Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Dələduzluqda suçlanan diaspor lideri: “Katibəm qorxusundan az qala uşaq salacaqdı…”

Dələduzluqda suçlanan diaspor lideri: “Katibəm qorxusundan az qala uşaq salacaqdı…”

Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk vilayəti üzrə şöbəsinin rəhbəri, biznesmen İslam Hüseynov avqustun 25-də onun ofisində OMON-un iştirakı ilə aparılan axtarış zamanı hamilə katibəsinin “bərk qorxduğunu” bildirib.

Virtualaz.org saytı Ulyanovsk regional KİV-lərinə istinadən xəbər verir ki, axtarış zamanı ofisdə diaspor rəhbərinin Anna adlı katibəsi və bir də mühasibi olub.

“Katibəm OMON-çulardan qorxub, hamilə olduğu üçün halı pisləşib və az qala uşaq salacaqmış. Onu xəstəxanaya aparıblar, vəziyyəti orta-ağırdır”– deyə qalmaqallı iş adamı bildirib.

Xatırladaq ki, İslam Hüseynov dələduzluqda ittiham olunur. Ona qarşı cinayət işi 2014-cü ilin oktyabrında qaldırılıb. Cinayət işinin predmeti Ulyanovskda otel tikintisi adı ilə icarəyə götürülən torpaq sahəsinin saxta sənədlərlə ələ keçirilməsidir.

Lakin İslam Hüseynov iddia edir ki, ona qarşı təzyiqlər 2012-ci ildə məruz qaldığı və mühafizəçisinin ölümü ilə nəticələnən sui-qəsd cəhdinin sifarişçisinin məsuliyyətə cəlb olunması üçün apardığı mübarizə ilə əlaqəlidir.

İslam Hüseynov Rusiya azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti “Azərros”da parçalanma zamanı Abbas Abbasova qarşı çıxanlardan biridir. İslam Hüseynov “Azərros” daxilindəki çəkişmələrdə Abbas Abbasovu kəskin tənqid edib.

Onun köməkçilərindən Həsrət Həsənov isə birbaşa iddia edib ki, İslam Hüseynova qarşı qaldırılmış cinayət işində və onun ofisində aparılan axtarışda birbaşa Abbas Abbasovun əli var.

“Abbas Abbasov bura gəlib, məlum fəaliyyətə başlayandan sonra kim ona etiraz edirsə, həmin adamın ya biznesinə, ya da həyatına ciddi təhlükə yaranmağa başlayır. İslam müəllim uzun zamandır burada yaşayır və federasiya üzrə böyük hörməti var. Onun burada düşməni yox, yalnız dostları var. Ancaq Abbas Abbasovu sərt tənqid edəndən sonra ona qarşı təzyiqlər başlayıb. Xüsusilə İslam Hüseynova qarşı sui-qəsdin araşdırılmasında Abbas Abbasovun adamları hər vasitə ilə yerli istintaq məmurlarına təsir edir. Burada prokurorluqdan bir icazə kağızı alıb, OMON-u hansısa ünvana basqınına şərait yaratmaq asan işdir. Onlar da bundan istifadə edirlər ki, bizləri qorxutsnlar”-Həsrət Həsənov deyib.

Virtualaz.org

*   *   *11:48

Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə İstintaq İdarəsi yerli azərbaycanlı diasporunun lideri, Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk şöbəsinin rəhbəri İslam Hüseynovun dələduzluqda ittiham olunduğunu açıqlayıb.

Virtualaz.org saytı  xəbər verir ki, İstintaq İdarəsinin saytında yerləşdirilmiş məlumata əsasən onun barəsində cinayət işi Ulyanovsk prokurorluğu tərəfindən 2014-cü ilin oktyabrında  dələduzluq maddəsi ilə qaldırılıb.

“İstintaq materiallarına əsasən şübhəli şəxs 2011-ci ilin aprelində və 2013-cü ilin avqustunda Zasviyajsk rayonunun Şolmovo küçəsində torpaq sahəsini otel tikintisi üçün icarəyə götürüb,ancaq həmin torpaq sahəsində göstərilən obyekti tikmək niyyətində olmayıb və Ulyanovsk meriyasına sonradan torpağı öz adına keçirmək üçün saxta sənədlər təqdim edib”-açıqlamada bildirilir.

İstintaq müəyyən edib ki, saxta sənədlər əsasında meriya İslam Hüseynovla əslində qiyməti 6.5 milyon rubl olan torpaq sahəsini ona 776 min rubla satmaq barədə müqavilə bağlayıb. “Hazırda cinayətkar sxemin digər iştirakçılarının müəyyən edilməsi və Hüseynovun günahını sübut edən dəlillərin toplanması üçün istintaq tədbirləri davam etdirilir”-İstintaq İdarəsi bildirir.

Xatırladaq ki, avqustun 25-də İstintaq İdarəsinin əməkdaşları OMON döyüşçüləri ilə birlikdə İslam Hüseynovun ofisinə basqın edərək axtarış aparıb. Bu zaman İslam Hüseynov ofisdə olmayıb və Ulyanovsk vilayətinin hüdudlarından kənarda idi. Biznesmen özü axtarışı ona qarşı təzyiq kimi qiymətləndirib. Deyib ki, bu təzyiq 2012-ci ildə ona qarşı edilmiş və mühafizəçisinin ölümü ilə nəticələnmiş sui-qəsdin araşdırılması üçün apardığı mübarizə ilə bağlıdır.

Virtualaz.org saytı qeyd edir ki, İslam Hüseynov zəngin kriminal keçmişə malikdir. O, 1994-cü ildə Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirməkdə şübhəli hesab olunduğu üçün federal axtarışda olub. 2004-cü ildə qəsdən bədənə ağır xəsarət yetirmək maddəsi ilə məsuliyyətə cəlb olunub. 2006-cı ildə onun adı saxta Rusiya vətəndaşlığı almaqda keçib. Nəticədə pasportu ləğv olunub.

Hüseynovun yerli kriminal qruplaşmalarla sıx əlaqəsinin olduğu və azərbaycanlı biznesmenlərə qarşı reketlik etdiyi haqda məlumatlar da var. Ona qarşı 2012-ci ildə edilmiş sui-qəsd cəhdinin də Ulyanovskda iki azərbaycanlı kriminal qruplaşma arasında “razborka”nın tərkib hissəsi olduğu bildirilir.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın