Ana səhifə / Araşdırma / Daşınmaz əmlak sığortası: Mənzillərimizi bədbəxt hadisələrdən necə sığortalayaq?

Daşınmaz əmlak sığortası: Mənzillərimizi bədbəxt hadisələrdən necə sığortalayaq?

Gəncədə baş verən son bədbəxt hadisə daşınmaz əmlak sığortasını yenidən gündəmə gətirdi. Ümumiyyətlə, ölkəmizdə sığorta xidmətlərinin aşağı keyfiyyətindən çoxları narazıdır. Sığorta şirkətləri öncədən bir sıra vədlər versələr də, bədbəxt hadisə baş verdikdən sonra ödəniş etməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar. Azərbaycanın sığorta bazarı nəinki inkişaf etmiş ölkələrin, hətta bəzi postsovet ölkələrinin belə sığorta bazarları ilə müqaisəyə gəlmir.

İqtisadçı ekspert Vüsalə Əhmədova musavat.com-a açıqlamasında bildirdi ki, ödənilən sığorta məbləğinə hazırki bazar qiymətləri ilə mənzil almaq mümkün deyil: “Qanunvericiliyə müvafiq olaraq, Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, illik sığorta haqqı 50 manat təşkil edir. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində bu məbləğ 20.000 manat, illik sığorta haqqı isə 40 manatdır. Digər şəhərlərdə və yaşayış məntəqələrində isə daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, illik sığorta haqqı 30 manat nəzərdə tutulur. Əlavə risklər adətən 0,1% səviyyəsində qiymətləndirilir. Bu faizlər əmlakın ümumi dəyərinə əlavə edilir. Məsələn, əgər sizin eviniz 100.000 manat dəyərindədirsə və risklər 0.25% səviyyəsində qiymətləndirilmişsə, bu zaman illik sığorta haqqı 250 manat təşkil edəcək. Lakin əmlakın yerləşdiyi yerə görə risklər daha yüksək faizlə qiymətləndirilə bilər.

Ümumiyyətlə, sığorta məbləği nədir? Sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik və ya müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Məsələn, Bakı şəhərində yerləşmiş hər hansı bir daşınmaz əmlaka sığorta məbləğindən – 25.000 manatdan çox ziyan dəyərsə belə sığortaçının ödəyəcəyi maksimal məbləğ 25.000 manat təşkil edəcək, çünki sığorta məbləği sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddidir. Bu məbləğə isə nəinki Bakıda, heç ətraf ərazilərdə də mənzil almaq mümkün deyi”.

Ekspertin sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası aşağıda qeyd olunan hallarda tətbiq olunur: “Daşınmaz əmlakın icbari sığortası yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri ilə bağlı zərərlərin əvəzinin ödənilməsinə təminat verir”.

Xarici ölkələrin bu sahədəki təcrübəsinə toxunan V.Əhmədova ölkəmizdə sığorta haqlarının nisbətən baha olduğunu diqqətə çatdırdı: “Qonşu Türkiyədə DASK adlandırılan “məcburi zəlzələ sığortası” mövcuddur ki, binanın yalnız zəlzələ riskinə qarşı sığortalanmasını təmin edir. İcbari “daşınmaz əmlak sığortası” isə yanğın, su basma, oğurluq halları da daxil olmaqla bir çox zərərlərdən sığortalanmanı təmin edir. Təqribən 30.000 manat dəyərində olan bir daşınmaz əmlak üçün bu ölkədə illik sığorta haqqı 35 manat, 40.000 manat dəyərindəki daşınmaz əmlak üçün 50 manat, 50.000 manat dəyərindəki daşınmaz əmlak üçün 65 manat, 55.000 manat dəyərindəki daşınmaz əmlak üçün 80 manat, 65.000 manat dəyərindəki daşınmaz əmlak üçün isə 100 manat təşkil edir. Bu məbləğlər şirkətdən şirkətə və ya insanların şəxsi istəyinə görə dəyişməkdədir.
ABŞ-da toplanmış sığorta haqlarına görə daşınmaz əmlak sığortası yalnız avtomobil sığortasından geri qalır. Hələ 1997-ci ildə bu sahə üzrə ümumi yığım 29,14 milyard dollar təşkil edib. Bu ölkədə sığorta polisi sığortalanmış risklərin yüksək səviyyədə unifikasiyasına malikdir. Ölkə üzrə (Texas əyalətindən başqa) cəmi yeddi əsas növ sığorta polisi istifadə olunur. Bu standart vasitələrlə daşınmaz əmlak sahibinin və ya icarəçinin fərdi sığortası həyata keçirilir. Sığortaçı tərəfindən ən çox irəli sürülən əlavə şərtlərə, polisin dəyərinin cüzi artımasına səbəb olan inflyasiya həddi, o cümlədən “françayzinq” yəni, sığortaçı tərəfindən müstəqil olaraq ödənilən zərərin minimal səviyyəsi aid edilir. Ən çox yayılmış françayzinqlər 250, 500 və 1000 dollar təşkil edir. Sığortaçı üçün françayzinq çox cəlbedicidir, çünki sığorta tarifinin 20-30 faizi azaldılmasına imkan verir. Evə əlavə olaraq qaraj və hovuz kimi müstəqil tikililər evin dəyərinin 10 faizi həddində, yaşıllıq ərazilər isə evin dəyərinin 5 faizi həddində sığortalana bilir. Məsələn, kiçik sahibkarlar və ya peşə sahibləri tərəfindən iş yeri kimi istifadə olunan daşınmaz əmlakların sığortası digər tariflər və polislər çərçivəsində sığortalanır. Bunun səbəbi olaraq isə, bu cür mənzillərdə xüsusi qurğuların və avadanlıqların mövcudluğu, eləcə də üçüncü şəxslərin belə ofis-mənzillərə daha rahat daxil olması göstərilir”.

İqtisadçının sözlərinə görə, ABŞ-la yanaşı Qərbdə də sığortası olmayan mənzil nə alqı-satqıda, nə də kirayə bazarında iştirak edə bilmir: “İstər ABŞ və istərsə də Qərb ölkələri vətəndaşlarında illərdir ev sığortasına bir növ refleks inkişaf etmişdir. Bu yalnız, həmin bölgələrdə tayfun və qasırğaların tez-tez baş verməsi ilə səciyyələndirilmir. Demək olar ki, bütün mənzillər hissələrlə satın alınır və kredit üçün məcburi şərtlərdən biri də alınacaq ev və ya mənzilin sığortalı olmasıdır. Dşınmaz əmlakın sığortası isə, müştərinin yalnız ehtiyat risklərdən deyil, həmçinin bütün mümkün fəlakətlərdən sığortalanması üçün yaxşı bir vasitədir. Bu ölkələrdə ev avadanlıqları və zərgərlik məmulatlarının əlavə sığortası, müxtəlif bədbəxt hadisələr və hətta kredit kartı sığortası üzrə sığorta polisləri də təklif olunur”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …