, “Ərəb baharı”nın çox ciddi mənfi fəsadlara yol açdığı, Suriyada Əsəd hakimiyyətini devirmək istəyinin iflasa uğradığı və bütün bunların fonunda Birləşmiş Ştatların müsəlman dünyasında nüfuzunun zəiflədiyi bir dövürdə Trampın məhz indi belə bir addım atması hamını təəccübləndirir. Baxmayaraq ki, Tramp seçki kampaniyası dövründə Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını vəd etmişdi. Ancaq zaman-zaman prezidentliyə namizədlər seçki kampaniyası dönəmində müxtəlif vədlər versələr də, seçiləndən sonar bəzilərini unudurlar. Tramp isə verdiyi vədi unutmadı…
Qədim şəhərlərdən olan Qüdsün tarixinə baxsaq görərik ki, ora müxtəlif imperiyaların tərkibində olub. Qüds Roma imperiyası, Ərəb xilafəti, Bizans imperiyası tərkibində olub. On ikinci əsrdə müəyyən müddət Səlcuqların da təsiri altında olub. Üç din üçün müqəddəs olan bu şəhər bir sıra müharibələrə səbəb olub. 1099-cu ildə başlayan Birinci Xaç yürüşlərində əsas məqsəd məhz Qüds şəhərini ələ keçirmək olub. Ən nəhayət 1517-ci ildən 1917-ci ilədək şəhərə Osmanlı imperiyası nəzarət edib. Osmanlının 400 illik hakimiyyəti dövründə şəhərdə inkişaf, sabitlik olub. Bütün dinlərdən olan insanlar üçün normal şərait yaradılıb. Osmanlı imperiyasının Birinci dünya müharibəsində süquta uğraması nəticəsində Böyük Britaniya Fələstin ərazisini işğal etdi. İngiltərə 1-ci dünya müharibəsində Fələstin torpaqlarının bir hissəsini Osmanlıdan qopardı. 1917-ci ildə İngiltərə xarici işlər naziri Artur Balfor Fələstində Yəhudi Evi yaradılması barədə rəsmi bəyanat verdi. Bununla da Fələstin İngiltərənin nəzarəti altına keçdi. İsrail dövlətinin yaradılması istiqamətində iş başladı. 1930-cu ildə Almaniyada anti-yəhudi meyllər gücləndiyi zaman İngiltərə Fələstinə yəhudi mühacirətini sürətləndirdi. Çünki Avropanı bürüyən anti-semitizm nəticəsində yəhudilərin çoxu İngiltərədə məskunlaşırdı. Bu da Böyük Britaniyanı narahat edirdi. 1936-cı ildə ərəblər İngiltərənin siyasətlərinə qarşı ayağa qalxdılar. 1937-ci ildə İngiltərənin himayəsi ilə ilk yəhudi silahlı dəstləri yaradıldı.

Beləliklə 1947-ci il noyabr ayının 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar çıxartdı. Qərara əsasən Fələstinin 54 faizi yəhudi, 45 faizi isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan 1 faizi ərazi isə beynəlxalq ərazi оlmalı idi. Yəhudilər 1948-ci il may ayının 14-ü müstəqil İsrail dövlətinin yaradıldığını elan etdilər. Ancaq bundan fərqli olaraq Fələstin dövlətinin yaradılmasına imkan verilmədi. Digər tərəfdən o vaxt SSRİ-nin rəhbəri olan Stalinin də İsrail dövlətinin yaradılmasına razılıq verməsi proseslərin sürətlə yəhudilərin xeyrinə dəyişməsinə şərait yaratdı. Qüdsün statusu Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində səylərin əsas nöqtələrdən biridir. Fələstinin yəhudi və ərəb dövlətləri arasında bölünməsinə dair BMT-nin 1947-ci il tarixli planına əsasən, Qüdsə xüsusi status verilib, o, beynəlxalq suverenlik və nəzarətə alınıb. Xüsusi status Qüdsün üç din üçün əhəmiyyətinə əsaslanır. Ancaq bütün bunlar o dövürdə nəzərə alınmadı. 1948-1949-cu illərdə baş verən Ərəb-İsrail müharibəsində yəhudilər ərəbləri məğlub etdilər. Nəticədə İsrail Qüdsün qərbini ələ keçirdi. 1949-cu ildən İsrail Qüdsü paytaxt elən etdi. 1967-ci ild baş verən məşhur Altı günlük müharibə zamanı Qüdsün qərb hissəsini də işğal etdi. 1980-ci ildə qəbul edilmiş İsrailin əsas qanununda Qüds (yəhudilərin təbirincə Yerusəlim) ölkənin bölünməz paytaxtı kimi qeyd edilir. Buna cavab olaraq, BMT Təhlükəsizlik Şurası 1980-ci ildə 478 saylı qətnamə qəbul edərək, bu qanunu etibarsız sayıb. Knesset, prezident və baş nazirin iqamətgahları və Ali məhkəmə də daxil olmaqla, İsrailin bütün əsas dövlət orqanları Yerusəlimdə yerləşir. Beynəlxalq ictimayətin Qərbi Qütsün anneksiyasını qeyri-qanuni hesab edərək, həmin ərazini Fələstin dövlətinin işğal edilmiş torpaqları kimi qəbul etməsinə baxmayaraq, İsrail buna məhl qoymur. Beynəlxalq ictimayət şəhəri İsrailin paytaxtı kimi tanımadığına görə, şəhərdə heç bir dövlətin səfirliyi yoxdur. İsrailin yurisdiksiyası və Qüdsün onun mülkiyyəti olması, Birləşmiş Ştatlar da daxil olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Təbii ki, Tranpın son qərarına qədər.

Maraq doğuran məsələlərdən biri də odur ki, bundan sonra vəziyyət necə olacaq? Dünya dövlətlərinin Trampın qərarına ilkin reaksiyası mənfidir. Bir sıra aparıcı dövlətlər ABŞ-ın bu addımını mənfi qarşılayıb. Çox güman ki, Yaxın Şərqdə bundan sonra vəziyyət bir az da mürəkkəbləşəcək. Bölgədə geosiyasi marağı olan dövlətlər yaranan narazılıqdan mümkün olduğu qədər Birləşmiş Ştatlara qarşı istifadə etməyə çalışacaqlar. Bütün bunlarla yanaşı, dünyada ikili standartların hökm sürdüyünü nəzərə alsaq, baş verənlər həm də geosiyasi alver üçü mümbüt xammaldır. Zatən tarixdə zaman-zaman bənzər situasiyalar yaşanıb…

Vidadi ORDAHALLI
Azinforum.az