Bazar , Sentyabr 23 2018
Ana səhifə / Araşdırma / Deputat oğlunun adamları İbrahimovu tutub, bağ evinə niyə aparıblar? – TƏFƏRRÜAT

Deputat oğlunun adamları İbrahimovu tutub, bağ evinə niyə aparıblar? – TƏFƏRRÜAT

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Zərərçəkmişlərdən biri deputat oğludur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası hakim Rahib Salmanovun sədrliyi ilə davam etdirilib.

Bu gün baş tutan məhkəmə prosesində deputat Elmira Axundovanın oğlu Həbib Axundov zərərçəkmiş qismində ifadə verib. Həbib Axundov istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.

O, deyib ki, bu iş üzrə digər zərərçəkmiş Fərman Məmmədovdan iş qurmaq adı ilə pul alıb. Həmin pulu da Elnur İbrahimova verdiyini deyib: “450 min manat pul aldım. Həmin məbləğə zamin durdum. Fərman Məmmədovun Elnur İbrahimova verdiyi 140 min manatdan isə xəbərsizəm. Həmin pulu mən olmadan verib. Ona isə 125 min manat pul qaytarmışam”.

Məhkəmədə zərərçəkmiş Fərman Məmmədov isə deyib ki, H.Axundova biznes qurmaq adı ilə ümumilikdə 575 min manat pul verib, amma sonradan pulunu ala bilməyib.

“Bundan sonra Həbib Axundov mənə zəng edib, adamlarının Elnur İbrahimovu tutub Şüvəlandakı bağ evinə apardıqlarını dedi. Həbib mənim də ora gəlməyimi istədi. Orada Elnur kimlərdən pul aldığını etiraf etdi. Bir gün sonra Elmira Axundova mənə zəng edib, Elnurla danışdığını və digər şəxslərlə də razılığa gəlindiyini dedi. Məndə onun səs yazısı da var” – deyən F.Məmmədov dəymiş ziyanı Həbib Axundovdan tələb etdiyini bildirib.

F.Məmmədov söyləyib ki, bu işdə Elnurla yanaşı Həbibin də günahı var: “Mən istintaqdan narazıyam. Çünkü Elnur İbrahimovla bərabər Həbib Axundov da təqsirləndirilən şəxs qismində tanınmalı idi. Elnur İbrahimov həbs edilənə qədər ona Həbib Axundovun ailəsi tərəfindən himayədarlıq edilirdi”.

Zərərçəkmişin Məmmədov dəymiş zərərdən 250 min manat pulun deputat E.Axundova tərəfindən ona qaytarıldığını söyləyib. H.Axundov səhhəti ilə bağlı ölkə xaricinə gedəcəyini və əməliyyat olunacağını məhkəməyə bildirib.

Elnur İbrahimov ittihamla özünü təqsirli bilmir. Deyir ki, 2007-2009-cu illərədək “İntelekt” MMC-də kuriyer və satış meneceri, daha sonra isə “OfisOne” şirkətində satış meneceri işləyib. O, ifadəsində göstərib ki, müxtəlif şirkətlərdən nisyə mal alaraq satmağa başalyıb.

Müxtəlif şəxslərdən əvvəlcə xırda məbləğlər alaraq iş görən E.İbrahimov onlara qısa zamanda qazanclar da qaytarıb. Bu işlər bir müddət davam etdikdən sonra Elnur İbrahimov daha çox qazanc əldə etmək üçün işlədiyi şəxslərdən böyük məbləğlərdə borclar almağa başlayıb.

İttihama görə, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov və digərlərindən biznes qurmaq adı ilə ümumilikdə onların 1 milyona yaxın pulunu alıb.

Bu işdə deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş kimi tanınır. Məlumata görə, E.İbrahimovla deputatın oğlu dost olub. Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib. Onu da qeyd edək ki, zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova veriblər.

Həmçinin oxuyun

CAHANGİR ƏSGƏROV AİLƏ HOLDİNQİNİN RƏHBƏRİNİ DƏYİŞDİ – AZAL prezidentindən 400 milyon tələb olunur

  “Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov vəzifəsindən azad edilib. Bu haqda “AzPolitika.info”ya özəl …